Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər. Bu barədə DTX-nin mətbuat xidməti XQ-yə məlumat vermişdir.
Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunmuş, Dövlət himni səsləndirilmişdir. Sonra akademiyanın 25 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
DTX rəisi, general-polkovnik Əli Nağıyev qonaqları salamlayaraq, akademiyanın professor-müəllim heyətini və kursantlarını yubiley münasibətilə təbrik etmişdir. Xidmət rəisi 25 il bundan əvvəl - 1998-ci il dekabrın 1-də ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanı akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli liderin anadan olmasının 100-cü ildönümünə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçıları yetişdirilir.
Şərəfli ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı fərmanla akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, bu gün DTX-nin və akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli liderin amalları və ideyaları üzərində qurmaqdadır.
DTX rəisi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yeniliklərin uğurla tətbiqi tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışmış, son illərdə kursantların ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu demişdir.
Daha sonra digər çıxışçılar Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulamışlar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunmuşdur.
Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı elmi-praktiki konfransla davam etmişdir.
Xidmət rəisi qeyd etmişdir ki, əməliyyat şəraiti baxımından, həmçinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi cəhətdən meydana gələn yeni çağırışlar akademiyada təhsil alan, gələcəklərini təhlükəsizlik orqanları ilə bağlayacaq kursantların öz biliklərini, burada çalışan mütəxəssislərin isə bacarıq və vərdişlərini dövrün tələblərinə uyğun artırmalarını, tədris proqramlarının davamlı yenilənməsini vacib edir. Hazırda bu istiqamətdə lazımi tədbirlər görülməkdədir.
XQ