Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.
Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb.
“İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.
Bu ölkənin TASS, “İzvestiya”, “Lenta.ru”, “Vedomosti”, “TVC”, “Qazeta.ru”, “Pofile.ru”, həmçinin bir çox digər agentlik, nəşr və telekanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş təhlil edib.
Fransanın “Lorientlejour” portalında dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fikirlərində istinadla bildirilib ki, Birləşmiş Ştatlar çox gərgin münasibətlərə malik Azərbaycan ilə Ermənistan arasında vasitəçilik rolunu oynamağa davam etmək istəyirsə, ikitərəfli əlaqələrin möhkəmliyinə zəmanət verməlidir.
“Leader-Telegram” saytında yayımlanan materialda Azərbaycan Prezidentinin Fransa və Hindistanı Ermənistana təhlükəli silahlarla təmin etməmək barədə xəbərdarlıq etdiyi diqqətə çatdırılıb.
Özbəkistanın “Daryo” portalı isə yazır ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli olmasının vacibliyinə bir daha diqqəti yönəldib.
Türkiyənin Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer verib.
“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı”.
“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.
Gürcüstanın “newsday.ge”, “interpress.ge”, “qafqazturk.com”, “24news.ge”, “realnews.ge”, “1tv.ge” televiziya kanalı dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan və gürcü dillərində silsilə materiallar dərc ediblər.
Prezident İlham Əliyevin çıxışından verdiyi materiallarda deyilir ki, Azərbaycan və Gürcüstan Avropada vahid, strateji əhəmiyyətli komandadır. Bu iki ölkə yaxın tərəfdaşlardır və onların tərəfdaşlığı enerji ilə məhdudlaşmır”.
İranın İRNA, “sahebkhabar.ir”, “snn.ir” və digər informasiya portallarında yayımlanan informasiyalarda Ermənistanla aparılan sülh danışıqlarında mövcud vəziyyətə dair Prezident İlham Əliyevin fikirləri geniş işıqlandırılıb.
XQ

