Milli Məclisin yaz sessiyasının növbədənkənar iclasları başa çatdı

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbədənkənar sonuncu iclası keçirildi. Deputatlar əvvəlcə cari məsələlərdən söhbət açdılar. 

Fazil Mustafa bu yaxınlarda Rusiyanın şəhər­lərinin birində olarkən Naftalan brendinin başqa ölkə adı ilə satışının şahidi olduğunu dedi. Bunun yolverilməz olduğunu bildirən deputat Naftalan, İstisu, Qalaaltı kimi brendlərin respublikamıza məxsus olduğunu diqqətə çatdırdı və bu məhsul­ların Azərbaycan brendi olaraq dünyaya təqdim edilməsinin vacibliyini bildirdi. O dedi ki, hansısa ölkənin brendlərimizdən istifadə edib məhsulu öz adı ilə dünyaya çıxarmasının qarşısı alınmalıdır. Həm də ona görə ki, Naftalan yağının müalicədə müstəsna rolu var. Bu yolla ölkəyə turist axınını təmin edə bilərik.

Deputat, həmçinin bölgələrdə vəkil çatışmaz­lığından söhbət açdı və problemin aradan qaldı­rılmasının səbəbini “Vəkillik haqqında” Qanunda dəyişiklik aparılmasında gördüyünü vurğuladı. Bu yolla bölgələrdəki vəkil çatışmazlığının aradan qaldırılmasının mümkünlüyünü əsaslandırdı.

Sonra deputatlar Sahib Alıyev, Bəhruz Məhər­rəmov və Hikmət Məmmədov 14 iyul 1969- cu il tarixinin Azərbaycanda hər bir kəsin yaddaşında ulu öndər Heydər Əliyevin birinci dəfə siyasi haki­miyyətə gəlişi kimi qaldığını bildirdilər, bu əlamət­dar tarixi gələcək nəsillərimizə miras qədirbilənlik yaddaşı kimi dəyərləndirdilər. Qeyd edildi ki, ölkə­mizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. 

Heydər Əliyev şəxsiyyəti öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnamə­sini yaradıb. Ulu öndər Azərbaycan xalqının şüu­runda inqilabi dəyişiklik edib. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin başlanğıc dövrüdür. Onun bütün fəa­liyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Deputatlar, həmçinin 2023-cü ilin 6 ayının yekunu ilə əlaqədar keçirilən toplantıda dövlət başçımızın nitqindən bəzi məqamları diqqətə çatdırdılar. Qeyd edildi ki, bu dövrdə Böyük Qa­yıdış proqramına start verilib, rəşadətli ordumuz daha da mətinləşib, sülh danışıqları intensivləşib. Dövlət başçımızın Qarabağın və Şərqi Zəngəzu­run bərpasına 12 milyard manat vəsaitin xərclən­məsinin nəzərdə tutulması barədə səsləndirdiyi fikri də deputatlar tərəfindən yüksək dəyərləndi­rildi. Bununla yanaşı, iclasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyəti kəskin tənqid olundu. Bildirildi ki, bu qurumun işi nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur. Yüz əlli ildən çox yaşı olan həmin təş­kilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoyma­sına baxmayaraq, konflikt törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur.

Sonra S.Qafarova gündəliyə 19 məsələnin daxil edildiyni bildirdi. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitu­siya Qanununda dəyişiklik edilməsi barədə Azər­baycan Respublikasının Konstitusiya Qanunu barəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli məlumat verdi. Qeyd etdi ki, bütün nor­mativ hüquqi aktlar bu qanunla tənzimləndiyindən sənədin qəbulu vacibdir. 

Qanun layihəsi qəbul edildikdən sonra “Azər­baycan Respublikasının Slovakiya Respublika­sında (Bratislava şəhərində) Səfirliyinin təsis edil­məsi haqqında” qanununun layihəsi müzakirəyə təqdim edildi. Azərbaycanın xarici əlaqələrinin daha da genişləndiyini vurğulayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov la­yihə barədə məlumat verdi. O bildirdi ki, son illər Azərbaycanın xüsusən Avropa ölkələri ilə müna­sibətləri gündən-günə güclənir. Münasibətlər get­dikcə inkişaf edir və Mərkəzi Avropada yerləşən Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda da səfir­liyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir.

B. ƏLİQİSMƏT, “Xalq qəzeti”

Son xəbərlər