Bakının “Vaşinqton razılaşmaları” cəmiyyətdə birmənalı razılıq doğurub
Müasir beynəlxalq münasibətlər sistemində milli həmrəyliyin möhkəmləndirilməsi dövlətlərin strateji idarəetmə modellərinin əsas komponentinə çevrilib. Qloballaşma dövründə yaranan qarşılıqlı asılılıqlar, hibrid münaqişələrin intensivləşməsi, kiber və informasiya müharibələrinin yeni fazaya keçidi, ideoloji narazılıqların siyasi alətə çevrilməsi milli konsolidasiyanı yalnız daxili siyasət predmeti deyil, həm də təhlükəsizlik konsepsiyalarının prioritet istiqaməti kimi müəyyənləşdirir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açdı. Üçtərəfli görüşdə İlham Əliyev regionun gələcək nizamını diktə edən əsas lider kimi çıxış etdi. Ağ Evdə imzalanan sənədin siyasi çəkisi onu sadəcə diplomatik protokol aktı olmaqdan çıxarır. Bu, illərlə formalaşan strateji xəttin kulminasiyasıdır. Vaşinqton görüşü Azərbaycanın siyasi çəkisini və diplomatik nüfuzunu bir daha göstərdi. İmzalanan razılaşma gələcəkdə regionda sabitlik və əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayacaq. Onun icrası isə bütün cəmiyyətin boynuna düşən vəzifədir.
Sentyabrın 24-də Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin verdiyi bəyanat Vaşinqton görüşünün cəmiyyətin dərin qatlarında doğurduğu rezonansın ifadəsidir. Bəyanatda Vaşinqton görüşü və onun doğurduğu nəticələr tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edilir və dəstək ifadə olunur: “2025-ci il avqustun 8-də ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk”
Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqton görüşü bölgədə yeni bir dövrün başlanğıcını qoyub və münaqişə səhifəsi bağlanılaraq revanşist meyillər tarixin tozlu arxivlərinə göndərilib. Mətnin semantik yükü isə daha maraqlıdır. “Revanşizm meyillərinin istisna olunması”, “münaqişə səhifəsinin qapanması”, “yeni dövrün başlanğıcı” kimi ifadələr göstərir ki, dini liderlər prosesi, sadəcə, müşahidə etmir, onu legitimləşdirən aktor kimi çıxış edirlər. Bəyanat həm də Ermənistan və onun havadarlarına ünvanlanan yumşaq xəbərdarlıqdır. Çünki sülh prosesinin dini-sosial dəstək qazanması radikal ritorikanı neytrallaşdırır və revanşizm üçün ictimai zəmin saxlamır. Bu, Bakının Vaşinqtonda başladığı siyasi partiyanı ölkə daxilində mənəvi həmrəyliklə davam etdirməsidir. Bəli, gün kimi aydındır ki, Vaşinqton görüşünün nəticələri Azərbaycandan fərqli olaraq, Hayastan cəmiyyətində eyni dərəcədə rəğbət qazanmadı. Xüsusilə baş nazir Nikol Paşinyanla ədavət aparan kilsə Birgə Bəyənnaməni “xəyanət” kimi qələmə verdi. Ermənistanda dini radikalizmin ön planda olduğu dövrdə bu açıqlama erməni xalqının bərabər səviyyədə sülhə hazır olmadığını göstərir. Bu kontekstdə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin verdiyi bəyanat həm də Ermənistana mesajdır. Azərbaycan dini liderləri prosesin legitimliyini təsdiqləyərək, sülh və əməkdaşlıq üçün ictimai dəstəyin vacibliyini vurğulayırlar. Paşinyanın isə kilsə faktorunu neytrallaşdıraraq xalqı sülh və birliyin ətrafında səfərbər etməsi vacibdir. Yalnız bu halda Azərbaycanla münasibətlər bərabərləşə və regionda sülh üçün real zəmin formalaşa bilər.
Bəyanatın alt qatında Bakının Vaşinqtondakı uğurunu daxili konsolidasiya vasitəsinə çevirmək niyyəti açıq görünür. Dövlətin əldə etdiyi diplomatik üstünlüklər artıq yalnız beynəlxalq müstəvidə deyil, ictimai və mənəvi qatda da təsdiqlənir. Bu, cəmiyyətə açıq siyasi siqnaldır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə bütün millətin strateji iradəsinin təzahürüdür.
***
“Azadlığı dəstək Aktı”na 907-ci düzəlişin Donald Tramp tərəfindən ləğvi isə Azərbaycanın ABŞ-da qazandığı nüfuzun barometridir. Bu, həm də uzun illər davam etmiş qərəzli yanaşmanın sonu hesab olunur. Məhz buna görə bəyanatda bu məsələ xüsusi vurğulanır – çünki o, yalnız tarixi ədaləti bərpa etmir, həm də Bakı ilə Vaşinqton arasında yeni münasibətlər formatını təsdiqləyir: “Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkaranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezidentin şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu”.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, bəyanatda qeyd olunur ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” ifadəsi təsadüfi seçilməyib. Bu, sırf nəqliyyat layihəsi deyil, Qafqazın siyasi arxitekturasını dəyişən strateji xəttdir. Dini liderlərin bu mövzuya xüsusi diqqət yetirməsi göstərir ki, məsələ artıq iqtisadi və geosiyasi müstəvidən çıxaraq ideoloji və mənəvi səviyyəyə yüksəlib.
Nəticədə, Vaşinqton görüşüAzərbaycanın daxili siyasi mədəniyyətində də dönüş nöqtəsi yaradır. Dini konfessiyaların bəyanatı bu dönüşün həm simvolu, həm də katalizatorudur. Azərbaycanın siyasi kursu daxildə də mənəvi və ideoloji dayaq qazanır. Bu, Bakının regional liderliyinin ən etibarlı təminatıdır.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı
Azərbaycandakı dini icmaların belə bir qərar qəbul etməsi böyük önəm daşıyır. Bu addım Prezidentin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurları və qələbələri daha da möhkəmləndirir, dövlət siyasətinin ardıcıl inkişafını göstərir. Bu qərarın ciddi əsasları var. Hazırda Azərbaycanda dini icmalar arasında münasibətlər çox yüksək səviyyədədir. Ölkəmiz dünya dövlətləri arasında nadir nümunələrdəndir ki, məscidlərin, kilsələrin və sinaqoqların inşası, bərpası və qorunması dövlət tərəfindən aktiv şəkildə təmin edilir. Bu, dini icmalar tərəfindən yüksək qiymətləndirilir.
Dini icmalar dövlətin onlara göstərdiyi qayğı və diqqəti daim yüksək qiymətləndiriblər və həmişə dövlətin yanında olublar. Onlar həmçinin öz dəstəklərini açıq şəkildə ifadə edirlər. Dövlət siyasəti və dini icmaların fəaliyyəti arasında möhkəm əlaqə formalaşır. Dövlətin diqqəti və dəstəyi dini icmaları daha çox fəaliyyət göstərməyə təşviq edir və bu, təbii olaraq bütün sahələrdə özünü göstərir.
Eyni zamanda, Ermənistan nə qədər çalışsa da, Azərbaycandakı dini icmalar arasında münasibətləri poza və gərginləşdirə bilməyib. Bu münasibətlər indiyədək ən yüksək səviyyədədir və dövlət tərəfindən daim qiymətləndirilir. Azərbaycan modeli bu baxımdan həm daxildə, həm də beynəlxalq səviyyədə müsbət və dəyərli bir nümunə kimi qəbul edilir.
Xüsusilə qeyd etmək lazımdır ki, dini konfessiyaların qəbul etdiyi bəyanat Vaşinqton görüşünün Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını ehtiva edən addımdır. Sənəd dövlətin gücünü və nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin siyasi və sosial irəliləyişinin göstəricisidir.
Tacir SADIQOV
XQ