FIA həftəsi qonaqları Heydər Əliyev Mərkəzində

post-img

Bakı dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.

Bununla bağlı olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qar­şılanma tədbiri təşkil olunub. 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsil­çiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem, FIA rəsmiləri paytaxtımıza gəlib. 

FIA həftəsi qonaqlarının qarşılanma təd­birində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyə­tindən bəhs edib. FIA və Azərbaycan Avto­mobil Federasiyası komandasının qonaqların hər birinin özünü evdəki kimi hiss etmək üçün çalışdığını deyən Federasiya prezidenti qonaqların ölkəmizdən müsbət təəssüratlarla ayrılacağına əminliyini ifadə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini söyləyib, Azərbaycan Avtomobil Federasiyasının rəh­bərliyinə görülən işlərə görə minnətdarlığını bildirib. O, son illər ərzində Federasiyanın öz fəaliyyətini genişləndirdiyini, nəticədə cə­miyyətdə bu idman növünə marağın artdığını qeyd edib.

FIA prezidenti Mohammed Ben Sulayem çıxışında Azərbaycan Avtomobil Federasi­yasına, Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib, bütün dünyaya ölkə mədəniyyətini Formula 1 və digər tədbirlərlə göstərməklə daha gözəl nə­ticələrin əldə olunacağını qeyd edib.

Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının ic­lasları da keçirilir. Həmçinin mükafatlandır­ma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcək.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekab­rında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sə­nayesi sahəsində müxtəlif mövzuları müza­kirə etməkdir.

Heydər Əliyev Mərkəzi Beynəlxalq Av­tomobil Federasiyasının (FIA) tədbirlərinin əsas məkanlarından biridir. FIA Baş Assamb­leyasının yekun iclası dekabrın 8-də, 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempio­natların qalib avtomobillərinin sərgisi isə de­kabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

Heydər Əliyev Mərkəzinin foyesində isə bu günlər Azərbaycan Avtomobil Federasiya­sının təşkilatçılığı ilə cəlbedici xarici görünü­şü, öz dövrünün unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənir. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Ca­dillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.

Dekabrın 8-də isə Bakı Konqres Mərkə­zində FIA Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.



Son xəbərlər