Azərbaycan elmini dünyada yüksəldən biokimyaçı

post-img

Onun rəhbərliyi ilə Türkiyədə COVID-19-a qarşı təsirli peyvənd hazırlanıb

Xalq TV-nin daha bir qonağı Türkiyənin Ağdəniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovdur.

Müsahibimiz AMEA-nın müxbir üzvü, Türkiyə Prezidenti yanında Vaksin Şurasının üzvü, Ağdəniz Uni­versitetinin professoru Tərlan Məm­mədov Azərbaycanda molekulyar biologiya ixtisası üzrə doktorluq dis­sertasiyası müdafiə edən ilk alimdir. 210 elmi əsərin, 15 müəlliflik şəha­dətnaməsinin müəllifidir. Soydaşımı­zın rəhbərliyi altında 16 fəlsəfə dok­toru hazırlayıb. 

Həmyerlimiz dünyanın bir sıra universitetlərində, elmi mərkəzlə­rində, əsasən də, ABŞ-da və Ya­poniyada yeni nəsil vaksinlərin hazırlanması sahəsində uğurlu tədqiqatlar aparıb. Çoxsaylı patent­lərin və məqalələrin müəllifidir. Azər­baycanlı alim Türkiyədə TÜBİTAK-ın maliyyələşdirdiyi yüksək rəqabətli qrant layihələrin rəhbəridir. Redak­siyamızın qonağı olan məşhur alim­lə, onun fəaliyyəti ilə oxucularımızı daha yaxından tanış etmək istədik.

– Tərlan müəllim, Azərbaycan­da və qardaş Türkiyədə çalışdı­ğınız sahənin elm adamları sizi yaxşı tanıyırlar. İstərdik ki, oxucu­larımız da sizin kimliyinizdən xə­bərdar olsun.

– Azərbaycanda doğulmuşam. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra Azər­baycan Milli Elmlər Akademiyasında aspirantura təhsili almışam. Məşhur alim Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji Mərkəzdə çalışmışam. O döv­rdə akademik Cəlal Əliyevin yaratdı­ğı bu mərkəz istedadlı gənclər cəlb edilirdi. Burada aparılan tədqiqatlar ölkə xaricindəki elmi mərkəzlərin də maraq və diqqətində idi. Bura­da biokimya sahəsində namizədlik, molekulyar biologiya üzrə doktorluq disertasiyası müdafiə etdim. 1998-ci ilə qədər AMEA-da çalışdım. 

O dövrdə alimlərimizi davamlı olaraq xaricdə çalışmağa, ortaq la­yihələrdə işləməyə dəvət edirdilər. Mən də bu sırada olan tədqiqatçı­lardan idim və dəvət aldığım elmi mərkəzlər sırasında Yaponiyanın To­hoku Kənd Təsərrüfatı Elmi Mərkə­zinin, Kiyoto Universitetinin və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzinin adlarını çəkə bilərəm. 4 ildən cox bu ünlü tədqiqat mərkəzlərinin əməkda­şı olmuşam. 2002–2009-cu illərdə ABŞ-ın Nebraska – Linkoln Univer­sitetində professor və daha sonra bu ölkənin Molekulyar Biotexnologiya Mərkəzində 5 il qrup rəhbəri kimi fəaliyyətimi davam etdirmişəm. 

Dünyanın cox nüfuzlu elm və təhsil mərkəzlərində və universi­tetlərində molekulyar biologiya və molekulyar biotexnologiya sahəsin­də apardığım tədqiqatların nəticəsi olaraq və doğma akademiya ilə sıx əlaqə saxladığıma görə 2014-cü ildə AMEA-nın müxbir üzvü seçildim. Bundan sonra fəaliyyətimi Azərbay­canla bağlamağı qərara aldım. Doğ­ma məmləkətimdə kadr hazırlığına, bilik və bacarığımı gənclərimizin ye­tişməsinə sərf etməyi daha məqsə­dəuyğun hesab etdim. Elə həmin il də Türkiyənin Ağdəniz Universitetinə dəvət olundum və hazırda bu ali təh­sil və elm mərkəzində professor ola­raq çalışıram.

– Qardaş ölkədə fəaliyyətiniz nədən ibarətdir? 

– Xaricdə, eləcə də Türkiyədə universitetlər təkcə təhsil vermir, həm də çox zəngin elmi mərkəzlər­dir. Ağdəniz Universiteti də ölkənin belə mötəbər təhsil və elm mərkəz­lərindən biridir. Burada işə başla­mağım uğurlu olub: bir çox qrant layihələri qazandım. Bu layihələr çalışdığım sahədə Türkiyənin ən bö­yük elmi-tədqiqat mövzusunu əhatə edir. Tədrislə yanaşı, professor ola­raq burada Molekulyar Biotexniki Mərkəz yaratmağa nail oldum. İn­san sağlamlığı ucun çox önəmli elmi tədqiqatlar aparırıq, vaksin və dər­manların hazırlanması ilə məşğuluq. 

– Professor, sizin elmi fəaliy­yətinizdə dünya alimlərinin, eləcə də, Yaponiya, Amerika kimi dünya nəhənglərinin diqqətini çəkən nə idi?

– Əsasən fotosintetik tədqiqatlar yaponları çox maraqlandırırdı və bu sahədə ciddi nailiyyətlərinin olma­ması onlarda mənim elmi fəaliyyə­timə xüsusi maraq yaratmışdı. Uzun illər çox önəmli fotosintetik gen tədqiqatları ilə məşğul olsalar da, bu sahədə uğur qazana bilməmiş­dilər. Amma mən orada çalışdığım 3 ay içərisində bu uğura nail oldum. Bundan sonra mən Yaponiya hö­kumətinin istəyi və zəmanəti ilə növ­bəti dəfə ikiilliyə Yaponiyaya dəvət olundum. Beləliklə, bu 3 ayın böyük töhfəsi olaraq 3 qrant layihəsini qa­zandım və 5 il gündoğar ölkədə elmi tədqiqatlarla məşğul oldum.

– Yəqin, yeni texnologiyarın tətbiqi, elmi fəaliyyətə verilən yüksək dəyər və digər amillər si­zin əlavə elmi potensialınızın üzə çıxmasında mühüm rol oynayıb.

– Təbii ki, yeni texnologiyalara tələbatın sürətlə artmasının elmin inkişafında böyük rolu var. Mən Amerikaya gedəndə də yeni DNT texnologiyaları ilə çalışmağa başla­dım. Buradakı fəaliyyətim insan sağ­lamlığı, milli və qlobal təhlükəsizlik üçün önəmli olan layihələrlə bağlı idi. Nobel mükafatçısı Georgi Bide­lin adını daşıyan, Nebraska–Linkoln Universitetində “Bidel mərkəzi”ndə və sonra həmin universitetin kimya və biomolekulyar mühəndislik şöbə­sində qrup rəhbəri və professor kimi çalışdım. Qeyd edim ki, bu dövrdə insan sağlamlığı üçün gərəkli, irsi və xərçəng kimi ağır xəstəliklərə qarşı önəmli dərman və vaksinlər hazırla­dıq. 

– Bu fəaliyyətinizin məqsədini, elmi mahiyyətini və praktik önə­mini qısaca açıqlayın. 

– Şübhəsiz ki, məqsəd insanların sağlamlığını və milli təhlükəsizliyini təmin etmək, bəşəriyyətə sağlam həyat bəxş etməkdir. Burada vak­sin məsələsinin xüsusi önəmi var. Düzdür, vaksin adı gələndə adamlar ciddi bir narahatlıq keçirir və harda­sa haqlıdırlar. Ona görə də vaksin vurdurmağa meyilli deyillər və daha çox onun zərərlərindən danışırlar. İnsan bədəninə vurulan hər bir anti­genin bir yad cisim kimi də təsiri var. Amma bizim başqa yolumuz varmı? 

Birmənalı olaraq deyim ki, yox­dur. Misal üçün, pandemiya başla­yanda, ilk mərhələdə, ölüm sayı 50 milyon idi, sonraki statistik hesabla­malara görə, bu rəqəm 100 milyon oldu. İndi baxın, vaksin olsa idi belə kütləvi ölümun qarşısını almaq ol­mazdımı?! Ona görə də vaksin ha­zırlamaq, adamlarda immunitet ya­ratmaq pandemiyadan qurtarmağın yeganə yoludur. Həm də son illərdə­ki hadisələr, xüsusən də COVID-19 pandemiya dövründə yaşadıqlarımız bizə çox şeyləri öyrətdi. 

– Məsələn, nələri?...

– COVİD-19 Çində yayılmağa başlayanda tədbirlər görülməyə baş­landı. Eləcə də çalışdığım Ağdəniz Universitetində laboratoriya şəraitin­də tədqiqatlara başladıq və çox qısa bir zamanda, 2020-ci ilin avqustun­da COVİD-19 vaksini üzərindəki iş­lərimizi başa çatdırdıq. COVID-19-a qarşı sprey formasında dərman ha­zırladıq və bu vaksin sınaqlardan uğurla çıxdı. SARS-CoV-2 virusunun genlərini “Nicotiana benthamiana” bitki hüceyrələrinə köçürməklə, qısa bir zamanda COVID-19 vaksinlərini əldə etdik. Heyvan üzərindəki testlə­ri və canlı virusla olan sınaqları da basa çatdırdıq. 

Bizim hazırladığımız COVID-19 vaksini dünyada bu gün istifadə edilən digər peyvəndlərdən fərqlidir. Peyvəndimiz zülal əsaslıdır, heyvan və bakterial patogenləri yoxdur. ABŞ FDA-nın tövsiyəsinə əsasən, zülal əsaslı peyvəndlər daha təhlükəsiz­dir. Uşaqlar və ya hamilə qadınlar üçün daha qorxusuzdur.

– Tərlan müəllim, bu tədqiqat­larınız bizim də diqqətimizdə idi, qəzetimizdə verdiyimiz yazılar cə­miyyətdə böyük maraq doğurdu. 

– Bu işə biz də böyük həvəslə, gecəli-gündüzlü çalışaraq girişdik. Qarşıya məqsəd qoymuşduq ki, hazırladığımız protein əsaslı vaksin COVID-in bütün mutasiyalarına qar­şı təsirli olsun. Dünyaya bəlli olan və insanların qəbul etdiyi vaksinlər müəyyən bir dövrdə baş verənlərin qarşısını aldı. Bəs sonra? COVID-19-un mutasiya olunmuş, daha cox öldürücü “Delta” növü gəldi. Son­ra “Omikron” peyda oldu. İstifadə edilən vaksinlər bu variantlara qarsı təsirsiz və səmərəsiz oldu. 

Mümkün idi ki, digər mutasiya olunmuş növlər də ortaya çıxsın. Ona görə də biz məsələyə daha qlo­bal yanaşdıq və ortaya qoyduğumuz vaksin bütün mutasiya olunmuş növ­lərə qarşı təsirli oldu. Onun gələcək­də ortaya çıxacaq bütün mutasiyala­ra qarşı dayanıqlı olacağına inanırıq. Hazırladığımız vaksinin Ümumdün­ya Səhiyyə Təşkilatının siyahısına salındığını da qeyd etmək istəyirəm. 

Bu yaxınlarda prestijli “Frontiers” elmi jurnalında “Bitki tərkibli RBD və kokteyl əsaslı peyvəndlər ortaya çıxan variantlardan asılı olmaya­raq SARS-CoV-2-yə qarşı yüksək səmərəlidir” başlıqlı məqaləmiz dərc edildi. Bu məqalə COVİD-in bütün variantlarına qarşı təsirli olan vaksin haqqında dünyada ilk və yeganə hesabat tipli məqalə oldu. Maraqlananlar məqalənin tam mət­ninə bu linkdən baxa bilərlər: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC10433747/

Apardığımız tədqiqatlar və uğur­lu nəticələr təbii ki, məsələnin çox önəmli tərəfidir, amma digər önəmli məsələ onun istehsalı və dövriyəyə buraxılaraq tətbiq edilməsidir. Bunun üçünsə investisiya lazımdır və inves­tor köməyi olmadan bu mümkün de­yil. Koronavirus həmişə olub və bun­dan sonra da olacaq. Amma onun qarşısını alan universal bir vaksinin hazırlanması lazımdır. 

Biz belə peyvənd hazırlamışıq və dediyim kimi həmin vaksin Ümum­dünya Səhiyyə Təşkilatının siyahısı­na salınıb. İnvestor olarsa asanlıqla istehsal edilə bilər. Laboratoriya şə­raitində 1 kiloqram “Nicotiana bent­hamiana” bitkisindən 25 milliqrama qədər, başqa sözlə desək, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Vaksin üzərində işlər başa çatdıqda onu tarixi qələbəmizin şərəfinə “Qa­rabağ” adlandırmağı düşünürük. 

– Sizcə, pandemiyanın yeni­dən qayıdışı mümkündürmü?

– Əslində, bu barədə mütləq bir şey söyləmək çətindir, amma bu heç də o demək deyil ki, bu məsələ tam bitib və virus yox olub. Bizi əhatə edən mühitdə COVID-19 virusunun “Omikron” variantı dominatdır. Bu­nun yeni bir pandemiya dalğası ya­ratmasına inanmıram, amma onun insanlar üzərində neqativ dalğasının yox olmasına çalışmaq xüsusi önəm daşıyır və buna hazır olmaq lazım­dır. Bunun üçün də lazımi dərman pereparatlarının və vaksinlərin isteh­salına nail olmaq vacibdir.

Onu da qürurla demək olar ki, əlimizdə belə bir pereparat var və bir az əvvəldə dediyim kimi onu az bir zamanda əldə etdik: 2020-ci ilin yan­varında başladığımız bu işi avqust­da uğurla başa çatdırdıq, testlərimizi heyvanlar üzərində uğurla sınaqdan keçirdik. İndi onu insanlar üzərində tətbiq etməyin və kütləviləşdirməyin zamanı çatıb. Bunun üçün də, de­diyim kimi, ilk növbədə, Azərbaycan və Türkiyə dövlətinin, iri iş adamları­nın dəstəyinə ehtiyac var və layihə­nin böyük səmərə gətirəcəyindən əminəm. 

(ardı var) 

 

Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
XQ

Müsahibə