Kokand muzeyində Azərbaycan milli stendi

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Fərqanə vilayətinin Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq muzeyində Azərbaycan əl sənətinə aid daimi stendin açılışı olub.

Kokand şəhər hakimi Maruf Usma­nov Azərbaycan və Özbəkistan arasın­da yüksək səviyyəli münasibətlər, son zamanlar inkişaf edən əlaqələrimizdən danışıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkə­zinin (AMM) direktoru Samir Abbasov “Heydər Əliyev ili” münasibəti ilə Öz­bəkistanın Kokand şəhərində yaradılan muzeydə Azərbaycan əl sənətinə dair eksponatların nümayiş etdirilməsinin milli mədəniyyətimizin geniş təbliğinə şərait yaradacağını bildirib.

Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyinin direktoru Xeyrulla Zakirov və “Hunarmand” (Əl sənəti) Assosia­siyasının Fərqanə vilayəti üzrə rəhbəri Rəsul Mirzaahmedov muzeydə yara­dılan stenddə Azərbaycanın qədim ta­rixi, zəngin mədəniyyəti, sənətkarların istedadını nümayiş etdirən əl işləri, di­gər eksponatların daim göstərilməsinin qardaşlığımızın nümunəsi olduğunu bildiriblər. 

Sonra milli stendə baxış keçirilib. Burada Azərbaycan xalçası, kəlağayı­lar, tikmə sənətinə aid işlər, ağac üzə­rində oyma ilə hazırlanan əl işləri sər­gilənir. Sərgidə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi, İmadəd­din Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. özbək dilinə tərcümə olunan əsərləri də diqqət çəkir.

Qulu KƏNGƏRLİ
XQ-nin xüsusi müxbiri

Daşkənd – Kokand

Son xəbərlər