Mayın 17-18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Fundamental hüquqlar əbədi dəyərlər kimi” mövzusunda III Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib. Dünyanın 20 dövlətindən 700-dək nümayəndənin qatıldığı forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.
Plenar sessiyada çıxış edən ədliyyə naziri F.Məmmədov Özbəkistanda keçirilən mötəbər forumun müsbət təcrübələrin mübadiləsi və ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib.
Bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətimizin ali məqsədlərindən biri kimi bəyan edilib.
Nazir BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən olan insan hüquqlarının və qanun aliliyinin təminatında müstəqil məhkəmə hakimiyyətinin mühüm rolunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan mütərəqqi islahatlar, ədliyyə və məhkəmə fəaliyyətində rəqəmsal innovasiyaların tətbiqi, əhaliyə keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi barədə ətraflı məlumat verib.
Həmçinin yüksək texnoloji müasir məhkəmə infrastrukturunun yaradılması, “Elektron məhkəmə” sisteminin tətbiqi, hakimlərin ən şəffaf seçimi, dövlətimizin humanizm siyasəti, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, fəaliyyətin digər sahələrində də müasir texnologiyaların, o cümlədən, elektron nəzarət vasitələrinin geniş tətbiqi, “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” kimi qiymətləndirilən “ASAN xidmət”in səmərəli fəaliyyəti maraqla qarşılanıb.
Forum çərçivəsində, həmçinin Özbəkistan, Qırğızıstan, Sinqapur və digər ölkələrin ədliyyə orqanlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilərək faydalı danışıqlar aparılıb.
Səfər zamanı özbəkistanlı həmkarla Ədliyyə Nazirliyində keçirilmiş görüşdə hər iki dövlətdə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin inkişafına maraq göstərilib.
Əldə olunan razılığa əsasən Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında konkret tədbirləri nəzərdə tutan yeni Əməkdaşlıq Proqramı imzalanıb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

