Ölkəmizdə “İpək Yolu Volqa-Xəzər Dəhlizi Birinci İllik Subregional” adlı konfrans keçirilir

post-img

UNESCO-nun Azərbaycandakı daimi nümayəndəsi Elman Abdullayev çıxışında Azərbaycanın çox geniş mədəni irsə malik olduğunu deyib. Bildirib ki, ölkəmizin həmişə bu mədəni dəyərlərin qorunmasında xüsusi rolu olub. Azərbaycan şərqlə qərbi birləşdirən beynəlxalq ipək yolu üzərindən maddi və qeyri-maddi irsin qorunması mövzusunda Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələr qurmuşdur. Sonra, səfir konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, maddi dəstəyə görə isə Yaponiya hökumətinə təşəkkür etdi.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva  ipək yolunun Azərbaycan üçün vacib əhəmiyyətə malik olduğunu deyib: “Bir çox ölkəni birləşdirən bu yol sadəcə ticarət əlaqələrinin deyil, mədəni əlaqələrin də inkişaf etməsinə töhvə verib. Ölkəmizin digər sahələrdə də inkişafına və adət-ənənələrinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edib. Qeyd edim ki, əsrlər boyu bu yol üzərində bir sıra karvansaraylar, mədəni abidələr tikilib. Bizim də bu abidələrin fonunda bərpa etməli olduğumuz bir çox tarixi yerlər mövcuddur. Düşünürəm ki, zamanla biz bu yerləri bərpa edəcəyik”.

Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov Azərbaycanın ipək yolu üzərində keçirilən layihələri hər zaman dəstəklədiyini deyib: “Azərbaycan maddi və qeyri-maddi mirasın qorunmasında təkcə milli yox, həm də regional addımlar atır. Qeyd etmək lazımdır ki, Azərbaycan son otuz ildə erməni işğalı altında olan torpaqlarını azad edib. Bütün dünya da gördü ki, ermənilər Azərbaycana aid mülki obyektləri, tarixi  abidələri dağıtmışdır. Milli-mədəni irsimizə qarşı genosid həyata keçirmişdir. Düşünürəm ki, bu konfransda da bir daha bu məsələlər müzakirə olunacaq. Və bütün iştirakçı ölkələri bu barədə bir daha məlumatlandırmaq onlara da faydalı olacaq”.

“İpək Yolu Volqa-Xəzər Dəhlizi Birinci İllik Subregional” adlı konfrans Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ölkəmizlə yanaşı Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak edirlər. 

Fidan SALMANOVA

XQ







Son xəbərlər