“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illik yubileyi və 22 İyul Milli Mətbuat Günü münasibətilə Yevlaxda bir qrup mətbuat nümayəndəsi ilə görüş keçirilib.
Əvvəlcə anadilli mətbuatın inkişaf tarixini əks etdirən video-çarx nümayiş olundu. Sonra şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev media nümayəndələrini peşə bayramları münasibətilə təbrik etdi, məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı.
Natiq ulu öndər Heydər Əliyevin mətbuata və media nümayəndələrinə göstərdiyi diqqət və qayğını Prezident İlham Əliyevin layiqincə davam etdirdiyindən danışaraq bildirdi ki, mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır. 150 illik çətin, şərəfli yol keçən Azərbaycan milli mətbuatı daim insanların maariflənməsi, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib, bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib.
Xatırlandı ki, Yevlaxda düz 90 il öncə ilk mətbu nəşr – “Yeni Yevlax” çıxmağa başlayıb. Sonralar “Qələbə”, “Mübariz”, “Təşəbbüs” kimi ad dəyişmələri olsa da, yerli mətbuat özünün ilkin məramnaməsinə sadiq qalıb. Nəhayət, 1992-ci ildən “Kür” adı ilə çıxan rayon qəzeti müstəqilliyin verdiyi imkanlar sayəsində şanlı ənənələrini davam və inkişaf etdirməkdədir. Ölkəmizin hər yerində olduğu kimi, müntəzəm çıxan bu qəzetdə, eləcə də digər mətbu orqanlarda jurnalistlərin qərəzsiz və obyektiv şəkildə qaldırdığı bütün məsələlər diqqətdə saxlanır, araşdırılır və müvafiq tədbirlər görülür.
“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov və həmkarları Lazım Quliyev (“Azərbaycan”), Zabit Xəlilov (“Respublika”), “Dialoq.az” xəbər saytının rəhbəri Natiq Əliyev, İTV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov, ELTV-nin Baş direktorunun yaradıcılıq işləri üzrə müavini Rəna İbrahimova çıxış edərək Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunmasından, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunmasından, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışdılar, mətbuat nümayəndələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonda Milli Mətbuat Günü münasibətilə media təmsilçilərinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri təqdim olundu.
XQ