Türkiyənin Qars şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
18-19 oktyabr 2023-cü ildə Qars Qafqaz Universiteti, Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı Baş Konsulluğu, respublikamızın Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İğdır Azərbaycan evinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılmışdı.
Dövlət müstəqilliyimizin 32-ci ildönümünə təsadüf edən tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Qars Qafqaz Universitetinin rektoru, professor-doktor Hüsnü Kapu və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin giriş nitqləri ilə başlanan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin sədri, dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın çıxış etdilər.
Azərbaycan ali təhsil müəssisələri adından Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektorlarının təbrik nitqləri dinlənildi.
Konfransın plenar iclasında professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar və dosent Elman Cəfərli mövzu ilə bağlı məruzələrində Ulu öndərin azərbaycançılıq məfkurəsi və dövlətçilik irsi geniş təhlil olundu.
Üç bölmədə işini davam edən konfransda ümummilli lider Heydər Əliyevin dövlətçilik, elm, təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm və digər sahələrdə həyata keçirdiyi islahatlarından bəhs olundu, foto və video təqdimatlar edildi.
Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin "Heydər Əliyev və Şərq qapısı" qəzeti, Azərbaycan Dövlət İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin "Heydər Əliyev və hərbi təhsil siyasəti" mövzusundakı elmi məruzələri də maraqla qarşılandı.
Məruzələrdən sonra konsert proqramı nümayiş olundu, Azərbaycan xalq musiqilərindən seçmələr səsləndirildi.
Konfrans çərçivəsində qonaqlar Qars Qafqaz Universitetində qurulan Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar.
Tədbirdən sonra Azərbaycanın Karsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə konfrans iştirakçılarına ziyafət təşkil edildi, Qars Qafqas Universitetində fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun konsert proqramı nümayiş olundu. Qonaqlar Heydər Əliyevin 100 illik yubiley plaketi və diplomlar təqdim edildi.
Onu da əlavə edək ki, ümummilli lider Heydər Əliyevin Qarsa səfəri zamanı onun təşəbbüsü ilə Qars Qafqaz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası yaradılıb. 18 ildir fəaliyyət göstərən bu ixtisasın bakalavriat pilləsi üzrə bugünədək yüzlərlə məzunu olmuşdur. 2014-cü ildən ixtisas magistratura pilləsi üzrə də kadr hazırlığı işi həyata keçirməkdədir.
Surə SEYİD
Naxçıvan