Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutunda “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatı üçün Xüsusi proqramın 25 illiyi: dayanıqlı inkişaf məqsədlərinə çatmaq yolunda regional tərəfdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Məclisdə ötən həftə Bakıda SPECA dövlət və hökumət başçılarının qeyd edilən yubileyə həsr olunmuş Zirvə görüşünün yekunları müzakirə olunub. İnstitutun direktor əvəzi Fanil Kadırov bildirib ki, yüksək səviyyəli Bakı görüşündə proqramın üzvü olan dövlətlərin –Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın liderləri, Macarıstan və Gürcüstanın xüsusi dəvət olunmuş hökumət başçıları iştirak ediblər. Yubiley müzakirələrində BMT proqramın tarixi əhəmiyyəti və perspektivləri diqqət mərkəzində olub, yeni həhəflər müəyyən edilib.
Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov, institutun şöbə müdiri Zafar Nurmatov, Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov və başqaları SPECA-nın Bakıda keçirilən Zirvə görüşünün materialları təhlil edilib, Mərkəzi Asiya regionunun dünya birliyinə daha fəal inteqrasiyası ilə bağlı dəyərli mülahizələr səslənib. Dəyirmi masanın davamında regionlararası əməkdaşlığın inkişafı, bu birliyin qlobal əməkdaşlıq mərkəzinə çevrilməsi ətrafında müzakirələr aparılıb. İştirakçılar qeyd ediblər ki, Azərbaycanın sədrliyi zamanı üzv dövlətlərin regional əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.
Bildirilib ki, ötən 25 ildə SPECA proqramı çərçivəsində ticarət, kommunikasiya, nəqliyyat, su ehtiyatları, ekologiya, gender bərabərliyi və s. sahələrdə layihələr uğurla həyata keçirilib. Ticarətin asanlaşdırılması və innovativ inkişaf üzrə strategiyanın hazırlanması və qəbul edilməsi məsələsinə xüsusi diqqət yetirilib. Son 6 ildə Mərkəzi Asiyada baş verən köklü dəyişikliklər regionla Cənubi Qafqaz və Avropa ölkələri arasında münasibətlərin səmərəli qurulmasına imkan yaradıb. Azərbaycan və Özbəkistan prezidentləri müxtəlif istiqamətlər üzrə dövlətlərin birgə səylərinin gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüblər.
Dəyirmi masada “yaşıl” iqtisadiyyat, innovasiya, yüksək texnologiyalar, loqistika, alternativ energetika, müasir sosial strukturun yaradılması barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan təmsilçisi “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə ölkəmizin SPECA proqramında fəal iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd

