2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatları nəticəsində başlanan və 44 gün davam edən Vətən müharibəsindən 5 il ötür. Xalqımız üçün “Olum, ya ölüm” məsələsinin həll olunduğu bu savaşda möhtəşəm Qələbə qazanılması Azərbaycanın hərb tarixinin ən böyük Zəfəri olmaqla, çağdaş tariximizdə də yeni bir mərhələnin başlanğıcı sayılır.
Bu Qələbə təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu, milli dövlətçiliyimizin gücünü, xalqımızın iradəsini, əzmini bütün dünyaya nümayiş etdirdi. Həm hərb, həm siyasət, həm də diplomatiya meydanında əldə edilmiş bu tarixi Zəfər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırdı, Cənubi Qafqaz regionunda, bütövlükdə, dünyada yeni reallıqlar yaratdı.
Bu gün 5 il bundan əvvəl baş verən hadisələri təhlil etməmişdən öncə Vətən müharibəsinədək Ermənistan–Azərbaycan arasında mövcud olmuş münaqişə dövründə bölgədə gedən proseslərə qısa nəzər yetirməyin vacibliyi ön plana çıxır. Sovet imperiyasının süqutu ərəfəsində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycanda, xüsusilə müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmaması, hərbi texnika çatışmazlığı və siyasi böhran səbəbindən torpaqlarımız biri-birinin ardınca Ermənistanın keçmiş havadarlarının köməyi ilə işğal olunurdu.
Azərbaycan “Olum, ya ölüm” dilemması qarşısında qaldığı bu çətin dövrdə – 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı vəziyyəti tamamilə dəyişdi. Dahi liderin hakimiyyət sükanı arxasına keçməsindən dərhal sonra ölkədə xaosa, anarxiyaya, özbaşınalığa son qoyuldu, bütün sahələrdə sabitlik yarandı. Hərbi sahədə müasir ordu quruculuğu strategiyasının həyata keçirilməsinə başlanıldı. Həmin dövrdən başlayaraq Silahlı Qüvvələrin formalaşdırılması dövlət siyasətinin prioritetinə çevrildi.
Ordunun strukturunun gücləndirilməsi, peşəkar və vətənpərvər zabit heyətinin hazırlanması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və ordunun ən müasir silahlarla komplektləşdirilməsi atılan mühüm addımlar sırasında oldu. Ulu öndərin gərgin əməyi sayəsində çox qısa müddətdə Azərbaycan hərbi, iqtisadi, siyasi baxımdan regionun lider dövlətinə çevrilməyə başladı.
Sonrakı illərdə NATO ilə əməkdaşlıq proqramları çərçivəsində ordumuzun peşəkarlığı daha da artırıldı, Silahlı Qüvvələrimizin beynəlxalq təlimlərdə iştirakı təmin edildi. 2003-cü il oktyabrın 15-də xalqın mütləq əksəriyyətinin səsverməsi ilə müstəqil Azərbaycanın dövlət başçısı seçilən, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsləri və bilavasitə rəhbərliyi ilə dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması, müasir hərbi texnikanın alınması, yerli hərbi sənaye kompleksinin qurulması və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz güclü ordu yaratdıq və bu ordu Vətən müharibəsində öz sözünü dedi.
Qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında öz sözünü deməsindən söhbət açarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Vətən müharibəsinin baş məşqi” adlandırdığı 2016-cı ilin Aprel döyüşlərinin Qarabağın azad edilməsi prosesində rolunu və önəmini vurğulamaq gərəkdir. Məhz 2016-cı ilin aprel ayının əvvəlində düşmənin növbəti hərbi təxribatları nəticəsində baş verən dördgünlük döyüş Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində uzun illər davam edən status-kvonun dəyişməsinin başlanğıcı oldu.
Azərbaycan Ordusu qısa müddət ərzində mühüm yüksəklikləri, o cümlədən 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu “Horadiz əməliyyatı”nda azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uzun illər boyu soydaşlarımızın məskunlaşmasına imkan verməyən, işğalçıların nəzarətində olan önəmli Lələtəpə yüksəkliyini düşməndən təmizlədi. Bu əməliyyat yalnız bir hərbi uğur deyil, həm də siyasi baxımdan dönüş nöqtəsi oldu və Azərbaycan dövlətinin strateji qərarvermə qabiliyyətini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.
Aprel döyüşləri Ermənistan cəmiyyətində isə əksinə, ciddi böhran yaratdı, uzun illər haqqında miflər uydurulan “məğlubedilməz Ermənistan ordusu”nun zəif və gücsüz olması açıq şəkildə üzə çıxdı. Azərbaycan bu döyüşlərlə sübut etdi ki, torpaqlarını hər an azad etməyə qadirdir.
Bundan sonra Silahlı Qüvvələrimizin daha bir möhtəşəm uğuru, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasında keçirilən Günnüt əməliyyatı Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının bariz göstəricisi oldu. Bu əməliyyat nəticəsində bir sıra strateji yüksəkliklər azad edildi və düşmənin əsas təchizat yolları nəzarət altına alındı. Günnüt uğuru yalnız taktiki nəticə kimi deyil, həm də psixoloji baxımdan önəmli hadisə idi. O vaxt Azərbaycan xalqı bir daha əmin oldu ki, tezliklə torpaqlarımızın işğaldan azad olunması məsələsi təkcə arzuda deyil, reallıqda da öz əksini tapacaq.
Azərbaycan xalqının bu əminliyi təqribən 2 il sonra real həyatda öz əksini tapdı. Bu baxımdan, 2020-ci ilin iyulunda düşmən silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar təkcə Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə üçün deyil, bütövlükdə region üçün həm siyasi, həm də hərbi müstəvidə mühüm nəticələr doğurdu. Ermənistanın bu təxribatının qarşısının alınması zamanı Azərbaycan Ordusunun göstərdiyi fədakarlıq və igidlik nümunələri düşmənin bütün planlarını alt-üst etdi. Bu döyüşlər Azərbaycanda xalq-iqtidar birliyini daha da möhkəmləndirdi və ölkədə geniş vətənpərvərlik ruhu formalaşdırdı. Tovuz döyüşləri həm də beynəlxalq miqyasda rezonans yaratdı. Qardaş Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi, Pakistan, İsrail və digər dost dövlətlər də ölkəmizə siyasi-mənəvi dəstək verdilər.
Şübhəsiz, bütün bunlar Vətən müharibəsinin başlayacağı təqdirdə qüdrətli Azərbaycan dövlətinin şəksiz qələbəsini təmin edəcək mühüm amillər idi. Lakin 44 günlük Vətən müharibəsinədək işğalçı Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyanın tez-tez bəyan etdiyi “Yeni müharibə, yeni ərazilər” xülyasına düşən təcavüzkar dövlətə yuxarıda haqqında danışdığımız döyüşlər zamanı əldə olunmuş uğurlar sayəsində verilən bu mühüm mesajlar dərs olmadı. Nəticədə 2020-ci il sentyabrın 27-də Ermənistanın əsasən mülki vətəndaşlarımızı və obyektlərimizi hədəfə alan növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli əks-hücum əməliyyatına start verməsi ilə Vətən müharibəsi başlandı.
Tariximizə “Dəmir yumruq” adı ilə düşən bu hərbi əməliyyatlar Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, xalq-ordu birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu həm o vaxtadək misli görünməmiş hərbi üstünlüyünə nail oldu, həm də beynəlxalq hüququn təminatçısı kimi ədaləti bərpa edərək işğal altındakı ərazilərimizin hərbi yolla azad edilməsini təmin etdi.
“Dəmir yumruq” əməliyyatının başlanğıcında əsas hədəflərdən biri Ermənistanın illərlə möhkəmləndirdiyi və haqqında miflər uydurduğu “Ohanyan xətti”nin darmadağın edilməsi idi. Azərbaycan Ordusu modern hərbi texnologiyalardan – pilotsuz uçuş aparatlarından, yüksək dəqiqlikli raket sistemlərindən, elektron kəşfiyyat vasitələrindən istifadə edərək düşmənin “keçilməz Ohanyan xətti”ni qısa müddətdə yerlə-yeksan etdi. Cəbrayıl və Füzuli istiqamətlərində aparılan əməliyyatlar nəticəsində Ermənistanın illərlə güvəndiyi istehkamlar darmadağın edildi və düşmənin cəbhə xətlərindəki mövqeləri tamamilə sıradan çıxarıldı.
Müasir hərbi strategiyanın bütün üsullarından uğurla istifadə edən müzəffər Azərbaycan Ordusu arsenalında olan ən müasir “Bayraktar TB2” pilotsuz uçuş aparatları və “Harop” tipli kamikadze dronlarla düşmənin zirehli texnikasını və artilleriyasını yüksək peşəkarlıqla məhv etdi. Qısa müddətdə yüzlərlə tank, artilleriya qurğuları və hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarıldı. Ordumuzun təmin etdiyi bu taktiki üstünlük 44 günlük Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu, Ermənistan ordusunun ruh düşkünlüyünü artırdı və hərbi strategiyasını iflic vəziyyətinə gətirdi.
Ümumiyyətlə, Vətən müharibəsinin hər günü yeni qələbələrlə, hərbi uğurlarla zəngin oldu. Oktyabrın əvvəlində Cəbrayılın, ardınca Füzulinin azad edilməsi Azərbaycan Ordusunun hücum tempini yüksəltdi. Daha sonra Zəngilan və Qubadlının azad olunması Azərbaycana bölgədə strateji üstünlük yaratdı. Bu əməliyyatlar nəticəsində həm Araz çayı boyunca dövlət sərhədimiz bərpa edildi, həm də Ordumuz Şuşa istiqamətində sürətlə irəlilədi. Bu, hərbi üstünlüyün taktiki və strateji uğurunu birləşdirən möhtəşəm əməliyyatlar silsiləsi idi.
Bütün dünyanı heyrətləndirən, strateji, taktiki hazırlığına və icrasına görə hərb tarixində misli görünməmiş hadisə olan əfsanəvi Şuşa əməliyyatı Vətən müharibəsinin taleyini həll edən ən mühüm addım oldu. Düşmən “alınmaz qala” kimi təqdim etdiyi Şuşanın müdafiəsinə xüsusi qüvvələrini cəlb etsə də, yüngül silahlarla silahlanmış Azərbaycan xüsusi təyinatlıları sıx meşəliklərdən keçərək, sıldırım qayaları qarış-qarış dırmanaraq Ermənistan silahlı birləşmələrinin gözləmədiyi istiqamətdən şəhərə daxil oldu.
Şəhərin küçələrində əlbəyaxa döyüşlər nəticəsində 28 il xilaskarını gözləyən Qarabağın tacı, qədim mədəniyyət mərkəzimiz Şuşa 2020-ci il noyabrın 8-də düşməndən tamamilə təmizləndi. Şuşanın azad edilməsi həm tarixi Qələbəmizin zirvəsi, həm də illərin həsrətinin sona yetməsi demək idi.
Həmin tarixi gündə yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bu Zəfər müjdəli xəbəri xalqımıza çatdırarkən dediyi “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm” sözləri çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Bu, yalnız Azərbaycanın hərbi Qələbəsinin deyil, həm də xalqımızın mənəvi Zəfərinin rəmzi oldu və 8 Noyabr çağdaş tariximizə hər il böyük təntənə ilə qeyd edilən Zəfər Günü kimi əbədi həkk olundu.
Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Şuşanın yağı düşmən tapdağından azad olunması Ermənistanın hərbi-siyasi məğlubiyyətinin kulminasiya nöqtəsi idi. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan rəhbərliyi Vətən müharibəsində biabırçı məğlubiyyətini əks etdirən kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın şanlı Zəfərini, işğalçı Ermənistanın isə hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi. Bəyanata əsasən, Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz tərk etdi. Bu, həm də Azərbaycan Lideri İlham Əliyevin misilsiz diplomatik bacarığını nümayiş etdirən tarixi Qələbənin növbəti mərhələsi idi. Məhz bu diplomatik uğur sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi və əlavə insan itkilərinin qarşısı alındı.
Vətən müharibəsi Azərbaycan cəmiyyətində misilsiz birlik yaratdı. Səngərdə əsgər və zabitlər, arxa cəbhədə isə bütün xalq mübarizəyə qoşuldu. 44 günlük müharibədə könüllülərin orduda xidməti, cəbhəyə yardımların təşkili, gənclərin fəallığı milli həmrəyliyin ən yüksək nümunəsinə çevrildi. Bu, həm də sosial birliyin və vətənpərvərlik ruhunun ordunun döyüş qabiliyyətini artıran güc mənbəyi olduğunu göstərdi.
2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Prezident İlham Əliyevin qalib Ali Baş Komandan və beynəlxalq miqyasda çevik strateq kimi atdığı addımlar həlledici amillərdən oldu. Onun uzaqgörənliyi, qətiyyəti və hərbi-siyasi idarəçilik bacarığı Azərbaycan xalqının iradəsi ilə birləşərək torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin başçısı Vətən müharibəsinədək 17 ili əhatə edən dövr ərzində yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində şanlı ordumuzu regionun ən güclü hərbi qüvvəsinə çevirmişdi.
17 il ərzində həyata keçirilən hərbi islahatlar, ən müasir texnika və silahların arsenala daxil edilməsi, yeni qoşun növlərinin yaradılması, həmçinin zabit heyətinin peşəkarlığının artırılması Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırdı. Bu hazırlıq müharibə dövründə tam şəkildə öz səmərəsini verdi. Müharibə zamanı Ali Baş Komandan döyüş əməliyyatlarına daim rəhbərlik etdi və nəzarətdə saxladı, hərbi qərarların strateji istiqamətlərini müəyyənləşdirdi. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün planlaşdırma və çevik hərbi-strateji yanaşmasının parlaq nümunəsi idi.
44 günlük Vətən müharibəsi yalnız hərbi deyil, həm də diplomatik cəbhədə ciddi sınaq oldu. Ermənistan müxtəlif vasitələrlə beynəlxalq aləmdən dəstək almağa, Azərbaycanın haqlı mübarizəsini kölgədə qoymağa çalışırdı. Bu şəraitdə Azərbaycan Prezidenti balanslı siyasəti, qətiyyətli arqumentləri və diplomatik çevikliyi ilə ölkəmizin mövqeyini yüksək səviyyədə qorumağı bacardı.
Savaş günlərində Türkiyə ilə qardaşlıq münasibətlərinin gücləndirilməsi Azərbaycanın ən mühüm üstünlüklərindən biri oldu. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri Azərbaycan üçün güclü diplomatik dayağa çevrildi. Türkiyə və digər dost dövlətlərin açıq dəstəyi həm Ermənistanı, həm də ona himayədarlıq edən qüvvələri geri çəkilməyə məcbur etdi.
Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində də Azərbaycanın qələbəsini təmin etdi. Müsahibələrdə dövlətimizin başçısı faktlara əsaslanaraq Ermənistanın işğalçı siyasətini ifşa edir, ölkəmizin beynəlxalq hüquqa uyğun mövqeyini dəqiq arqumentlərlə əsaslandırırdı. Bu yanaşma nəticəsində dünya ictimaiyyəti Azərbaycanın haqlı mübarizəsini qəbul etdi, Ermənistan isə beynəlxalq müstəvidə təcrid olundu.
Göründüyü kimi, Vətən müharibəsində Azərbaycanın Qələbəsinin əsas səbəbi hərbi və diplomatik gücün sintezində idi. Döyüş meydanında qazanılan uğurlar dövlətimizin beynəlxalq mövqeyini gücləndirdi, diplomatik dəstək isə orduda ruh yüksəkliyini artırdı. Şuşanın azad edilməsindən sonra Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması və Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz qaytarılması məhz bu sintez modelinin parlaq nəticəsi idi
Bu amillər Prezident İlham Əliyevin güclü strateq kimi unikal yanaşmasının göstəricisi idi. Məhz bu sintez sayəsində hərbi qələbələr diplomatik masada üstünlüyə çevrilir, diplomatik üstünlüklər isə ordunun əməliyyat imkanlarını genişləndirirdi. Vətən müharibəsinin nəticələri Azərbaycanın tarixi taleyini köklü şəkildə dəyişdi. Ermənistanın illərlə yaratdığı “qalib ölkə” mifologiyası tamamilə darmadağın edildi. Azərbaycan xalqı öz gücünə, ordusuna və liderinə inanaraq 30 ilə yaxın davam edən işğala son qoydu.
Prezident və Ali Baş Komandan İlham Əliyev bu müharibədə yalnız dövlət başçısı kimi deyil, həm də milli Lider kimi çıxış etdi. Onun rəhbərliyi altında Azərbaycan həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan qələbə qazandı. Bütün bunlar, yəni yenilməz iradə, strateji düşüncə, diplomatik çeviklik və milli həmrəyliyin sintezi yeni dövrün liderlik modeli idi. Vətən müharibəsi sübut etdi ki, dövlətimizin başçısı təkcə Azərbaycanın deyil, bütün regionun gələcək siyasi reallıqlarını müəyyən edən müdrik Liderdir. Vətən müharibəsində tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qurulan modern dövlətçilik modelinin, milli gücün və xalqın iradəsinin təntənəsi oldu.
BMT, ATƏT və digər beynəlxalq təşkilatlar isə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini təsdiqlədilər. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal siyasi nüfuzunun da artmasını təmin etdi.
Müharibənin zirvə anında – 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat regionda davamlı sülhün təmin olunması üçün ilkin şərtləri müəyyənləşdirdi. Bu sənədə əsasən, Rusiya sülhməramlıları azad edilmiş ərazilərdə yerləşdirildi. Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında etimad mühitinin yaradılması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması və regional sabitliyin qorunması idi.
Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşdirilməsinə baxmayaraq, Ermənistan silahlı birləşmələrinin qalıqları və erməni separatçıları beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı fəaliyyətlərini daha da genişləndirməyə cəhd edirdilər. Onlar müxtəlif silahlı qruplar vasitəsilə Azərbaycanın Qarabağ ərazisində, Azərbaycan – Ermənistan şərti dövlət sərhədində terror xarakterli əməliyyatlar həyata keçirməyə başladılar. Bu təxribatlar həm hərbi infrastruktur və nəqliyyat yollarına, həm də mülki əhaliyə birbaşa təhlükə yaradır, azad edilmiş bölgələrimizdə bərpa-quruculuq işlərinin aparılmasını ciddi risk altında qoyurdu.
10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əsasən, Qarabağ bölgəsini dərhal tərk etməli olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də bölgədə qalması göstərdi ki, beynəlxalq razılaşmalar və sülhməramlıların mövcudluğu ərazidə təhlükəsizliyin tam təminatı üçün kifayət etmir. Təxribatçı fəaliyyətlər, eyni zamanda, regional sabitliyə də təhdid təşkil edirdi. Ermənilərin təxribat-diversiya fəaliyyətləri bölgədə gərginliyi artırır və humanitar vəziyyətin pisləşməsinə səbəb olurdu. Bu vəziyyət Azərbaycanın hərbi gücünün və strateji hazırlığının əhəmiyyətini bir daha ortaya qoydu.
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən azərbaycanlı mülki əhalinin, o cümlədən ərazidə xidmət aparan polis əməkdaşlarının, eləcə də tikinti-quruculuq işlərinə cəlb edilmiş mütəxəssislərin qətli dövlətimizi adekvat addımlar atmağa məcbur etdi. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu xunta rejiminin mövcudluğuna son qoymaq üçün lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi.
Operativ hərbi tədbirlər nəticəsində Qarabağ iqtisadi zonasındakı mülki erməni əhaliyə və mülki obyektlərə heç bir zərər vermədən Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin mövqeləri və döyüş texnikası zərərsizləşdirildi, çoxlu sayda silah-sursat müsadirə edilərək ərazidən götürüldü və təhlükəsizlik təmin olundu. Bu tədbirlər həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış diplomatik mesaj idi. Azərbaycan bununla beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək göstərdi ki, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini qorumağa daim qadirdir.
Ümumiyyətlə, 2020–2023-cü illərdə Azərbaycanın liderliyi ilə regionda baş verən proseslər göstərdi ki, yalnız diplomatiya və beynəlxalq razılaşmalar sülhün və təhlükəsizliyin təmin olunması üçün kifayət etmir. Bu məsələdə mütəşəkkil hərbi hazırlıq, qabaqlayıcı əməliyyat planları və strateji nəzarət də vacib amillərdir.
Postmüharibə dövründə dövlətimizin qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, iqtisadi-sosial infrastrukturun yenidən qurulması və 30 ildən artıq doğma torpağa qovuşmaq arzusu ilə yaşamış keçmiş məcburi köçkünlərin təhlükəsiz və normal həyat şəraitinə qaytarılmasıdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun uzunmüddətli inkişafını təmin edən kompleks layihələr şəklində aparılır.
Azad edilmiş ərazilərdə həyatın bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası və yeni regional əməkdaşlıqların formalaşdırılması, xüsusilə 5 il bundan əvvəl separatizmin və terrorçuluğun meydan suladığı, bu gün isə artıq tarixi sahibinə qovuşmuş azad Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun digər guşələrində mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bu bölgələrdən dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq mesajlarının ünvanlanması Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin davamıdır.
Albina ATLIXANOVA,
jurnalist