Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Təməlqoyma mərasimində çıxış edən Baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri – Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.
1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan Baş nazir deyib: “Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.
Ulu öndər Heydər Əliyevin Gürcüstana isti münasibətindən danışan Əli Əsədov bildirib: “Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki qaldı Gürcüstan, bu, bir xüsusi haldır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq. Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulmuşdur. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdır. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər. Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi”.
Müasir dövrdə Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin bizə miras qalan zəngin tarixi ənənələri yaşatdıqlarını, demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq, onları daha böyük nailiyyətlərə doğru apardıqlarını vurğulayan Baş nazir təməli qoyulan teatrın peşəkar kollektivinin burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisinin mədəni həyatında fəal rol oynayacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bu, Azərbaycan–Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək.
“Əminəm ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək. Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz cari ilə – Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilmişdir. Ulu öndərin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adımdan, Azərbaycan hökuməti və xalqı adından hörmətli cənab Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürümü ifadə edirəm”, – deyə Baş nazir Əli Əsədov xüsusi vurğulayıb.
Azərbaycanda da hər zaman olduğu kimi, Gürcüstanın görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığını qeyd edən Baş nazir bu günlərdə Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə xatirə lövhəsinin vurulduğunu, Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adının verildiyini xatırladıb.
Baş nazir İrakli Qaribaşvili bildirib ki, Gürcüstanda Azərbaycan teatrının böyük tarixi var. Gürcüstanda ilk Azərbaycan teatrı 1872-ci ildə yaradılıb. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının müasir üslubda yeni binasının təməlinin qoyulmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Bu gün hamımız sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın mədəni həyatına daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Gürcüstana səfərini xatırladan Baş nazir deyib: “Bu səfər çərçivəsində çox səmərəli görüşümüz və müzakirələrimiz oldu. Biz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgini birlikdə ziyarət etdik. Bu il Azərbaycanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Məhz bu çərçivədə biz bu gün Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlini qoyuruq. Mən Baş nazir Əli Əsədova da təşəkkür etmək istəyirəm. Tbilisiyə gəldiyiniz və 4-cü İpək Yolu Beynəlxalq Forumunda iştirak etdiyiniz üçün minnətdaram. Biz bunu çox yüksək qiymətləndiririk”.
XQ