Akademik İsa Həbibbəyli Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli qonağı AMEA-da görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında mövcud siyasi, iqtisadi əlaqələrdən danışıb. Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli yaradılan bu geniş imkanların elm sahəsində də əlaqələrin inkişaf etdirilməsinə meydan açdığını söyləyib.

Ölkəmizdə elm sahəsində aparılan islahatlardan danışan AMEA rəhbəri bu gün Milli Elmlər Akademiyasında humanitar və ictimai elmləri əhatə edən bir çox beynəlxalq səviyyəli müştərək tədqiqatların aparıldığını, bu istiqamətdə başda Litva Elmlər Akademiyası olmaqla, Litvanın elm-tədqiqat və ali təhsil müəssisələri ilə əlaqələrin qurulması üçün geniş imkanların mövcud olduğunu bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisələrinin Litva Elmlər Akademiyasının müvafiq qurumları ilə əməkdaşlıq etdiyini, bununla belə iki Akademiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının gələcək üçün perspektivli olacağını vurğulayıb.

Səfir də öz növbəsində qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Litva Elmlər Akademiyasının prezidenti salamlarını çatdıraraq onun akademik İsa Həbibbəylini Litvaya səfərə dəvət etdiyini söyləyib. Litva EA ilə AMEA arasında birbaşa əməkdaşlığın qurulmasında maraqlı olduqlarını deyib, bunun üçün zəruri dəstəyi verəcəyini vurğulayıb. O, birgə elmi layihələrin, alimlərin mübadiləsinin və ortaq tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb. 

İki ölkənin Elmlər Akademiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması və bir sıra birgə tədbirlərin təşkil edilməsi barədə razılığa gəlinib.

Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Qonaq AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub və xatirə şəkli çəkdirilib.











Elm