Dünən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə taleyüklü qərarları ilə ölkəni tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarıb, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən edib. Ulu öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri də mükəmməl və milli gənclər siyasətininəsaslarını yaratmasıdır.
YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov, Elm və təhsil naziri Emin Əmrullayev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər çıxış edənlər bildiriblər ki, gənclərin daim inkişaf etməsi və cəmiyyət həyatında öz layiqli yerini tutması məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir.
XQ