Qoşulmama Hərəkatının nazirlər görüşü dünya mediasında

post-img

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü dünya mediasının diqqət mərkəzində olub.

Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Əliyev sülhün şərtlərini açıqladı: Ermənistan silahlı qüvvələrini Qarabağdan tamamilə çəkməlidir” sərlövhəli geniş məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında otuz il əvvəl Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. 

Türkiyənin Anadolu, İHA informasiya agentlikləri, “TRTWorld” telekanalı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını canlı yayımlayıb. Bundan başqa, “Yeni Akit”, “Yeni Şafak”, “Akşam”, “Haber com”, “En son haber” və digər qəzet və xəbər portalları, həmçinin “Haber Global”, “OdaTV” telekanallarının saytları dövlətimizin başçısının çıxışının əsas məqamlarını təqdim ediblər.

Pakistanın “www.urdupoint.com” portalında isə Bakı görüşündə Malayziyanın xarici işlər naziri Zambri Abd Kadirin BMT-də ciddi islahatlara çağırış etdiyi bildirilib. 

Çinin “People’s Daily” və Nikaraquanın “www.el19digital.com” portallarında qeyd olunub ki, Bakı görüşündə yeni dünya nizamı ilə bağlı məsələlər müzakirə edilir, yaranmış böhrandan çıxış yolları axtarılır.

Misirin “Əxbar Əl Youm” nəşrinin  dərc etdiyi “İlham Əliyev: Fransa üzr istəməlidir” sərlövhəli materialda qeyd olunub ki, Azərbaycan Prezidenti özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. 

“Əl Əhəd” qəzetində qeyd edilib ki, Azərbaycanın prezidenti Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. 

“Əl Marsad”, “Əl Həmra”, “Pressbee”, SANA informasiya agentliyi, “Yemen Publisher” və ərəb ölkələrinin digər qəzet və portalları da Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışına geniş yer ayırıblar.

Əlcəzairin “al24news.com” saytı Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin açılış sessiyasında “beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı artıq bəşəri ümidləri doğrultmur, ona görə də BMT qaçılmaz olaraq ciddi islahatlar aparmalıdır” fikirlərini oxucuların diqqətinə çatdırıb.

Gürcüstanın “İnterpressnews.ge” portalında dərc olunmuş materialda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanmasının beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var.  “netgazeti.ge” portalında yayımlanan materialda isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Qarabağı tamamilə tərk etməlidir. 

Gürcüstanın İctimai Televiziyasında yayımlanan (1tv.ge) materialda Prezident İlham Əliyevin Fransada rəsmi şəxslərdən və parlamentarilərdən irqçi nifrət dilinin getdikcə daha çox eşidilməsi barədə fikirləri yer alıb. Bildirilib ki, Fransa müstəmləkəçilik keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir.

Kubanın “www.plenglish.com” portalında yayımlanan xəbərdə Qoşulmama Hərəkatının “yeni ədalətli dünya nizamı uğrunda mübarizəsini davam etdirən ölkələrin ən böyük hərəkatı olduğu bildirilib. “www.cubanews.acn.cu” portalı isə Hərəkatı  siyasi məsləhətləşmələr və beynəlxalq gündəlikdəki digər aktual məsələlər üzrə mübadilə forumu kimi diqqətə çatdırıb. 

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşü və tədbirdə səsləndirilən fikirlərlə bağlı materiallar, eyni zamanda, Belarusun “Belta”, “Reform.by”, “Eadaily.com” kimi eelektron media resurslarında da yayımlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı söylədiyi fikirləri ispandilli mətbuatın da diqqət mərkəzində olub.

“www.swissinfo.ch”, “www.msn.com”, “Deportes” kimi portallarda yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına (QHH) üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdığı, Fransanı irqçilikdə, soyqırımda və başqa ölkələrin işlərinə qarışmaqda ittiham edərək, neokolonializmin müasir dəstəkçilərindən biri olduğunu bildirdiyi vurğulanıb.

İranın “ww.tasnimnews.com” və “mehrnews.com” saytlarında bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər barədə məlumat verilib. Bildirilib ki, müzakirə olunan məsələlər arasında Azərbaycanın İrandakı səfirliyinə hücumda müqəssirlərin tapılması ilə bağlı görülən tədbirlər də yer alıb.

Son xəbərlər