Sentyabrın 4-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib.
Nazir Ceyhun Bayramov ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən, möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan–Macarıstan münasibətlərinin bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bir çox cəhətdən nümunəvi olduğunu qeyd edib. O, Azərbaycan–Macarıstan Strateji Dialoqunun iqtisadi əməkdaşlığımızın inkişafı üçün əlverişli baza yaratdığını, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın mütəmadi iclaslarının iqtisadiyyat, enerji, ticarət və investisiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bir sıra Macarıstan şirkətlərinin ölkəmizdə fəal fəaliyyətini təqdir edən nazir C.Bayramov, həmçinin digər sektorlarda, o cümlədən, turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimizin genişləndiyini diqqətə çatdırıb.
Ukraynadakı müharibədən sonrakı regional geosiyasi vəziyyət fonunda Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat infrastrukturuna böyük sərmayə qoyduğunu, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən, əlverişli və təhlükəsiz alternativ olan Orta Dəhliz-Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini qeyd edib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçıları məlumatlandırılıb. Nazir Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən, mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, postmünaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.
XQ

