Mətbuat Şurasının ahıl jurnalistlərlə bağlı keçirdiyi son tədbir haqqında olan məlumatı oxuyanda qeyri-ixtiyari olaraq, bir daha ulu öndərə rəhmət oxudum. Ümummilli liderimiz mədəniyyət xadimləri ilə görüşlərinin birində demişdi ki, cəmiyyətin bir çox sahələrində kimsə başqa birinin tutmalı olduğu vəzifəyə, mənsəbə nail ola bilər. Ancaq yaradıcılıq sahəsində bu, qətiyyən mümkün deyil. Yəni yaradıcı insanların hərəsinin həm öz sahəsində, həm də cəmiyyətdə məhz öz yeri var və həmin yerə başqa kimsə sahib ola bilməz. Qətiyyətlə deyə bilərik ki, jurnalistika da həmin sahələrdən biridir.
Mən bu arqumenti son otuz ildə dəfələrlə təkrarlamışam. Çünki sözün həqiqi mənasında yaradıcı həmkarlarımızın hamısı cəmiyyətdə tutacağı yeri özü təmin edir. Kiminsə köməyi ilə nail olunan mövqenin müvəqqəti olduğunu da dəfələrlə görmüşük. Bu baxımdan, Mətbuat Şurasının son qərarını da, şura sədri Rəşad Məcidin tədbirdə səsləndirdiyi fikirləri də, təltif olunan həmkarlarımızın əməklərinə verilən qiymətə görə dilə gətirdikləri təşəkkürləri də, söylədikləri xoş xatirələrini də, jurnalist peşəsinin məziyyətləri barədə dediklərini də alqışlayırıq. Bu qərarı əlamətdar edən cəhətlərdən biri də həmin ahıl həmkarlarımızın fəaliyyətinin məhz “Heydər Əliyev İli”ndə qiymətləndirilməsidir.
Xatırladım ki, söhbət Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərin bir qrupu ilə keçirilən görüşdə şuranın tərkibində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi üzvlərindən dörd nəfərin diplomla təltif edilməsindən gedir.
Mətbuat Şurasına təşəkkür edirik ki, ölkədəki çoxsaylı ahıl jurnalistlər arasından seçilən dörd nəfərin sırasında məhz xalqımızın ən uzunömürlü – anadilli qəzetlər arasında – mətbuat vasitələrindən olan “Xalq qəzeti”nin təmsilçisi də vardır. Hacı Qüdrət Piriyev bu gün redaksiyamızda həm hamıdan yaşlı, həm də hamıdan təcrübəli qələm sahibidir. Təxminən əlli il müddətində “Azərbaycan gəncləri”, “Bakı” , “Kommunist” və “Xalq qəzeti” kimi nüfuzlu nəşrlərdə çalışmış bu həmkarımız həm jurnalist, həm də qəzetçi kimi özünəməxsus təcrübə və nüfuz qazanmışdır. Xatırladaq ki, bəzi həmkarlarımız jurnalist kimi daha çox irəli getməyi bacarır, bəziləri isə qəzetçi kimi başqalarından fərqlənirlər. Qüdrət Piriyev isə həmin istiqamətlərin hər ikisində uğur qazanmış həmkarlarımızdandır. Ona görə də, bu siyahını tərtib edən Mətbuat Şurası rəhbərliyinə təşəkkürlər düşür.
Milli mətbuatımızın 148-ci ildönümü münasibətilə fərqləndirilən həmkarlarımızı təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
***
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərin bir qrupu ilə görüş keçirilib. MŞ sədri Rəşad Məcid toplantını açaraq bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qələm sahiblərinin əməyinin qiymətləndirilməsinə, onlarla bağlı tədbirlərin təşkilinə böyük önəm verir. R.Məcid, həmçinin, vurğulayıb ki, şura milli mətbuatımızın 148 illiyi ilə bağlı veteran jurnalistlərin bir qrupunu mükafatlandırıb.
Təltif edilənlərdən “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Qüdrət Piriyev, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış Allahverdi Əsədov, hazırda əmək fəaliyyətini “525-ci qəzet”də davam etdirən Tamella Məmmədzadə xoş xatirələrini bölüşüb, jurnalist peşəsinin məziyyətlərindən söz açıb, əməklərinə verilən qiymətə görə təşəkkürlərini bildiriblər.
Təltif olunanlar arasında tanınmış jurnalist Zakir Abbas da var.
İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

