İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verilmiş tapşırığa əsasən Nazirlər Kabinetinin iyulun 15-də imzalanmış Sərəncamı ilə İşçi qrupu yaradılıb.
İşçi qrupunun üzərinə qoyulmuş vəzifələr ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsidir.
Dünən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. İclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.
İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
***
İyulun 21-də Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi və İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələrinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.
Dövlətimizin başçısının tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli sərəncamı imzalanıb.
“Xalq qəzeti”

