Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə texnikası ianə edilib. Sentyabrın 4-də Fond tərəfindən həmin texnikanın Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışaraq donor və tərəfdaşları ilə əlaqələrinin gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. O, “Revival P” minatəmizləmə texnikasının Laçın Şəhəri Günündə Qarabağ Dirçəliş Fonduna ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, bu vaxtadək 30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. “İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – deyə ANAMA-nın İdarə Heyətinin sədri vurğulayıb.
Daha sonra “Revival P” minatəmizləmə texnikasının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.
XQ

