Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin görüşü

post-img

Mayın 18-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Teymur Musayevin mode­ratorluğu ilə keçirilən videokonfrans Ümum­dünya Səhiyyə Assambleyasının 76-cı sessi­yası ərəfəsində Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub.

Öz çıxışında Azərbaycanın səhiyyə naziri qeyd edib ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası ərəfəsində Qo­şulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin görüşünün təşkil olması ənənə halını alıb. “Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimai səhiyyədə bey­nəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin yekunlaşdığını elan etdiyindən sonra Ümumdünya Səhiyyə Assambleyasının ilk sessiyası olacaq”, – deyə nazir vurğulayıb.

Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb. O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilmə­si üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib: “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantı­sının keçirilməsi təşəbbüsünü irəli sürdü. Zir­və toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. ÜST pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv döv­lətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.

Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirləri qeyd ediblər ki, Azərbaycanın sədrliyi dövründə təşkila­tın beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivə­sində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Onlar, həmçinin qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin tək­milləşdirilməsinin vacibliyini vurğulayıblar.

“Xalq qəzeti”

Son xəbərlər