Ulu öndər qədim Qəbələni “məhv olmaqdan” necə xilas etdi?

post-img

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamında qeyd edilir ki, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. 

Bəli, biz milli tariximizin müxtəlif mərhələlərini əks etdirən muzeylərin, bədii qoruqların və arxeoloji mərkəzlə­rin əməkdaşları müasir tarixşünaslığın hansı səhifəsinə baxırıqsa, mütləq ora­da ulu öndərin qayğısının, diqqətinin izlərini görür və onu ehtiramla təbliğ edirik. Mən bu qayğı və diqqəti doğu­lub – böyüdüyüm Qəbələ rayonunun timsalında çox görmüşəm. Bu da bir xoşbəxtlikdir ki, indi Azərbaycanın ən qədim yaşayış məskənlərindən olmuş Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin indiyədək qorunub saxlanmış dəyərli abidələrinin, arxeoloji tapıntıla­rının qorunduğu dövlət müəssisəsində çalışıram. 

Biz hələ orta məktəbdə oxuduğu­muz illərdə dərsliklərlə yanaşı, tarixə aid kitablarda, əyani vəsaitlərdə qədim Qəbələ şəhərinin Qala bürcləri əks olunmuş fotolarını görürdük. Böyüyən­dən sonra isə fəxr etdik ki, həmin bürc­lər Azərbaycanın qədim mədəniyyətinin danılmaz sübutlarıdır. Çünki həmin bürclərlə tariximizin, mədəniyyətimizin bir çox şərəfli səhifəsi açılır. 

Son zamanlar müxtəlif kitablarda, elmi əsərlərdə oxuyuruq ki, Ulu öndə­rin səyi, millətə xidməti, uzaqgörənliyi sayəsində qədim Qəbələ şəhəri indi də tariximizin dərinliklərindən xəbər verir. Bununla biz Azərbaycanın qədim şəhər mədəniyyətini, dövlətçilik tarixini bütün dünyaya göstərə bilirik. Görkəmli alimlər yazırlar ki, Heydər Əliyev Azər­baycana birinci dəfə rəhbərlik etdiyi dönəmdə ölkəmizdə qədim mədəniyyə­timizin öyrənilməsi, arxeoloji, etnoqrafik tədqiqatların aparılması işinə böyük diqqət yetirilmişdir. Elə həmin dövrdə də qədim Qəbələ şəhərinin yerləşdiyi ərazidə arxeoloji tədqiqatlar genişlən­dirilmişdir. 

Xatırladaq ki, təqribən 800 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə arxeoloji tədqiqatlar 1926-cı ildən baş­layaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə davam etdirilir. Burada toplanan zəngin eksponatlar bir daha sübut edir ki, Qəbələnin tarixi keç­mişi təbiəti qədər zəngindir və Azərbay­can tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 2400 illik tarixi olan, qədim “İpək yolu”nun üzərində yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış italiyalı alim Böyük Plininin “Təbii tarix” əsərində Kabala­ka adlandırılıb. Yunan coğrafiyaşünası Ptolemey Qəbələni Xabala, ərəb tarix­çisi Bəlazuri isə Xəzər kimi təqdim edib. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilə­rində aparılır. 

***

Yazının əvvəlində bu tarixi məkana, daha doğrusu, milli sərvətimizə ulu ön­dərin böyük qayğı və diqqət göstərdiyi­ni xatırlatmışdıq. Həmin arqumentimizi əsaslandırmaq üçün xatırladaq ki, ötən əsrin 70-ci illərinin sonlarında qədim Qəbələnin taleyi ciddi sınaq qarşısında qalmışdı. Həmin illərdə Azərbaycanın, eləcə də Qəbələnin həyatında çox cid­di və təhlükəli hadisələrdən biri təkcə keçmiş Sovet İttifaqında deyil, bütün dünyada çox məşhur olan Radiolokasi­ya Stansiyasının tikintisi ilə bağlı idi. O vaxtın sənədlərində oxuyuruq ki, SSRİ Silahlı Qüvvələrinin ən güclü radioloka­siya stansiyalarından biri 1976-cı ildə Qəbələ rayonu ərazisində inşa edil­məyə başlanmışdı. 

Mərhum akademik Teymur Bünya­dov yazırdı ki, dünyanın siyasi-ideolo­ji-hərbi cəbhələrə bölünüb mübarizə apardığı bir zamanda RLS-in tikintisinə hansısa formada əngəl törədilməsi, irad bildirilməsi ağlasığmaz, qeyri-mümkün sayılırdı: “Elə radiolokasiya stansiya­sının hərbi göstəricilərini, imkanlarını sadalamaq kifayət idi ki, bu tikintinin dünyanın təşvişlə baxdığı sovet ordusu üçün nə qədər böyük əhəmiyyət daşıdı­ğını görəsən”. 

Qəbələ rayonu ərazisində yerləşən bu hərbi obyektə 1977-ci ildə Mingəçe­vir Su Elektrik Stansiyasından çəkilən yüksək gərginlikli elektrik xətti qədim Qəbələ şəhərinin ərazisindən keçməli idi. Sovet generalları, hərbi mühəndis­ləri o dövrdə stansiyaya yüksək gər­ginlikli elektrik xətti çəkilməsini plan­laşdırarkən xalqımızın tarixini, qədim abidələrini nəzərə almırdılar. Bildirilir ki, elektrik xəttinin bir neçə qurğusu­nun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu, Qala qapıları üzərinə düşürdü. Alimlərin fikrincə, bu faktların təsadüf, planlaşdırma xətası və s. olmasını düşünmək sadəlövhlük olardı. Çünki xəttin başqa yerlə çəkil­məsi, qurğuların bürclərdən uzaqda ti­kilməsi üçün digər imkanlar da var idi. Yəni qədim şəhərin qalıqlarının məhv olması, tariximizin daha bir əvəzsiz abi­dəsinin Yer üzündən silinməsi təhlükəsi yaranmışdı. 

Mərhum akademik İqrar Əliyevin fikrincə isə ən təhlükəli məqamlardan biri radiolokasiya stansiyasına gedən elektrik xətlərinin, qurğuların, geniş torpaq sahələrinin Sovet Ordusunun mühafizəsi altına verilməsi, qadağa zo­nasına çevrilməsi idi. Bu da qədim Qə­bələnin Qala və Səlbir hissələrində hər hansı arxeoloji tədqiqatın aparılmasının qarşısının alınması, gənc nəslin qədim tariximizlə tanış olmaq imkanlarının əl­dən çıxması demək idi. 

Başqa bir materialda oxuyuruq ki, qazıntı məskəninin sovet ordusunun nəzarətinə verilməsi, qadağa zonasına düşməsi arxeoloji tədqiqatların, demək olar ki, tamamilə dayanmasına gətirib çıxara bilərdi. Baş verənlər arxeoloq­ların qədim qazıntı yerində işləməsinə ciddi maneçilik törədirdi. Vəziyyəti belə görən arxeoloqlar, Qəbələ ziyalıları bir­başa Heydər Əliyevə müraciət etmiş­dilər. Elə o illərdə bildirilirdi ki, ümum­milli lider bu məsələ ilə əlaqədar SSRİ Hərbi Hava Qüvvələrinin komandanı ilə ciddi söhbət aparmışdır. 

Sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri Qurban Xə­lilov başda olmaqla Qəbələyə nüfuzlu komissiya göndərilmişdi. Komissiyanın məsələ ilə yaxından tanış olması, prob­lemi həll etmək üçün aparılan gərgin müzakirələr, Azərbaycan rəhbərliyinin tarixi abidənin qorunması üçün göstər­diyi səy bəhrəsini verdi. Reallıq bundan ibarətdir ki, Heydər Əliyev tariximizin, qədim abidələrimizin qorunması üçün milli mövqe ortaya qoydu və bu gün Azərbaycan xalqı Qəbələ şəhərinin si­masında qədim tariximizin yaşadığını görür və fəxr edir. 

***

1978-ci ilin ilk günlərində qədim Qəbələ şəhərinin xilas olunması Azər­baycan xalqının milli oyanışının mühüm mərhələlərindən biri idi. Heydər Əliye­vin Azərbaycanın gələcəyi naminə at­dığı addım – qədim abidəmizin qorun­ması azərbaycanlıların milli şüurunun, milli özünüdərkin inkişafına ciddi təsir göstərmiş, tariximizin, abidələrimizin qorunması uğrunda mübarizə kon­sepsiyasının əsaslarına çevrilmişdir. Tariximizin mühüm bir səhifəsini Yer üzündən silmək istəyənlər və bununla barışan rayon rəhbərliyinin hərəkətləri 17 yanvar 1978-ci ildə Heydər Əliye­vin sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın bürosunda müzakirəyə çıxarıl­mış, Qəbələ rayonunda tarixi abidələ­rin qorunmasına səhlənkar münasibət haqqında qərar qəbul olunmuş, abidəni dağıtmaq istəyən generallar və rayon rəhbərliyi cəzalandırılmışdı. Bununla da, tariximizin minillikləri əhatə edən abidələrindən biri dağıdılmaqdan xilas edilmişdi. Qərara uyğun olaraq, elektrik xətti cənub qapılarından, Qala bürclə­rindən uzaqlaşdırılmış, çayın kənarına bənd çəkilmiş, arxeoloji tədqiqatlar ge­nişləndirilmişdi. 

Bir qədər sonra – 1978-ci il mart ayının 2-də məhz ulu öndərin xüsusi göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti Qəbələ Tarix Mədəniyyət Qo­ruğunun yaradılması haqqında qərar vermişdi. Fəxrlə deyə bilərik ki, bu ta­rix-mədəniyyət qoruğunun yaradılması XX əsrin sonlarına doğru Azərbaycan­da milli mədəni irsin, tarixi abidələrimi­zin qorunması istiqamətində əvəzsiz yeniliklərdən biri kimi mükəmməl örnək oldu. Sonrakı illərdə qədim tarix-mədə­niyyət abidələrinin qorunması naminə görülən işlər bir növ sistemləşdirildi, onun hüquqi əsasları yaradıldı. 

***

Ən mühüm addımlardan biri də 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin səkki­zinci sessiyasında “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan is­tifadə haqqında” Azərbaycan SSR Qa­nunu layihəsi barədə geniş müzakirələ­rin keçirilməsi və 21 iyul 1978-ci ildə isə “Tarix və mədəniyyət abidələrinin mü­hafizəsi və onlardan istifadə haqqında” Qanun qəbul olunması idi. Eləcə də, Heydər Əliyevin 1978-ci ildə Qəbələyə səfərindən sonra məhz onun təşəb­büsü ilə – 1980-ci il may ayının 15-də Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi, bir qədər sonra isə İsmayıl bəy Qutqaşınlı­nın xatirə ev-muzeyi yaradılmışdır. Qə­tiyyətlə təkrar edə bilərik ki, ümummilli lider Heydər Əliyevin vətənpərvərliyi, əzmkarlığı, qətiyyəti sayəsində 1978-ci ildə qədim Qəbələnin dağılmaqdan qo­runması tariximizin ən şərəfli səhifələ­rindən biridir. 

Nəhayət, bir neçə kəlmə də öz fəaliyyətimiz haqqında. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnki­şafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Qəbələ Dövlət Tarix –Bədii Qoruğu bu gün öz fəaliyyətini genişləndirmək üçün həm Rayon Ta­rix–Diyarşünaslıq Muzeyi ilə, həm də İlisu Dövlət Tarix–Mədəniyyət, Zaqa­tala Tarix–Mədəniyyət, “Orta əsr Ağsu şəhəri”, Dövlət Rəsm Qalereyası, İd­man və Gənclər İdarəsi və Dövlət Peşə Təhsil Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq memorandumları imzalayıb. Memoran­duma əsasən, qarşılıqlı əlaqələr həya­ta keçirilir, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müdavimləri qoruqda isteh­salat təcrübələri keçirlər. 

Bu gün Qəbələ Dövlət Tarix –Bədii Qoruğu təkcə alimlərin və tarixlə ma­raqlanan mütəxəssislərin deyil, eləcə də, yerli və əcnəbi turistlərin daha çox üz tutduğu məkana çevrilib. 2022-ci illə müqayisədə bu ilin 9 ayı ərzində qo­ruq ərazisinə gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub. Qoruq ərazisinə səfər edən əcnəbi tu­ristlər əsasən Birləşmiş Ərəb Əmirlik­ləri, Rusiya, Türkiyə, İngiltərə, Polşa, Çexiya, Koreya, Avstraliya, Çin, İtaliya və başqa ölkələrin vətəndaşlarııdr. 

Onu da xatırladaq ki, 1926 –1990-cı illər ərzində Qəbələ Dövlət Tarix – Bədii Qoruğu ərazisində həm kəşfiyyat, həm də genişmiqyaslı arxeoloji qazıntı işləri aparılıb. Ancaq 15 illik fasilədən sonra – 2005-ci ildən SEBA (Seul-Bakı) Azər­baycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçı­lığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənu­bi Koreyadan olan arxeoloqlar qoruq ərazisində arxeoloji qazıntılar apara­raq birgə fəaliyyət göstərirlər. 2014-cü il sentyabrın 22-də Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı qoruğu da ziyarət etmişdir. Dövlət başçımız hə­min gün SEBA (Seul-Bakı) Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi As­sosiasiyasının təşəbbüsü, təşkilatçılğı və maliyyə dəstəyi ilə qoruq ərazisində inşa edilmiş Qəbələ Arxeoloji Mərkəzinin rəsmi açılışını etmiş, belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirmiş­dir. Həmçinin cənab Prezident qoruğun arxeoloji ərazilərindən olan Qala ərazi­sinə də baş çəkmiş, burada günümüzə qədər öz möhtəşəmliyini qorumuş Qala bürclərinə yaxından baxmışdır. Ümu­milikdə, cənab Prezidentin səfərindən sonra Qəbələ Dövlət Tarix – Bədii Qo­ruğunda infrastruktur daha da güclən­dirilmiş, burada ictimai iaşə obyektləri fəaliyyətə başlamış, ərazidə yerləşən Qəbələ Arxeoloji Mərkəzində bir çox yer­li və beynəlxalq səviyyədə elmi – praktiki konfranslar, tədbirlər keçirilmişdir. Həm­çinin Arxeoloji Mərkəzdə Qəbələ Dövlət Tarix – Bədii Qoruğunun əməkdaşları üçün müasir standartlara cavab verən iş otaqları yaradılmışdır. 

***

Sonda onu da xatırladım ki, bu il fevral ayının 22-də Qəbələ Dövlət Tarix – Bədii Qoruğunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar kol­lektiv üzvləri tərəfindən iməcilik, martın 17-də Ulu öndərin yubileyinə həsr olu­nan ağacəkmə aksiyası, ayın 26-da isə qoruqda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda kütləvi tədbir keçirilmişdir. Mayın 10-da Ümummilli liderin 100 illi­yinə həsr olunmuş ictimai-siyasi məz­munlu möhtəşəm tədbir uzun müddət yaddaşlardan silinməyəcək. İyul ayında yubiley münasibətilə Qəbələ Dövlət Ta­rix-Bədii Qoruğunda rayondakı Çuxur Qəbələ kənd məktəbliləri üçün açıq dərslər, oktyabr ayında isə “Heydər Əliyev və uşaqlar” mövzusunda tədbir keçirilmişdir. 

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Azərbaycan tarixinin himayədarı və qayğıkeşi idi. Cənab Prezident İlham Əliyevin xalqımızın tarixinə yazdığı yeni səhifələr də Heydər Əliyev siyasi kursu­nun uğurla davamı və icra edilməsinin nəticəsidir. 30 il düşmən tapdağında qalan torpaqlarımızı Ali Baş Komanda­nımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu azad etdi. Amma atılan bütün uğurlu addım­larımızın təməlində Heydər Əliyevin siyasi xəttini görürük. Əminik ki. Azər­baycanın bugünkü uğurları ulu öndərin ruhunu sevindirir. 

 

Zahir KƏRİMOV,
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru

Siyasət