Erməni xalqı nəyə imkan verməməlidir?
Qondarma “erməni soyqırımı”. Ötən həftə Ermənistandakı başıpozuq kəsimin təmsilçiləri və onların xaricdəki havadarları bu saxta tarixin 111-ci ildönümünü qeyd etdilər. Nəinki qeyd etdilər, eyni zamanda, Azərbaycana və Türkiyəyə hiddət yağdırdılar. Hətta, “ənənə” halını almış hər iki ölkənin bayraqlarının yandırılması kimi sərsəm ritualın gerçəkləşdirildiyini də gördük.
Önəmli məqam qondarma “erməni soyqırımı” məsələsinə hazırkı münasibətdir. Ötən yazımızda Ermənistan XİN-in bu münasibəti ifadə edən bəyanatındakı yalanlar barədə söz açdıq. Ancaq onu da bildirdik ki, rəsmi İrəvan yaydığı sənəddə daha çox gələcəyə fokuslanır, Cənubi Qafqazı sülh və əmin-amanlıq məkanı kimi təsəvvürə gətirir. Yəni düşünmək olar ki, erməni iqtidarı dolayısıyla kif atmış “soyqırımı” məntiqindən uzaq durmağın zəruriliyini vurğulayır...
Ermənistan XİN sözügedən bəyanatı ümumi ab-havada təmsilçilik baxımından yaymışdı. O ab-hava ki, yumşaq desək, bərbaddır və başlanğıcda bu barədə söz açdıq. Əlavə edək ki, “erməni soyqırımı” ilə bağlı durumun nifrət, kin və qəzəb dilinin işə salınmasının məkrli məqsədi var. Məqsəd regional sülhə maneçilik törətməkdir. Baxın, Rusiya Prezidenti Vladimir Putin “erməni soyqırımı”nın 111-ci ildönümü ilə bağlı Kremlin saytında yayımlanmış müraciətində bildirib ki, Rusiya hələ 1915-ci ildə Böyük Britaniya və Fransa ilə birgə deklorasiyada erməni xalqına zorakılığı qınayıb, onu insanlığa və sivilizasiyaya qarşı cinayət kimi qiymətləndirib. Putin müraciətində 1995-ci ildə Rusiya Dövlət Dumasının bəyanatını da yada salıb. Söhbət “erməni soyqırımı”nın tanındığı bəyanatdan gedir. Əlbəttə, Moskvanın qondarma iddiaya münasibəti həmişə bəlli olub. Putinin rəsmi müraciətini isə yenilik saymaq mümkündür. Yeniliyin nəyə hesablandığı da məlumdur və bu barədə bir qədər ətraflı söz açacağıq.
Bəli, “erməni soyqırımı” regiondakı “erməni hekayəsi” üçün uydurulmuş dramatizm və faciə yaşantısıdır. Yəni hekayə müəllifləri belə bir yaşantı aqibətinin “vacibliyini” dərk ediblər. Özü də dərhal – 1915-ci ildə. Axı hadisə və proseslər planlaşdırdıqları “ssenari” üzrə getmişdi. “Hekayə” də hayların imperialist qüvvələrin əlində alət olmaları reallığına söykənir. O qüvvələr ki, ermənilərdən Osmanlı dövlətini zəiflətmək naminə yararlanmış, hətta bunun üçün “Hnçak” və Daşnaksütyun partiyası kimi terrorçu qurumların formalaşmasına dəstək göstərmişdilər. O qurumlar ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı daxilində ən müxtəlif fitnə-fəsadlar törətmişdilər.
Birinci Dünya müharibəsi illərində erməni millətçilərinin azğınlığı əndazəni aşdı. Müharibə şəraitində kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirməyə vaxt yox idi və dövlətin kütləvi köçürmə qərarı bununla izah edilir. Başqa yanaşma mümkün deyil.
Bəli, kütləvi köç zamanı həyatını itirənlər oldu və durumun günahı erməni millətçilərini özlərinin və onları ortaya atanların vicdanına yazılmalıdır. Yəni Putinin haqqında söz açdığı deklarasiyaya imza atanların. Real tarix budur. Saxta tarix isə özündə insan taleləri üzərində oyun oynamaq məramını daşıyır. Yəni Rusiya Prezidentinin istinad etdiyi sənəd siyasi oyun mahiyyətindən qaynaqlanırdı. O oyun ki, “erməni soyqırımı” naminə dramatizm yükü formalaşdırmaqla yanaşı, regionda türk və müsəlman düşmənçiliyi üçün motiv, qisas zəmini formalaşdırmağa hesablanmışdı.
Düşmənçilik, böyük ölçüdə türk və müsəlman dünyasını erməni amili ilə parçalamaq, onu bir-birindən ayrı salmaq məqsədi daşımışdı. Yəni Fransa, Rusiya və Böyük Britaniya 1915-ci idə müştərək deklarasiya yaymaqla, belə bir məqsədin reallaşmasına yönəlmiş, həmçinin, perspektiv hədəfləri olan oyun başlatmışdılar. Yəni “erməni kartı” imperialist qüvvələri bir araya gətirmişdi. Onlar bu “kartı” XX əsrin sonlarına doğru işə saldılar. 1988-ci ildə hay millətçiləri Qarabağ avantürasına start verdilər. Nəticədə, qəzəb və hiddət, kin və küdurətin yeni səhifəsi açıldı.
Bəli, 1988-ci ildən sonra yaşananlar da Cənubi Qafqazın erməni varlığı üçün aqibət olaraq müəyyənləşdirildi. 1992-ci ildə Xocalı soyqırımını törətdilər. Amma baxın, nə Putin, nə də bir başqası bu insanlıq faciəsi ilə bağlı müraciət yaymır. Görəsən niyə? Sualımız ritorikdir. Çünki ermənilərə Xocalı vəhşətini törətməkdə dəstəyi Rusiyanın 366-cı motoatıcı diviziyası göstərmişdi...
Dünya Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda qalmasına da, 1 milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşüb məcburi köçkün həyatı yaşamasına da, çarəsizlikdən çadır şəhərciklərində, soyuq vaqonlarda gecələməsinə də göz yumdu. Amma ötən müddətdə “erməni soyqırımı”nı xatırlayanlar oldu. Axı haqqında söz açdığımız “erməni kartı” gücünü, ümumən, türk və müsəlman düşmənçiliyi aktuallığını saxlamalı idi.
Azərbaycan 2020-ci ilin 44 günlük müharibəsindəki şanlı Zəfərlə, 2023-cü ildə lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Qarabağ avantürasına son qoydu, həmçinin imperialist güclərin 200 illik erməni planını pozdu.
***
Bu gün Ermənistan iqtidarı Cənubi Qafqazda sülh və sabitliyin yaranmasına çalışır. Əlbəttə, demək olmaz ki, baş nazir Nikol Paşinyan və komandası, sözün əsl mənasında, səmimidir. Ancaq bu komanda Ermənistanın barış naminə meydana çıxmış ən optimal siyasi qruplaşmasıdır. O qruplaşma ki, “Qarabağ hərəkatı” məntiqindən uzaqlığını bəyan edir. O qruplaşma ki, xalqı sülhə, rifaha və mehriban qonşuluğa səsləyir. V.Putinin şəxsində Rusiya dövləti isə “erməni soyqırımı”nın 111-ci ildönümü ilə bağlı müraciəti məhz belə bir durumda yayır. Bu yerdə Putinin müraciətindəki bir məqama nəzər salaq: “O illərin təqibləri və repressiyaları ermənilərin bir çox nəsilləri üçün sağalmayan yaraya çevrildi. Lakin yaşanan faciə insanları birləşdirdi və onlar ənənələrə möhkəm bağlılıq, müdriklik və cəsarət nümayiş etdirdilər”.
Hesab edirik ki, ümumən, müraciətin sentimentallığa bürünmüş ovqat yalnız keçmişi yada salmaq mahiyyəti daşıyır. Halbuki, soyqırımı cinayətlərindən sığorta naminə tarixi səbəb-nəticə əlaqəsi vurğulanmalı və gerçəklər ön planda dayanmalıdır. Yeri gəlmişkən, məlum müraciətin ən sonunda bildirilir ki, “dost erməni xalqına rifah, tərəqqi və ən xoş arzularımı bildirirəm”. Gözəl səslənir, ancaq fərqinə varılmır ki, erməni xalqının rifahına da, tərəqqisinə də maneçilik törədən amillərdən biri həm də “soyqırımı” cəfəngiyyatının özüdür.
Putin haqlıdır, o anlamda ki, imperialist qüvvələr cəfəngiyyatı sonrakı dövrün erməni nəsillərinin yaddaşında möhkəmləndirdilər. Xocalı soyqırımından söz açdıq. Saxta “soyqırımı” klişesinin siyasi məram və məqsədlərə hesablanmış təzahürünün nəticəsi idi ki, 1918-ci ilin martında bolşevik-daşnaklarla əlbir olan erməni nəsillərinin təmsilçiləri Bakıda gerçək soyqırımı törətmiş, 1915-ci ilin qisasını aldıqları ilə öyünmüşdülər. Amma bu son olmamış, üzərindən illər keçdikdən sonra tarix təkrarlanmışdı.
Deməli, 1988-ci ildə Qarabağ avantürası vüsət alanda, hay varlığı həmin ilin fevralında Sumqayıtda keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən “ssenariləşdirilmiş” erməni faciəsinin intiqamını almağa girişdi. Yəni 1992-ci ildə Xocalı dəhşətini törədənlər Sumqayıtın qisasını alırmış kimi davrandılar. Beləliklə, azərbaycanlılarda ermənilərə qarşı qəzəb və hiddət formalaşdı. Sonra yaşananlar isə bəllidir.
Sonda ümumiləşdirmə apararaq deyək ki, həm bu gün, həm də tarixdə yaşananlara soyuq başla yanaşmaq, olanlardan nəticə çıxarmaq zamanıdır. O cümlədən “erməni soyqırımı” məsələsinin mahiyyətinə obyektivlik prizmasından baxılmalıdır. Sadə ermənilər düşmənçilk ritorikasının körüklənməsinə hesablanmış müraciət və bəyanatlara əhəmiyyət verməməlidirlər.
Əlbəttə, “soyqırımı” kimi bəşəri cinayətlər unudulmamalıdır. Bu yerdə erməni hüquq müdafiəçisi Georgi Vanyan yada düşür. O Vanyan ki, baxışlarına görə Ermənistandan sürgün edilmiş, ömrünü Tbilisidə taksi sürməklə keçirmiş, koronavirus bəlasından dünyasını dəyişmişdi. O Vaynan ki, böyük üzgünlük hissi ilə ermənilərin Xocalı dəhşətinə görə azərbaycanlılardan üzr istəməli olduğunu demişdi.
Əslində, ermənilər üzrü təkcə Xocalıya görə yox, ümumən, bu coğrafiyada yaşayan xalqlara qarşı törətdikləri bütün bəd əməllərə görə istəməli, günahlarını etiraf etməlidirlər. İndi sıravi ermənilər üçün imkan və fürsət yaranıb. Erməni xalqı parlament seçkilərində sülh ritorikasına köklənmiş hakim komandaya səs verməli, keçmişin qalıqları olan və hazırda, eyni zamanda, “erməni soyqırımı” məsələsini siyasi alətə çevirməyə hazır dayanmış iblis xislətlilərə yerlərini göstərməlidir.
Erməni xalqı nəzərə almalıdır ki, şikarının həzmi zamanı gözü yaşaran timsahların müraciət və bəyanat adı altında yaydıqları fikirlər təxribat cəhdindən başqa bir şey deyil. Nəhayət, sıravi ermənilər həmin timsahların siyasi düşüncələrinin girovuna çevrilməməli, qövm yox, qonşularla normal keçinən xalqın təmsilçiləri olduqlarını göstərməlidirlər.
Ə.CAHANGİROĞLU
XQ

