Azərbaycan bəşəri dəyərlərə daim hörmət və ehtiramla yanaşıb, bütün xalqların inkişafına, dövlətlərin qarşılıqlı əməkdaşlığının təşviqinə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına öz töhfələrini verməyə çalışıb və buna nail olub. Doğrudur, biz bu siyasəti ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra daim diqqət mərkəzində saxlamışıq. Ancaq Azərbaycanın Qoşulmama Hərəkatının sədri seçilməsindən sonra bu istiqamətli fəaliyyətimizə daha geniş meydan açılmışdır.
Dünən Bakıda açılış mərasimi keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarına müraciət ünvanlayan BMT Baş katibi Antoniu Quttereş də rəsmi Bakının bu istiqamətli fəaliyyətini yüksək qiymətləndirmişdir. Təbrik məktubunda qeyd edilir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verib. Baş katib əlavə edib ki, Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edir, təşkilatın prinsip və normalarının yerinə yetirilməsində ölkənin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm. O, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə verdiyi töhfəni xüsusilə qeyd edib.
A.Quterreş əlavə edib ki, dünya münaqişələrdən, iqlim problemlərindən, qeyri-sabit iqtisadiyyatdan və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərdən əziyyət çəkir: “Qoşulmama Hərəkatının fəaliyyəti isə kataklizmlərə qarşı mübarizəyə töhfə verir”.
Yeri gəlmişkən, dövlət başçımız, Qoşulmama Hərəkatının COVID –19 -a qarşı mübarizə üzrə təmas qrupunun bu il martın 2-də keçirilən Zirvə görüşündəki çıxışında demişdi ki, bu hərəkatın təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Fikrimizcə, dövlət başçımızın həmin çıxışında cənab Quttereşin xatırlatdığı həm təbii, həm də bilavasitə insanların törətdiyi problemlərin aradan qaldırılmasına çağırışlar var idi. Çox təəssüf ki, həm BMT rəhbərliyinin, həm Qoşulmama Hərəkatı sədrliyinin çağırışlarına baxmayaraq, ədalətsizliklər hələ də davam edir. Məsələn, işğalçı Ermənistanla Azərbaycan arasındakı artıq tarixin arxivinə göndərilmiş münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupuna XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirən ölkənin həmsədrliyindən hansı ədaləti gözləmək olar?
Hamının gözü qabağındadır ki, Fransa həmin fəaliyyəti zamanı nəinki hansısa ədalət prinsipinə, hətta normal əxlaq çərçivəsinə də sığmayan mövqe nümayiş etdirmişdir. Üstəlik, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə rəsmi Paris, sözün həqiqi mənasında, işğalçını dəstəklədi, beynəlxalq hüququn təməl prinsiplərini ayaq altına atdı, Azərbaycana və Türk dünyasına düşmən münasibətini gizlətmədi.
Azərbaycan isə bəşəri dəyərləri üstün tutaraq, həm öz tarixi torpaqlarını düşmən əsarətindən azad etdi, həm yüz minlərlə insanın hüquqlarının bərpasına nail oldu, həm də BMT Təhlükəsizlik Şurasının otuz ilə yaxın icra edilməyən qətnamələrinin icrasını reallaşdırdı.
Dövlət başçımız Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlərinin dünən keçirilən tədbirində Ermənistanın Cənubi Qafqazda sülhün bərpasına qarşı törətdiyi maneələri də yada saldı. Qoşulmama Hərəkatının sədri təəssüflə xatırlatdı ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Bu da bir faktdır ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün əvvəlki ampluasından çıxaraq, kifayət qədər fəal olan bir beynəlxalq quruma çevrilmişdir. İndi artıq beynəlxalq ictimaiyyət BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən, öz katibliyi, parlament və gənclər şəbəkəsi olan Qoşulmama Hərəkatı ilə hesablaşır.
Dövlət başçımızın bu qurumun sədri kimi etdiyi çıxışlar, xüsusilə, “peyvənd millətçiliyi”nin aradan qaldırılması təklifi müstəsna beynəlxalq əhəmiyyət kəsb edir. Hamı etiraf edir ki, Prezident İlham Əliyev artıq dünya ictimaiyyətini çox narahat edən, olduqca mühüm məsələləri gündəliyə gətirir. Dövlət başçımız xatırladır ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması bəşəriyyəti təhdid edir.
Prezident İlham Əliyevin fikrincə, dünya bu gün neokolonializm meylinin artdığını müşahidə edir. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı isə bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
QH sədri olan Azərbaycan lideri təklif edir ki, yeni hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Başqa bir təklif isə tam siyasi məzmunludur: “Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub–Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil”.
Dövlət başçımızın dünənki çıxışının əsas istiqamətlərindən biri də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ermənilərin və onların havadarlarının sərgilədiyi əxlaq, daha doğrusu, əxlaqsızlıq barədədir. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, – deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.
Sonda xüsusilə qeyd edək ki, cənab Antoniu Quterreşin Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik dövründə həyata keçirdiyi layihələrə verdiyi yüksək qiymətin anonsunu biz xeyli əvvəl eşitmişdik. Belə ki, 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın bu hərəkata sədrliyinin müddəti daha bir il uzadılmışdı. Ancaq cənab Prezidentin dediyi kimi, biz kiməsə nümunə göstərilmək və ya kiminsə yüksək qiymətini almaq üçün fəaliyyət göstərmirik. Biz ənənəvi olaraq, öz ədalətli mövqeyimizi davam etdirir, haqq yolu ilə gedirik. Yolumuz açıq olsun!
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”