Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda

post-img

Avqustun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bil­dirilib ki, müdafiə naziri ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Ge­neral-polkovnik Z.Həsənov “Pençe-Ki­lit” antiterror əməliyyatlarının aparıldı­ğı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı xəbərdən kədərləndiyini qeyd edərək Türkiyə tərəfinə başsağlığı verib.

Müdafiə naziri Azərbaycan Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğun­laşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkü­rünü bildirib. Hazırda Azərbaycan-Tür­kiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl təd­birlərin görüldüyü qeyd edilib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Gürak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daima yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qarşı­lıqlı hərbi əməkdaşlığımızın birliyimizi daha da gücləndirdiyini və gələcəkdə yeni imkanlar açdığını qeyd edib. 

Görüşdə iki qardaş ölkənin ordula­rı arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğu­ran bir sıra məsələlər müzakirə olunub.

***

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

General-polkovnik K.Vəliyev qar­daş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğula­nıb.

Ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəi­si kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırı­lan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər