Baş prokuror Kamran Əliyev Mərakeş Krallığında səfərdədir. Səfər çərçivəsində Baş prokuror Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini yad edib.
Mərakeş Krallığının Prokurorluğunda keçirilmiş görüşdə Kamran Əliyev qeyd edib ki, Mərakeş Krallığı ortaq dəyərləri paylaşdığımız Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq ölkəmizlə həmrəy mövqe nümayiş etdirib. Xüsusilə son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident İlham Əliyev və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib.
Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən ev sahibi ölkəmizin təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.
Görüş zamanı gələcəkdə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ətrafında müzakirə aparılaraq razılıq əldə edilib.
Nümayəndə heyətinin səfəri davam edir.
Q.YUSİFOĞLU
XQ

