“Deklarasiya 20-ci maddə olmadan qəbul edilsin”

post-img

Lissabon zirvəsində dönüş və ya vitse-prezident Albert Qor iddiasından necə döndü?

 

“Heydər Əliyev xatirələr işığın­da” layihəmizin qonağı tanınmış ic­timai-siyasi xadim Həsən Həsənovla söhbətimiz davam edir. 

X SÖHBƏT 

– Sammitin iclas öncəsi ictima­iyyətə məlum olmayan hadisələr nümayəndə heyətimizin həqiqətən gərgin anlar yaşadığını göstərir. Bəs iclas necə keçdi, eyni gərginlik orada da özünü göstərdimi? 

– İclas başlayanda, bizim bəyanatla bağlı Ermənistanın mövqeyi haqqında məlumatımız yox idi. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kotti Helsinkidə hazırlanan sənədi elan etdi: “Hamınıza məlum olduğu kimi, son iki ildə Dağlıq Qarabağ münaqişə­sinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində irəliləyiş əldə olunmayıb. Təəssüf hissi ilə qeyd edirəm ki, Minsk konfransının həmsədrlərinin nizamlanma prinsipləri ilə bağlı tərəflərin fikirlərini uzlaşdırmağa yönəlmiş səyləri uğur qazanmadı. Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinin tərkib hissəsinə çevrilməli olan üç prinsipi tövsiyə ediblər. Bu prinsiplər Minsk qrupunun bütün üzv dövlətlərinin dəstəyini alır. Bunlar: 1) Er­mənistan Respublikasının və Azərbay­can Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın hüquqi statusu, saziş­də müəyyən edilmiş öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan Dağlıq Qarabağa Azərbaycan daxilində ən yük­sək özünüidarəetmə dərəcəsi; 3) Dağlıq Qarabağın və onun bütün əhalisinin tə­minatlı təhlükəsizliyi, o cümlədən nizam­lanmanın müddəalarına bütün tərəflərin əməl etməsini təmin etmək üçün qarşı­lıqlı öhdəliklər”.

Bunları açıqlayandan sonra sədr əlavə etdi: “Təəssüflə qeyd edim ki, bir iştirakçı dövlət bununla razılaşmadı (Er­mənistanın vetosu nəzərdə tutulur). Bu prinsiplər bütün digər iştirakçı dövlətlə­rin dəstəyini alır. Bu bəyanat Lissabon sammitinin sənədlərinə daxil ediləcək”. 

Bundan sonra sammitin sədri məlu­mat verdi ki, Azərbaycan da sammitdə qəbulu nəzərdə tutulan sənədləri tam “mötərizəyə alıb” (yəni veto qoyub). Bundan sonra diqqətlə zala baxıb sual etdi: “İmkan varmı mötərizələr aradan götürülsün?” 

Məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyevə söz verildi. Azərbaycan Prezidenti qeyd etdi ki, “Ermənistan Deklarasiyanın 20-ci maddəsinə (Hel­sinki sənədi) konsensus vermədiyinə görə, Azərbaycan sammitin bütün qəbul olunacaq sənədlərinə konsensus vermir. Bu məsələ ilə bağlı nəzərinizə çatdırı­ram, əgər Ermənistan Respublikası 20-ci maddənin (Helsinki sənədi) qəbuluna konsensus versə, mən də bütün sənəd­lərin qəbuluna konsensus verə bilərəm”. 

Levon-Ter Petrosyana söz verildi və o veto qərarını geri götürə bilməyəcəyi­ni bir də təsdiqlədi. İclasda Azərbaycan da, Ermənistan da öz mövqelərində qal­dılar. Yəni Ermənistan təkid etdi ki, 20-ci maddə (Helsinki sənədi) Deklarasiya­nın tərkibindən çıxarılsın, Azərbaycan isə təkid etdi ki, Ermənistan Helsinki sənədinin üzərindən vetonu götürsün. Gərginlik aradan qalxmadı və iclas da­vam etdi. 

Yaranmış belə bir vəziyyətdə ABŞ-ın vitse-prezidenti Albert Qor çıxış edərək, əslində həmin gecə işlədiyimiz və 53 ölkənin razılaşdığı bəyanatı təklif kimi irəli sürdü. Çıxışının sonunda Albert Qor xüsusi vurğuladı ki, “əgər yaranmış şəraitdə bu mümkün olarsa, bəlkə o za­man Azərbaycan bütün Deklarasiyadan kvadrat mötərizəni (yəni vetonu) çıxar­mağa razı olsun”. 

Bu çıxışından aydın görünürdü ki, Albert Qor Heydər Əliyevlə görüşündəki mövqeyindən fərqli olaraq, Azərbaycan­dan artıq birtərəfli vetodan imtina etmək tələb etmir, sadəcə, öz düşündüyünü bəyan edirdi ki, Azərbaycanın istəyi nəzərə alınarsa, o vetodan əl çəkə bilər. 

İclasın sədri Albert Qora təşəkkürü­nü bildirdi və qeyd etdi ki, “bu, çox yax­şı fikirdir” və təklifi açıqladı: “Təklif bu­dur: Deklarasiya 20-ci maddə (Helsinki sənədi) olmadan qəbul edilsin. Bununla bağlı şərt irəli sürən ölkə, yəni Ermənis­tan istisna olmaqla, bütün ATƏT üzv­lərinin dəstəyi ilə burada, yəni Helsinki sənədində sadalanan maddələr sədrin bəyanatına, yəni 53-ölkənin bu gecə hazırlanan Bəyanatına daxil edilsin. Belə olan halda Azərbaycan öz şərtlə­rindən imtina edib “kvadrat mötərizəni” silə bilərmi?” 

Heydər Əliyev, çox lakonik çıxış edərək dedi: “Yaranmış şəraitdə Azər­baycan ATƏT-in fəaliyyətinə, ATƏT-in Lissabon zirvə toplantısına, iki gün ər­zində burada toplaşan və Avropada çox mühüm təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edən həmkar­larına hörmətlə yanaşır. Mötərizənin, yəni vetonun götürülməsinə, iclasımızın sədrinin qeyd etdiyi Bəyanat burada iş­tirak edən dövlət başçılarının adından verilərsə, bütövlükdə maddə ilə bağlı etirazımızı, yəni vetonu geri götürməyə razılaşarıq”. 

İclasın sədri bu mövqeyinə görə Heydər Əliyevə müraciət edərək dedi: “Cənab Prezident, bizi başa düşdüyü­nüz üçün təşəkkür edirik. Biz bu sənədi olduğu kimi qəbul edə bilərik - görüşdə qəbul edilən düzəlişlə “Lissabon Sam­mitinin Deklarasiyası” qəbul edilir”.

Söz ATƏT-in fəaliyyətdə olan sədri Flavio Kottiyə verilir: “Mən məsələyə çox ciddi yanaşdıqlarına görə Azərbay­can nümayəndələrinə öz təşəkkürümü bildirmək istəyirəm. Hamınız bilirsiniz ki, son iki ildə Dağlıq Qarabağ münaqişə­sinin həllində və Azərbaycan Respub­likasının ərazi bütövlüyü məsələsin­də heç bir irəliləyiş əldə olunmayıb. Təəssüf edirəm ki, Minsk Konfransı həmsədrlərinin nizamlanma prinsipləri üzrə tərəflərin mövqelərini yaxınlaş­dırmaq səyləri uğursuz qaldı. Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç prinsip tək­lif ediblər. Bu prinsiplər Minsk qrupunun bütün üzv dövlətləri tərəfindən dəstək­lənir. Bunlar: 1) Ermənistan Respubli­kasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın hüquqi statusu, sazişdə müəyyən edil­miş öz müqəddəratını təyinetmə prin­sipinə əsaslanan Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək özü­nüidarəetmə dərəcəsi; 3) Dağlıq Qara­bağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi, o cümlədən nizamlanma­nın müddəalarına bütün tərəflərin əməl etməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərdir. Təəssüf edirəm ki, Er­mənistan bunu qəbul edə bilmədi. Bu prinsiplər bütün digər iştirakçı dövlət­lər tərəfindən dəstəklənir. Bu bəyanat Lissabon Sammitinin sənədlərinə daxil ediləcək”.

Beləliklə Flavio Kotti Helsinki bəya­natına əsasən gecə hazırladığımız “53 ölkənin nümayəndə heyətləri başçıları­nın Bəyanatını” səsləndirdi və vurğula­dı ki, “bu bəyanat Lissabon Sammitinin sənədlərinə daxil ediləcək”, yəni sənəd rəsmi status aldı.

– Həsən müəllim, əlbəttə, bu sənədin 2020-ci il Zəfərindən sonra Azərbaycan üçün elə bir əhəmiyyəti qalmayıb. Amma hər bir hadisənin öz zamanında çox mühüm əhəmiyyəti olur. Həmin illərdə Lissabon sammi­tində 53 ölkənin qəbul etdiyi Bəyana­tın siyasi mahiyyəti nədən ibarət idi?

– Birinci əhəmiyyəti ondan ibarət oldu ki, qəbul olunan Lissabon Bəyana­tı (Helsinki sənədi əsasında) konsensus almasa da, 53 dövlətin mövqeyi olaraq sammitin rəsmi sənədləri siyahısına daxil olundu. İkinci, Lissabon Bəyana­tından əvvəl Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınmış hüquqi baza yox idi. Ermənistanı bu qane edirdi, çünki Lissabondan əvvəl Rusiya, ABŞ və dünyanın digər ölkələ­rindəki lobbisindən istifadə edərək, Dağlıq Qarabağın hüququnu legitimləş­dirməyə və müstəqilliyinə nail olmağa ümid edirdi. Lissabon Bəyanatı qəbul ediləndən sonra bu ümidlər puç oldu. Lissabonda qəbul olunan Bəyanatın üç prinsipi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi əsası oldu. Ermənistana və onun hava­darlarına aydın oldu ki, münaqişə Azər­baycanın ərazi bütövlüyü pozulmadan həll edilməlidir. Yəni Dağlıq Qarabağ olsa-olsa, yalnız Azərbaycan dövlətinin tərkibində ən yüksək özünüidarə statu­su ala bilər. Ermənistan bu sənədin qə­bulunda iştirak etməməklə ümid edirdi ki, öz istəyinə nail olacaq. Tarixin inkişa­fı göstərdi ki, ədalət Azərbaycan tərəfin­dədır. Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibənin nəticələri Ermənistanın 30 illik gizli oyunlarını alt-üst edib, tarixin zibilliyinə atdı. 

– Yaxşı, bəs Lissabon sammitin­də qəbul olunan Bəyanatdan sonra danışıqlar prosesində bir dəyişiklik oldumu? 

– Əlbəttə dəyişdi. Vəziyyət bizim xeyrimizə dəyişdi. Ermənistan iqtidarı ağır siyasi duruma düşdü. Ermənis­tan dünya miqyasında təcrid olundu. Niyə? Çünki Lissabon hadisələrinə qə­dər ermənilər dünyanı inandırırdılar ki, Azərbaycan onlara heç muxtariyyət də vermir. Lissabon Bəyanatında elan olu­nurdu ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağıq Qarabağa özünüi­darə imkanı verilsin. Bu imkandan isə ermənilər imtina edirdilər. Deməli er­mənilər daha çox, yəni müstəqillik istə­yirdilər, buna isə Avropa ölkələri hazır deyildilər. Onu da qeyd etməliyəm ki, ermənilər sözsüz, Dağlıq Qarabağın müstəqilliyi istəyində idilər, lakin bunu kağızda yazmadılar. Ermənistanın daxi­li vəziyyəti də gərginləşdi. Robert Ko­çaryan tərəfdarları ilə birlikdə fürsətdən istifadə edərək Ter-Petrosyanı istefaya getməyə məcbur etdi və konfliktin həlli yolunda yeni siyasi vəziyyət yarandı. Bu haqda isə xüsusi danışmaq lazımdır. 

– Heydər Əliyev Ermənistan haki­miyyəti ilə Azərbaycana ziyan gətir­məyəcək sülh müqaviləsinin danışıq­lar yolu ilə imzalamasının mümkün olmasına inanırdımı? 

– Daxilimizdə inanmırdıq, çünki er­məni siyasətçilərinın riyakarlığı aydın görünürdü. Bununla yanaşı, danışıqlar­dan da heç bir vəchlə imtina edə bilməz­dik. Axı bilmək olmurdu, zaman bizəmi, onlaramı işləyir? Minsk qrupunun üç həmsədrinin üçü də, büruzə verməsələr belə, əslində gizlində ermənilərə meylli idilər. Ermənilər çox çalışırdılar ki, Təh­lükəsizlik Şurasının məlum 4 qətnaməsi Minsk qrupunun və Azərbaycanın döv­lətlərarası sənədlərində əks olunmasın, yəni unudulsunlar. Həmin siyasət Lis­sabon Bəyanatına da şamil olunurdu. Bu cəhdlər onların sadəlövh siyasətçi, beynəlxalq hüquqdan anlayışları olma­dığını, özlərindən müştəbeh olduqlarını və nəhayət, Azərbaycan amilini düzgün dəyərləndirə bilməmələrindən irəli gə­lirdi. Əslində Təhlükəsizlik Surasının qətnamələrinin hüquqi taleyi impera­tiv xarakter daşıyır. Bu o deməkdir ki, heç bir şəraitdə Təhlükəsizlik Şurası­nın qətnamələri öz qüvvəsini itirmirlər. Göründüyü kimi 1993-cü ildə qəbul olunan qətnamələr 27 ildən sonra baş verən hadisələrin hüququ əsasını təş­kil etdilər. Bununla yanaşı, zamandan istifadə etməkdə, həm Heydər Əliyevin dövründə, həm də İlham Əliyevin döv­ründə Azərbaycanın siyasəti daha ef­fektli idi və uğurlu nəticə də verdi. Hər iki Prezidentin fəaliyyəti nəticəsində za­man məhz bizim, Azərbaycanın xeyrinə işlədi.

Təkrar edirəm, Lissabon sammitin­dən sonra Ermənistan bir müddət bey­nəlxalq aləmdən təcrid edildi. Çünki 53 dövlət mövqeyini bildirdi ki, Qarabağ Azərbaycanın ərazisində qalmalıdır və ona mədəni muxtariyyat verilməlidir. Er­mənistan bundan imtina etdi. Biz bütün diplomatiya cəbhəsi boyu tam hücuma keçdik...

...Lissabon sammitindən təxminən 7 ay sonra, 1997-ci ilin yayında Stras­burqda Azərbaycan və Ermənistan döv­lət nümayəndələrinin iştirakı ilə tədbir keçirilirdi. Ter-Petrosyan Heydər Əli­yevə yaxınlaşıb dedi: “Heydər Əliyeviç, olarmı yığcam tərkibdə toplaşaq, mə­nim sizə bir açıqlamam olacaq”. Heydər Əliyev razılaşdı. 

Yadımdadır ki, kiçik bir otağa top­laşdıq. O, öz xarici işlər naziri ilə, Hey­dər Əliyev də mənimlə birlikdə danı­şıqlara başladılar. Ter-Petrosyan dedi: “Heydər Əliyeviç, mən çox ölçüb-biç­dim, görürəm Qarabağ məsələsi bizim istədiyimiz kimi baş tutan iş deyil. Ona görə də mən belə qərara gəldim ki, Qa­rabağdan kənar bütün torpaqları azad edim. Bu haqda mən rəsmi bəyanat da verəcəyəm”. Həqiqətən elə bu görüşdə Heydər Əliyevlə Ter-Petrosyan bəyanat diktə etdilər, mən yazdım. Görüşdən sonra çıxıb həmin qeydləri media nü­mayəndələri qarşısında oxudum. Doğ­rudur, orada hər şey açıq yazılmamışdı. Amma yazılmışdı ki, artıq tərəflər real addımlar atılmasının vaxtının çatdığını başa düşürlər. 

Doğurdan da bu görüşdən sonra Ter-Petrosyanın Rusiya mətbuatında– “Nezavisimaya qazeta”da böyük bir məqaləsi dərc edilmişdi və orada yaz­mışdı ki, “bu müharibəni bitirməyin vaxtı çatıb. Bəsdir biz xəyallarla yaşadıq. Biz gərək Azərbaycanın torpaqlarını azad edək”. 

Sonra məlum oldu ki, prezident Ter-Petrosyanın bizimlə birgə verdiyi bəyanat və qəzetdəki açıqlamalarından sonra baş nazir Koçaryanla Ermənis­tanın müdafiə naziri Ter-Petrosyanın qəbuluna gəlirlər. Ondan soruşurlar ki, “sənin doğurdanmı belə bir fikrin var?” Deyir, “bəli var”. Deyirlər: “Heydər Əli­yevlə görüşüb razılaşmısan?” Deyir: “Görüşmüşəm”. Deyirlər: “Onda sənin iki çıxış yolun var. Birinci odur ki, sən istefa verirsən, biz də sənin, ailənin və komandanın təhlükəsizliyinə təminat veririk. İkinci variant odur ki, sən istefa­ya getmirsən, torpaqları Azərbaycana qaytarırsan, Ermənistanda vətəndaş müharibəsi başlayır. Əmin ol ki, biz qələbə çalacağıq, səni də, sənin ailəni və komandanı da məhv edəcəyik”. Pet­rosyan da qorxub birinci variantı seçir və istefaya gedir. 

– Həsən müəllim, Koçaryan haqqında nə deyə bilərsiniz? 

– Koçaryan hakimiyyətə gələrkən dünya siyasətinin yeniyetməsi idi, lakin o öz aləmində, Qarabağda və Ermə­nistanda hakimiyyəti asanlıqla əldə et­diyinə görə özünü usta, şahmat termi­nindən istifadə etsək, dünya siyasətinin “qrossmeysteri” sayırdı. 

Bir misal gətirim. Moskvada Azər­baycan və Ermənistan rəhbərlərinin görüşü keçirilirdi. Moskva təklif etdi ki, yaxşı olar Dağlıq Qarabağın başçısı kimi Koçaryan da, bu görüşdə iştirak etsin. Heydər Əliyev razılıq verdi. Sə­bəb də bəlli idi, çünki ölkədə vəziyyət çox gərgin idi. Atəşkəs haqqında hələ razılığa gəlməmişdik. Müharibə davam edirdi, ermənilərin işğalçı hücumları ara vermirdi. Ermənistan nümayən­də heyəti ilə üz-üzə oturmuşduq. Bir başda da Rusiyanın xarici işlər naziri oturmuşdu. Digər tərəfdə isə Koçar­yan gəlib oturdu. Danışıqlara sədrlik edən Rusiya xarici işlər naziri birinci Koçaryana müraciət etdi ki, danışsın. Koçaryan dedi, mən burda danışma­yacağam. Soruşdular, niyə? Dedi: “Həsən Həsənov durub getsin, o bizim xalqın düşmənidir”. Heydər Əliyev dər­hal dedi: “Getsək, hamımız gedəcəyik. Həsən Həsənov tək getməyəcək. Da­nışmaq istəmirsən, danışma. Kimsə səni zorla danışdırmır”. Ruslar dərhal onu başa saldılar və bununla da onun təkəbbürü bitdi. Heydər Əliyevin vax­tında Koçaryanla başqa rastlaşdığım olmayıb. Düşünürəm, Koçaryanın bu görüşə dəvəti Rusiyanın təşəbbüsü idi və söylədiyim insident də razılaşdırıl­mış addım idi. 

Koçaryanla 1991-ci ildə Şima­li Qafqazın Jeleznavodsk şəhərində mənim də iştirak etdiyim Boris Yeltsin, Nursultan Nazarbayev, Ayaz Mütəllibov və Levon Ter-Petrosyanın iştirakı ilə ke­çirilən tədbirdə rastlaşmışıq. Koçaryan bu görüş haqqında öz xatirələrində belə yazır: “Jeleznavodskidə tədbirdən son­ra Həsən Həsənov məni yanına çağırdı. Dedi: “Koçaryan, indi rusların hesabına xoruzlanırsız, rus olmayanda görək siz harada olacaqsınız”. İndi mən Həsə­nova demək istəyirəm ki, rus yoxdur, amma biz elə həmin yerdəyik, qalibik”. 

Jeleznovodsk görüşü 1991-ci il sentyabrın 23-də oldu, mənə mesaj göndərdiyi xatirələrini isə Koçaryan 2018-cı ildə rus dilində nəşr etdi. İndi mən 2023-cü ilin oktyabr ayında ona mesaj göndərirəm: “Koçaryan, Rusiya yanınızda yoxdur, özünüzün də əliniz­dən bir şey gəlmir. Nə ordunuzu düzəlt­diniz, nə iqtisadiyyatınızı, nə də dövlət­çiliyinizi. Hər şey batdı getdi. İndi sizi həmin yerdə görmürəm, məğlubsunuz! Qarabağı isə görürəm ki, Prezidentimiz, müzəffər Ali Baş Komandan, İlham Əli­yev addım addm gəzir, sevərək abad­laşdırır və təhlükəsizliyini gücləndirir. Müstəqillik xülyası ilə yaşadığınız Dağ­lıq Qarabağın baş şəhəri Xankəndidə isə indi məhz Prezident İlham Əliyevin qaldırdığı Azərbaycan bayrağı dalğala­nır. Qarabağ həmişəki kimi yenə Azər­baycandır!”. 

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist



Müsahibə