1 mart 1992-ci il. Gürcüstan, Batumi. Cənubi Qafqazın bu ölkəsi ilə Türkiyəni birləşdirən “Sarp” keçid qapısında rus sərhədçiləri 16 yaşlı azərbaycanlı yeniyetmə oğlanı saxlayırlar. Bir az sorğu-sualdan sonra üzərində heç bir sənədi olmayan gənci Batumidəki müvəqqəti təcridxana müəssisələrindən birinə gətirirlər.
Dövlət sərhədini təkbaşına, həm də şəxsiyyətini təsdiq edəcək heç bir sənədi olmadan keçməyə cəhd edən yeniyetmənin verilən suallara cavabı isə sadəcə belə olur: “Türkiyəyə gəzməyə gedirdim”. Bu cavab isə əməliyyatçıları qane etmir. Üstündəki azacıq pulu da əlindən aldıqdan sonra onu 5 gün saxlayırlar. Təbii ki, hər gün saysız-hesabsız suallardavam edir. Orta məktəbə də doğru-dürüst getməyən Vüqarın burada yeganə köməyinə çatan, zəif də olsa, rus dilini bilməsi olur. Sonra onu Azərbaycana qaytarmaq adı ilə əvvəl Tbilisiyə gətirirlər. Sonra isə... qərəzkarlıqla sərhəddə erməni hərbçilərinə təhvil verirlər.
Oğlan əvvəlcə Ermənistan tərəfinə təhvil verildiyini anlamır. “Kalaşnikov”un qundağı ilə arxadan vurulan möhkəm zərbə ilə artıq o dəhşətli əsirlik günləri başlayır. Dəqiqəsi yox, saniyəsi ilə ölümünü gözlədiyi həmin günlər bu yeniyetmənin sağlamlığında, psixologiyasında dərin izlər qoyur. Necə deyərlər, hər gün ölüb-dirilir, amma ümidini itirmir. Hər günü bir ilə bərabər bu məşəqqətli, ağır günlərin sonunda – 28 mart 1992-ci ildə onu əsirlikdən Azərbaycan rəhbərliyi deyil, o vaxt ağır blokada şəraitində Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev xilas edir.
Bu hadisənin üstündən uzun zaman keçib. İndi 47 yaşı olan həmin soydaşımızla – Vüqar Şükürlü ilə Gəncədə görüşəndə ona verdiyim ilk sual bu oldu: “Vüqar, o yaşda və sənədsiz-icazəsiz Türkiyəyə nəyə gedirdin?”. Cavab 31 il əvvəlki kimi oldu: “Gəzməyə”. Sonra bildirdi:
– O zaman Mingəçevirdə yaşayırdıq. Məni ərköyün böyütmüşdülər. Bir də görürdün aglıma gəzmək düşdü, deyirdim gedirəm Bakıya və ya Gəncəyə. Gedib bir-iki gün gəzib qayıdırdım evə. Türkiyəyə gedəcəyimi isə heç kimə deməmişdim, fikirləşmişdim ki, bunu evdəkilərə desəm, razı olmayacaqlar. Odur ki, beş-on manat yol xərcini düzəldib sakitcə aradan çıxdım. Nəticəsi isə çox ağır oldu.
...Ötən əsrin 90-cı illərində Naxçıvan çox çətin günlərini yaşayırdı. Muxtar respublikanın sərhəd yaşayış məntəqələri mütəmadi olaraq erməni quldurlarının hücumuna məruz qalır, mavi qazın kəsilməsi, elektrik enerjisinin fasilələrlə verilməsi həyatı iflic vəziyyətinə gətirib çıxarmışdı. Mağazalarda yaranan çörək növbələri, ərzaq, yanacaq qıtlığı və üstəgəl Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibəti mövcud vəziyyəti daha da ağırlaşdırmışdı. Yeganə ümid yeri xalqımızın ümummilli lideri Heydər Əliyev idi.
1992-ci il mart ayının əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi tərəfindən məxfi bir məlumat məruzə olunur. Məruzədə “Ümid” körpüsünün yaxınlığında gecə saatlarında əllərində böyük dağıdıcı gücə malik trotil və qurğunu işə salmaq üçün digər vasitələrin də olduğu iki naməlum şəxsin saxlanıldığı bildirilir. Ali Məclisin Sədri dərhal hərbi istintaq qrupuna əməliyyatın başlanılması üçün tapşırıq verir. Aydın olur ki, saxlanılaraq gətirilən hərbçilərdən biri rus, digəri isə erməni zabitidir. Aparılan sorğu-sualdan sonra həyata keçiriləcək plan da deşifrə olur: Naxçıvanla Türkiyə arasında tikilməkdə olan “Ümid” körpüsü partladılmalı imiş!
Bu hadisənin üstündən bir neçə gün keçdikdən sonra, martın 28-də ulu öndər Heydər Əliyev əməliyyat qrupunun rəhbərinə həmin rus hərbçisinin İrəvanda girovluqda saxlanılan 16 yaşlı yeniyetmə bir azərbaycanlı ilə günorta üstü dəyişdirilməsi ilə bağlı tapşırıq verir. Dərhal hazırlıq görülür və qrup yola düşür. Tezliklə, ulu öndərin daha bir xilaskarlıq əməli ilə azərbaycanlı yeniyetmə erməni əsarətindən xilas edilir.
Vüqar o günləri belə xatırlayır:
– Erməni əsirliyində 22 gün qaldım. Mart ayı olsa da, havalar soyuq keçirdi. Məni təkadamlıq kamerada saxlayırdılar. Kamera o qədər darısqal idi ki, yerdə ayaqlarım üstə ancaq otururdum, bəzən isə ayaqüstə qalmağa məcbur idim. Üst geyimlərimi də əlimdən almışdılar. Üzərimdə yalnız mayka və şalvar var idi. Hər gün çölə çıxarır, mən anlayım deyə Azərbaycan dilində söyərək var gücləri ilə döyürdülər. Hətta biri yorulduqdan sonra digəri döyməyə başlayırdı. Sonra isə taqətsiz halda sürüyüb içəri atır, üzərimə də vedrə ilə soyuq su tökürdülər.
Bir gün məni maşına mindirib harasa apardılar. Maşından endikdən sonra məni irəliyə ötürüb arxamca gəlməyə başladılar.. Bir az da getmişdim ki, gördüm qarşıdan gələn əsgərlərin biri ucadan dedi ki, qorxma bizik, Azərbaycana gəlirsən. Naxçıvanda olduğumu məni gətirən bu əsgərlərdən öyrəndim. Anladım ki, burada saxlanılan əsirlərdən biri ilə dəyişiblər. Həmin gün məni hərbi hospitaldan gələn həkimlər müayinə etdilər, vəziyyətimlə maraqlandılar, isti geyim və yemək verdilər.
Növbəti gün isə tanımadığım bir hərbçi ilə ulu öndər Heydər Əliyevin qəbulunda olduq. Bu böyük insan mənimlə səmimi, doğma övladı kimi söhbət etdi, ailəm haqqında soruşdu. Başıma gələnləri danışdım. Məni gətirən zabitə tapşırıq verdi ki, tibbi müayinədən keçirilsin, istirahət etsin, tezliklə evlərinə göndəriləcək.
O zaman ulu öndərin yeniyetmə bir azərbaycanlını erməni zindanında məhv olmaqdan xilas etməsi ölkəmizdə güclü bir əks-səda yaratmış, dastana çevrilmişdi. Ölkəmizin yaxınlaşmaqda olan fəlakətdən xilas edilməsi ilə bağlı bütün ümidlər də bax belə əməllərin timsalında Naxçıvana yönəlmişdi. Çox keçmədi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı da məhv olmaqdan xilas etdi. Xilaskarlıq ulu öndərin tanrı tərəfindən verilmiş missiyası idi.
Səbuhi HƏSƏNOV,
Naxçıvan–Gəncə–Naxçıvan