Strateji Dialoqun ilk iclası
Azərbaycanın Xarici Işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb. Nazirlər arasında baş tutmuş təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə, Azərbaycan–Macarıstan Strateji Dialoqunun ilk iclası şəklində davam edib.
Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
C.Bayramov post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Ermənistanın davamlı qeyri-kon-struktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də işğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb.
Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın–Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.
Daha sonra iki nazir Azərbaycan–Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.

