Şuşanın ekoloji problemləri ardıcıl aradan qaldırılır

post-img

Xəbər verdiyimiz kimi, bu günlərdə Şuşada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib. 

Qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kə­rimov nazirlik tərəfindən Şuşa rayo­nu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması təd­birləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa ra­yonlarının inzibati ərazisində nadir tə­biət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsə­dilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. 

Bildirilib ki, rayon ərazisində möv­cud olmuş 8 min 526 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 min 972,8 hektarı və Daşaltı Dövlət Tə­biət Yasaqlığının (ümumi sahəsi 450 hektar) 50 hektarı məhv edilib. 1990-cı illərdə qeydiyyata alınmış 8 mine­ral-xammal yatağından 4-ü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlu­mat mübadiləsi aparılır. 

Qeyd edilib ki, Şuşa şəhəri ərazisin­də hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlar­la təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri ye­kunlaşdırılıb. Ekologiya və Təbii Sər­vətlər Nazirliyi tərəfindən Şuşa şəhə­rində olan mövcud yaşıllıqların bərpası ilə yanaşı, yeni salınacaq yaşıllıqlarda istifadə olunacaq ağac və kolların bio­ekoloji xüsusiyyətləri nəzərə alınmaq­la siyahısı tərtib olunub və əkin tipinə görə təsnifatı hazırlanıb. Şuşa rayonu ərazisində yerləşən Topxana meşəsinə bitişik olan 1,5 hektar torpaq sahəsində və Şuşa şəhərinin giriş hissəsinin sol tərəfində 0,02 hektar torpaq sahəsində yerli şəraitə uyğun ağac növləri əkilib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin təmsilçisi bildirib ki, şəhərdə bərk məişət tullantılarının “Təmiz Şəhər” ASC tərəfindən idarə edilməsi davam etdirilir. Şəhərdə 70 meydançada 121 konteyner yerləşdirilib, 6 xüsusi texnika və 4 çeşidli yeraltı konteynerlər alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimovun təqdimatında Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub.

Akademik İradə Hüseynova AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə son iki ildə keçirilmiş konfrans və elmi seminarlarda Şuşa rayonuna xüsusi diqqət yetirildiyini bildirib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması işləri barədə məlumat verilib. Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Bildirilib ki, şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək, eləcə də su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib.

İclasda Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndi­rilməsi məsələləri müzakirə edilib.

T.RÜSTƏMLİ, “Xalq qəzeti”

Son xəbərlər