“Mundial–2026”: isti havalar nəzərə alınacaqmı?

post-img

Bu yaxınlarda FIFA-nın təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarının 11 şəhərində Qitələrarası Dünya Kuboku keçirilib. Turnirdə Avstraliya istisna olmaqla, digər bütün qitələrin ən güclü futbol klublarının oyunçuları qələbə üçün öz bacarıqlarını əzmlə nümayiş etdiriblar. Milyonlarla azarkeş televiziya ekranları qarşısında unudulmaz bir futbol həyəcanı yaşayıb.

Eyni zamanda məlum olub ki, turnirin yay aylarına təsadüf etməsi meydanda idmançılar üçün xeyli çətinlik yaradıb. İndi bu məsələ qlobal mediada ciddi müzakirə olnur. Axı, gələn il ABŞ, Meksika və Kanadanın birgə evsahibliyi edəcəyi növbəti dünya çemponatı da məhz iyun-iyul aylarında keçiriləcək.

Düzdür, Qitələrarası Dünya Kuboku yarışlarında idmançılara əlavə təşkilatçılar tərəfindən nəmləndirmə fasilələri verilib, matçların keçirildiyi şəhərlərdə oyunçular və fanatlar üçün kölgə ilə təchiz olunmuş soyutma məkanları qurulub və başqa tədbirlər görülüb. Amma reallıq budur ki, isti havalarda keçirilən gərgin oyunlar idmançıları əldən salıb.

2026-cı ildə hava şəraiti ilə bağlı anoloji problemlər yarana bilərmi? Böyük ehtimalla, builki vəziyyət gələn il də təkrar oluna bilər. Təsadüfi deyil ki, turnirin qalibi, İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Enzo Fernandez Amerikada keçirdiyi oyunlar zamanı isti havaların onda tez-tez başgicəlləndirmə halları yaratdığını açıqlayıb və gələn yay mundialda oyunları günortadan sonra başlamamaq üçün FİFA rəsmilərinə az qala “yalvarıb”.

Xatırladaq ki, Dünya çempionatının iyun və iyul aylarında keçirilməsi ənənəsi 1930-cu ildə Uruqvayda təşkil olunan ilk turnirə gedib çıxır. Lakin o dönəmlərdə yay ayları indiki qədər sıcaq olmayıb. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, planetimizdə orta qlobal temperatur XX əsrin əvvəllərindən üzü bəri 1,05 dərəcə Selsi artıb, Avropada isə yay daha da sürətlə (1,81 dərəcə Selsi) istiləşib.

Futbolun vətəni sayılan İngiltərənin Lidz şəhərindəki İqlim dəyişikliklərini öyrənən mərkəzin direktoru professor Piers Forster FİFA rəhbərliyi də daxil olmaqla, idmanı idarə edən bütün beynəlxalq qurumları futbol yarışlarının sərin payız-qış aylarına keçirilməsi ilə bağlı təklifləri ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.

Bu arada Qlobal oyunçular birliyi olan FIFPRO, 2026-cı ildə futbol üzrə Dünya çempionatına evsahibliyi edəcək 16 şəhərdən 6-nı istilik stressi üçün “son dərəcə yüksək risk” kimi qeyd edərək problemin ciddiliyini vurğulayıb.

FİFA prezidenti Gianni İnfantino isə səslənən bu narahatlıqları etiraf edərək, dam örtüyü olan stadionların gündüz saatlarında keçiriləcək futbol oyunları üçün prioritet olacağını vəd edib. Bununla belə, növbəti mundialda iştirakçı sayının 32-dən 48-ə qədər artması çempionatın qrafikinin kifayət qədər sıx olacağını düşünməyə əsas verir.

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə Dünya çempionatı diqqətəlayiq bir istisna idi. Belə ki, turnir yayın istisindən xilas olmaq üçün noyabr və dekabr aylarına keçirildi. Böyük ehtimalla, Səudiyyə Ərəbistanı da 2034-cü ilin mundialı üçün oxşar düzəliş edəcək. Bəs gələn il Şimali Amerikanın birdən-birə 3 ölkəsində keçiriləcək futbol üzrə Dünya çempionatının təşkilatçıları idmançıları və azarkeşləri istidən qoruya biləcəkmi? Bu suala indidən cavab vermək çətindir.

M.ABDULLAYEV
XQ



İdman