“Beynəlxalq sertifikatlı rəqəmsal müəllim”

post-img

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX Qrant Müsabiqəsi başa çatıb. Bakı şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində “Beynəlxalq sertifikatlı rəqəmsal müəllim” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.

Məclisdə rəqəmsal transformasiya şəraitində müəllimlərin kompetensiyalarının inkişaf etdirilməsinin müasir təhsil sistemində prioritet olduğu vurğulanıb. Layihə rəhbəri Aytən Bağıyeva bildirib ki, məqsəd müəllimlərin rəqəmsal savadlılıq səviyyəsini artırmaq, texnologiyadan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək və məktəbdə müasir tədris mühitinin formalaşdırılmasına dəstək verməkdir. Layihə çərçivəsində iştirakçılar beynəlxalq ICDL modulları üzrə sistemli təlimlərə cəlb olunaraq nəzəri biliklərlə yanaşı, əməli bacarıqlar da əldə ediblər.

Təlimin yekunu olaraq 30 nəfər müəllim beynəlxalq sertifikasiya imtahanında iştirak edib. Onlar uğurlu nəticə göstərərək ICDL sertifikatlarına layiq görülüblər. Layihənin təlimçisi Aygün Cəfərova və ekspert Elnurə Kazımovanın hesabatında icra mərhələləri, əldə edilən nəticələr və müəllimlərin inkişaf göstəriciləri ətraflı şərh olunub.

Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı, Təhsil İnstitutunun əməkdaşı Elnarə Ələsgərova, 36 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova, 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət və “Məktəbəqədər və Elm Təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı layihənin nəticələrini yüksək qiymətləndiriblər.

Sonda layihə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində əldə edilən nəticələr məktəbdə rəqəmsal tədris mühitinin inkişafına, müəllimlərin innovativ yanaşmalara adaptasiyasına və təhsil keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Fidan ƏLİYEVA
XQ





Sosial həyat