ABŞ yenidən UNESCO-ya qoşulur

post-img

ABŞ hökuməti konkret maliyyə planı əsasında yenidən UNESCO-ya qoşulacağı ilə bağlı qərar qəbul edib.

Bu barədə UNESCO-nun Baş direktoru Odri Azulay təşkilata üzv olan 193 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda bildirib. O qeyd edib ki, Birləşmiş Ştatların bu qərarı UNESCO-ya və çoxtərəfliliyə güclü etimad aktıdır.

ABŞ Dövlət Departamenti təşkilatın Baş direktoruna ünvanlandığı məktubda Vaşinqtonun son illərdə ortaya çıxan problemlərin həll edilməsi, idarəetmənin modernləşdirilməsi və siyasi gərginliyin azaldılmasında UNESCO-nun səylərini alqışladığı qeyd olunub. Təşkilat, xüsusilə Yaxın Şərqdə konsensus tapmağa imkan verən vasitəçilik missiyalarına rəhbərlik edib. UNESCO, həmçinin süni intellektin etikası və ya okeanın qorunması kimi müasir çağırışlarla tam şəkildə mübarizə aparmağa imkan verən yeni təşəbbüslər irəli sürüb, eyni zamanda, simvolik yeni sahə kampaniyaları – İraqın köhnə Mosul şəhərinin yenidən qurulması da daxil olmaqla, bir sıra ümumbəşəri əhəmiyyəti olan layihələr həyata keçirir. Nəhayət, 2018-ci ildən həyata keçirilən inzibati islahatlar təşkilatı daha səmərəli və maliyyə cəhətdən sağlam hala gətirib.

Birləşmiş Ştatların təşkilata qayıtması ABŞ Konqresi tərəfindən 2022-ci ilin dekabrında UNESCO-ya maliyyə töhfələrinə icazə verən razılaşma ilə mümkün olub. Vaşinqton 2017-ci il oktyabrın 12-də bu təşkilatı tərk etdiyini bəyan etməzdən əvvəl, 2011-ci ildə ona maliyyə dəstəyini də dayandırmışdı. Birləşmiş Ştatlar tərəfindən təklif olunan maliyyələşdirmə planı təsdiq edilməsi üçün UNESCO-ya üzv dövlətlərinin Baş Konfransına təqdim edilməlidir. Bəzi üzv dövlətlər bununla bağlı qərar qəbul etmək üçün növbədənkənar sessiyanın tezliklə keçirilməsini xahiş ediblər.

Son xəbərlər