Mətbuatla incəsənətin vəhdəti

post-img

“Mən 10 il əvvəl ilk dəfə Bakıya gəlmişəm. Paytaxtınız çox gözəlləşib, daha da müasirləşib. Çox şadam ki, Azərbaycan mətbuatının 150 illiyinə həsr olunan bu simpoziuma dəvət olunmuşam. Təqdim etdiyim əsərlər “Söz. Çap. Forma – birləşən dünyalar” devizinə tam uyğundur. Burada Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin təsvirini yaratmaq barədə qənaətim də gücləndi. Axı, 150 il əvvəl məhz Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü görüb”

– Bu fikirləri “MətbuArt” beynəlxalq incəsənət simpoziumunda iştirak etmək üçün Bakıda qonaq olan Qahirə Universitetinin professoru, rəssam Məhəmməd Abouelnaqa deyib.

Simpozium çərçivəsində tanınmış rəssam və sənət tədqiqatçısı ilə yaddaqalan görüş olub. Ənənəvi materialları və vizual dili müasir bədii ifadə ilə birləşdirən M.Abouelnaqa çap texnologiyalarının simvolik dəyəri, yaddaş və özünüdərk anlayışına təsiri barədə fikir və təcrübələrini bölüşüb. “Mən vizual üslubda çalışan rəssamam. Burada nümayiş etdirdiyim əsər alüminiumdan hazırlanmış peyk formalı qablardır. Bunlar müharibələrin dünyaya necə böyük zərər vurduğunu əks etdirir. Hazırda dünyanın bir çox yerlərində müharibələr gedir. Hər bir müharibə bəşəriyyət üçün olduqca zərərlidir. Mən hər cür müharibəyə və silahlı münaqişəyə qarşıyam”, – deyə o bildirib.

Azərbaycan rəssamı Rəna Tağıyeva platformaya abstrakt əsərlərlə qatılıb.

“İndiyədək çoxsaylı sərgi və simpoziumlarda iştirak etmişəm. Şadam ki, bu simpoziuma da dəvət olundum. Düşünürəm ki, abstrakt əsərlərlə fikri daha gözəl çatdırmaq olur. Əsas mövzumuz Azərbaycan mətbuatının 150 illiyinə həsr olunub. Təqdim etdiyim əsərlərdən birində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin təsvirinin əks olunması təsadüfi deyil. Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsi qoyulub. Simpoziumda nümayiş etdirəcəyim həmin əsərdə 150 yaşlı ölkə mətbuatının keçdiyi zaman kəsiyini, xüsusilə də son bir neçə ildə aktiv fəaliyyətini canlandırmağa çalışmışam.

Digər əsərimə isə H.Zərdabinin tez-tez istinad etdiyi bir kəlamı həkk etdirməyi düşünürəm. Həmin kəlam yunan filosofu Platona aiddir: “Bütün şərlərin kökü cahillikdədir”.

Qeyd edək ki, “MətbuArt” beynəlxalq incəsənət simpoziumunda Azərbaycan təmsilçiləri ilə bərabər, 7 xarici rəssam, fotoqraf və heykəltaraş iştirak edir. simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir. Sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.

Mətbuatın və incəsənətin vəhdət təşkil etdiyi “MətbuArt” yaradıcı platforması bu gün açıq sərgi ilə yekunlaşacaq.

XQ

Sosial həyat