Ermənistan baş naziri Nikol Paşinyan yenə səfehləyib. Əslində, Nikolun belə hərəkətlərinə nəinki biz, eləcə də bütün dünya öyrəncəlidir. Bu mənada onun ölkənin konstitusiya günü münasibəti ilə xalqa dünənki müraciətində, ilk baxışdan, fövqəladə nə isə yoxdur. Amma...
Nikol bu müraciətində ölkəsinin xarici təhlükəsizlik sahəsindəki problemlərindən danışıb və bildirib ki, Ermənistan mövcud istiqamətdə çox ciddi çağırışlarla üz-üzədir. Əlbəttə, Paşinyan doğru deyir. Hazırda elə bir dövrdür ki, ölkənin taleyi həll olunmaqdadır. Amma belə görünür, Ermənistanda bunu baş nazirdən başqa kimsə anlamır və ya anlamaq istəmir. Erməni siyasi dairələrinin təmsilçiləri elə bəyanatlar verir, elə fikirlər səsləndirirlər ki, guya, indiki duruma qarşı çıxmaq üçün gücləri var. Nikol da belələrinin hay-küyünə uyur. Əslində, onun konstitusiya günü münasibətilə xalqa müraciətindəki ayrı-ayrı məqamlar da gəldiyimiz qənaətin təsdiqidir.
Amma əvvəlcə N.Paşinyanın nə dediklərinə diqqət yetirək. Baş nazir deyir ki, Ermənistan hökumətinin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur: “Sülh suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir”. Hərçənd, o, sülh gündəliyinin həyata keçirilməsinin təkcə onlardan asılı olmadığını da vurğulayır. Yəni, baş nazirin Azərbaycanın sanki barışığa mane olduğuna dair sətiraltı eyhamını hiss edirik...
Başlıca məqamlardan biri də budur ki, N.Paşinyan ölkəsinin sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməli olduğunu söyləyir: “Bu kontekstdə Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliklərinin təmin edilməsi və 29,8 min kvadratkilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması üçün müvafiq mexanizmlərin yaradılması əsas əhəmiyyət kəsb edir”.
Hesab edək ki, 29,8 min kvadratkilometrlik ərazi Ermənistanın qanuni haqqıdır. Amma Paşinyan həmin haqqı Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi müstəvisinə daşıyanda, ortaya böyük qanunsuzluq, beynəlxalq hüquqa zidd yanaşma çıxır. Nəticədə onun Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanıdığını bildirməsi əhəmiyyətini tamamilə itirir. Nəzərə alaq ki, tanınma yalnız sözdədir, sənəddə yox. Digər tərəfdən, Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, yaxşı əzbərləməlidir ki, həmin ərazidə “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycanın Qarabağ iqtisadi rayonu var ki, Ermənistanın baş nazirinin, hər ehtimala, bu adı da dilinə almaması daha konstruktiv olardı...
Bəli, Paşinyan vurğuladığımız iki məsələni – öz ərazisinin tanınmasını və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin tanınmasını çulğalaşdırır. Hər ikisi üçün ortaq nöqtə olan beynəlxalq təminatı axtarır. Deyə bilmərik, Nikol söylədiklərinin təfərrüatlarını düşünüb ya yox, amma buradan bir nəticəyə də gəlmək mümkündür ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı dirəniş olsa, vəziyyət 29,8 min kvadratkilometrlik ərazi üçün riskə çevriləcəkdir. Bu, həqiqətən də belədir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırlayaq: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.
Deməli, hazırda Ermənistan hakimiyyəti riskə getməkdədir. Əlbəttə, o, həm də hansı təhlükəli oyuna baş vurduğunu düşünməyəcək qədər iflic durumdadır. Burada bir məsələni də vurğulamağa ehtiyac var. 44 günlük müharibəyə qədər Ermənistan hakimiyyəti Qarabağı Ermənistan ərazisi sayırdısa, müharibədən sonra bu baxışda ciddi dəyişiklik baş verdi. Amma dəyişiklik ölkənin Qarabağ avantürasından daşındığı anlamına gəlməməlidir. Sadəcə olaraq, avantüra özünün məzmununu yox, formasını dəyişdi.
Məsələn, Ermənistan hökumətinin 2022-2026-cı illər üçün fəaliyyət strategiyasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən, azadlıqlarının təmin edilməsinə dair müddəa yer alıb. Əslində, Paşinyan administrasiyası məhz həmin “strateji” müddəanı Azərbaycanla danışıqlar masasına daşımağa cəhd göstərir. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminat tezisi də məhz bundan qaynaqlanmaqdadır. Belədə ortaya iki sual çıxır: 29,8 min kvadratkilometrlik ərazidə suveren hüquqlarının tanınması ilə bağlı beynəlxalq təminat Ermənistanın nəyinə lazımdır? Bəs, sırf Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə dair beynəxalq təminat mexanizminin yaradılması nəyə xidmət edir?
***
İkinci suala cavab verək. Qarabağ erməniləri ilə əlaqədar beynəlxalq təminat o deməkdir ki, Ermənistan onları fərqləndirir. Yəni, xüsusi imtiyazlı təbəqəyə çevrilirlər. Beləliklə: - fərqləndirmə beynəlxalq sənəddə əksini tapır. Özü də hüquq və təhlükəsizlik kontekstində. Bu kontekst Azərbaycanla sülh müqaviləsində yer alırsa, deməli, ölkəmiz, faktiki olaraq, Ermənistanı həm də Qarabağ ermənilərinin hamisi kimi qəbul etmiş olur. Nəticədə, İrəvan gələcəkdə bu əhali kateqoriyası ilə bağlı öz üzərinə öhdəlik götürmüş kimi davranma şansı, rəsmi patronajlıq qazanır.
Bir halda ki, ölkənin 2022-2026-cı illər üçün strategiyasında diqqətə çatdırdığımız məqam yer alıb, deməli, sülh müqaviləsində beynəlxalq təminat məsələsinin mövcudluğu erməni ərazi iddialarını daha da qüvvətləndirəcəkdir. Müvafiq olaraq, gələcəkdə Ermənistan nəyisə bəhanə edib bildirə bilər ki, tutalım Qarabağdakı Aşotun hüquqları pozulur və s. Hətta Aşot və Aşot kimilərin özlərinin hüquqlarına hörmətsizliyin mövcudluğunu qondarıb, ölkəmizin tabeliyində yaşamaq istəmədiklərini də uca səslə dilə gətirmələri mümkündür. Onların səslərinin eşidilməsi üçün beynəlxalq təminat olacaqsa, heç şübhəsiz, həmin təminat erməni avantürizmi üçün vəsiləyə çevriləcəkdir.
Paşinyan, Ermənistan hakimiyyəti, ümumilikdə, dünya erməniliyi həmin vəsilənin axtarışındadır. Hər iki qütb düşünür ki, hələlik Azərbaycanın qarşısında duracaq güc yoxdur, üstəlik, beynəlxalq hüquq da qəsbkarlıq niyyətlərinin gerçəkləşməsinə imkan vermir. Bu səbəbdən onlar dünyanın diqqət mərkəzində olan danışıqlar prosesinə vurğuladığımız məsələni dürtmək istəyirlər. Beynəlxalq aləmin erməni təəssübünün işə düşəcəyinə ümid bəsləyirlər. Qarabağ erməniləri müstəvisində yaradılmış isterik durum da həmin ümiddən qaynaqlanmaqdadır.
***
Birinci suala cavab vermək üçün isə bir müddət əvvəl Paşinyanın ortaya atdığı və erməni cəmiyyətində geniş müzakirə doğurmuş məsələyə diqqət yetirək. Söhbət Ermənistan üçün “kadastr şəhadətnaməsi”ndən gedir. Nikol, təxminən, ay yarım öncə, ölkənin hansısa sənədinin olmadığını bildirmişdi. Necə deyərlər, sanki uşaq doğulub, ona ad qoyulub, ancaq bu, heç bir yerdə əksini tapmayıb. Yəni, uşağın atasının və anasının kimliyi bilinmir. Bu baxımdan Nikolun əndişəsini anlamaq olardı. O, elə indi də eyni məsələni gündəmə gətirir. İstəyir ki, 29,8 min kvadratkilometr ərazinin Ermənistan kimi tanınması beynəlxalq səviyyədə rəsmiləşsin. Ölkənin, necə deyərlər, “kupçası” olsun.
Maraqlıdır ki, Ermənistan üçün “kupça” və ya “doğum şəhadətnaməsi”nin alınmasının yolu, Azərbaycanla bağlanacaq sülh müqaviləsindən keçir. Bunu erməni baş nazir də gözəl anlayır. Ancaq erməniliyindən qalmır. İndiki məqamda o, həm ölkənin öz ərazisinin tanınması, həm də Qarabağ erməniləri üçün hüquq və təhlükəsizliyin təminatı üçün beynəlxalq mexanizmin tətbiqindən söz açmaqla, Ermənistanı və erməni avantürizminin davamlılığını təminat altına almağa çalışır. Yəni, nə vaxtsa Qarabağda erməni separatizmi baş qaldırmağa başlasa, Azərbaycanın əks addımları Ermənistan üçün təhlükə yaratmasın. Paşinyan bu təhlükəni görür. Beynəlxalq mexanizmdən və ya beynəlxalq təminatdan dəm vurma bunun üçündür.
Sonda onu deyək ki, Nikolun fikirləri bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi, yumşaq desək, düz yolda deyil. Nəzərə alaq ki, 44 günlük müharibədə qalib olan Azərbaycan, zəfərin ona verdiyi üstünlükləri sonadək dəyərləndirməkdə israrlıdır. Ölkəmiz mövqeyini qətiyyətlə ortaya qoymaqdadır və prinsiplərindən geri çəkilən deyil. Prinsiplərdən söz düşmüşkən, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsi bu baxımdan mühüm əhəmiyyət daşımaqdadır. Bakı bölgənin erməni nümayəndələrini danışıqlara dəvət edib, ancaq pozitiv cavab almayıb.
Belə nəticəyə gəlirik ki, bölgənin erməni əhalisi ya separatizmi dəstəkləyir, ya da onun təsirindən çıxa bilmir. Hər bir halda nəticə eynidir. Hazırda Paşinyanın dilə gətirdikləri isə Qarabağdakı erməni separatizminin saxlanmasına yönələn cəhddən başqa bir şey deyil. Əlbəttə, bu, uğursuz, ən əsası isə son dərəcə təhlükəli cəhddir.
Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”