Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın keçmiş qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğısı onlarda dərin razılıq və minnətdarlıq hissi doğurur. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
“Xalq qəzeti”

