Səmimiyyət və qarşılıqlı etimad üzərində qurulan qardaşlıq münasibətləri

post-img

Bugünkü siyasi düzəndə Azərbaycan xarici siyasət kursunda bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlıq prinsiplərini əsas tutur. Hazırki iqtisadi, siyasi və hərbi qüdrəti ilə Azərbaycan təkcə regionda deyil, bütün dünya dövlətləri üçün maraqlı tərəfdaş ölkədir. Şübhəsiz, beynəlxalq münasibətlər sistemində rəsmi Bakı üçün tarixi köklərlə dostluq münasibətlərində olan ölkələr ön planda gəlir. Bu baxımdan Pakistan  müstəqilliyimizi ilk  tanıyan ölkələrdən biri kimi qardaş Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycana olan sevgisini, qardaşlıq dəstəyini hər zaman açıq şəkildə ifadə edib.

Onu da qeyd edək ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edəndən bu günümüzə qədər Pakistana fərqli  siyasətçilər rəhbərlik etsələr də, o cümlədən ölkənin siyasi kursu bir qədər dəyişsə də, bu dövlətin Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Birmənalı şəkildə Pakistan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizə xoş münasibət Pakistanın dəyişilməz dövlət siyasətidir və bu qardaşlığı dövlətimiz və xalqımız hər zaman hiss edib.

Pakistan Respublikası Qarabağ məsələsində də birmənalı mövqe sərgiləyərək ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə müdafiə edib. Eyni zamanda, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu, həmişə davam edəcək. Rəsmi İslamabad  beynəlxalq tribunalarda  dövlətimizlə həmrəyliyini nümayiş etdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Pakistanın Zəfər savaşı dönəmində də Azərbaycana siyasi, mənəvi dəstəyi xalqımızın  yaddaşında  əbədi qalacaq. Bu baxımdan, Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri iki dost dövlət arasında sağlam, təmənnasız münasibətlərin növbəti təsdiqi olmaqla yanaşı, gələcək inkişafın da əsasını qoymuş oldu. Keçirilən görüşlərdə səsləndirilən fikirlər onu göstərir ki, ölkəmizlə Pakistan arasındakı dostluq əlaqələri  iqtisadi və digər sahələr üzrə daha da genişlənəcək. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin dost ölkələrlə münasibətlərin inkişafı və dövlətimizin diplomatik gücünün artırılması istiqamətində həyata keçirdiyi mükəmməl xarici siyasət kursunun nəticəsi Azərbaycan üçün yeni perspektivlər açır. Türkiyə Cümhuriyyəti ilə müttəfiqlik ölkəmizi Türk dünyasında önə çıxardığı kimi, nüvə silahına malik, Şərqin güclü ölkəsi olan Pakistanla dostluq əlaqələrinin möhkəmləndirilməsi də Azərbaycana həm beynəlxalq arenada, həm də İslam aləmində xüsusi mövqe qazandırır.  

Onu da qeyd etmək lazımdır ki, Pakistan Türkiyədən sonra Azərbaycanda haqlı olaraq ən çox  sevilən ölkədir. Ən azından  adını İslam ölkəsi qoyanlardan fərqli olaraq, Pakistan müsəlmanları qətlə yetirən, məscidlərdə donuz saxlayaraq İslam etiqadını nümayişkəranə şəkildə təhqir edən erməni vandalizminə nəinki dəstək olmayıb, əksinə, haqqı və ədaləti müdafiə edən mövqeyini hər zaman ortaya qoyub, beynəlxalq hüququn, insanlığın yanında olub. Məhz dostla düşməni yaxşı ayırd edən xalqımız üçün gerçək İslam dövləti olan Pakistan Azərbaycanın hər evində, hər ocağında haqlı olaraq ürəklə sevilir. Başımızın üstündə müqəddəs Azərbaycan bayrağı ilə yanaşı, sevimli Türkiyə və əziz Pakistanın dövlət bayraqlarının da dalğalanması bu sevginin danılmaz təsdiqidir! Bir sözlə, birliyimiz bizi daha güclü  edir.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Son xəbərlər