Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşüb. 

Görüş zamanı, Azərbaycanla BQXK arasın­da əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxı­lış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəa­liyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd bu­raxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitə­sinə məxsus nəqliyyat vasitələrində qaçaqmal­çılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliy­yətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.

BQXK-nin 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülə­rinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirilib. Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

Aparılmış müzakirələr zamanı, zəruri qaydala­ra riayət etməklə, BQXK vasitəsilə erməni sakin­lərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü nazir tərəfindən bildirilib.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldik­də, Azərbaycan tərəfinin Ağdam–Xankəndi yolun­dan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.

“Xalq qəzeti”

Son xəbərlər