8 may 1992-ci il… Təqvimizin qara, xalqımızın kədər, hüzn və nisgilli gününün acısını təkcə 8 mayda deyil, hər an yaşayırdıq. Tarixin həmin uğursuz günündə könül qalamız Şuşa xəyanət nəticəsində düşmənə təslim edilərək işğal olunmuşdu. Düşmənin kirli ayaqlarının tapdağı altında 28 il yad taleyi yaşayaraq inləyən Şuşa xalqımızın nisgil, dərd ünvanına çevrilmişdi.
Tarix 2023-cü il, 10 may, məkan Şuşa. Qalib xalqın qalib lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciət edir. Bu, həm də Prezident İlham Əliyevin xalqın əbədi lideri Heydər Əliyevə hesabatı idi. Qəhrəman Azərbaycan hərbçilərindən Şuşanın azad olunması raportunu alan Ali Baş Komandan elə həmin meydanda 3 il sonra xalqımızın əvəzolunmaz övladının yubiley günündə ona məruzə edrirdi. Çünki ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.
Bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, şərəfli Azərbaycan ordusu böyük Heydər Əliyevin, eləcə də xalqımızın əsas arzusunu yerinə yetirdi. Ölkə başçısı həm də xalqın ifadəsini əks etdirərək bildirdi ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri belə çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ulu öndər Heydər Əliyev keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu illərdə nankor qonşularımız səslərini qaldıra bilmirdilər. Hər zaman xalqın son ümidi olan bu dahi Azərbaycan övladı vəzifədən gedəndən sonra xalqımızın düşmənlərinə meydan açıldı. Həmin vaxt Azərbaycan rəhbərliyində təmsil olunanlar - “sapı özümüzdən olan baltalar” ömrü xalqımıza xidmətdə keçmiş Heydər Əliyevə qarşı çirkin və böhtan kampaniyası aparmaqdan belə çəkinmirdilər. Çünki Heydər Əliyev Azərbaycanı sevirdi, bizi bugünkü kimi, qüdrətli görmək istəyirdi və bunun üçün hər şey etmişdi. Unudulmaz Heydər Əliyevin xalqın önündə olmaması bizə böyük faciələr yaşatdı, çox itkilər verdik, üzüntülər yaşadıq və ən nəhayət, bütün bunlar azmış kimi torpaqlarımız işğal olundu.
Ölkəmizi bütöv görmək istəyən Heydər Əliyev böyük strateq kimi qısa zamanda ciddi addımlar ataraq ordu quruculuğu prosesini sürətləndirdi, peşəkar zabitlərdən ibarət Silahlı Qüvvələrimizin maddi-texniki bazasını, hərbi arsenalını gücləndirdi. Bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin bağlanmasına nail olan Heydər Əliyev ölkəmizin geosiyasi önəmini artırdı və Azərbaycan iqtisadiyyatının fundamental əsaslarını yaratdı.
Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə mühüm töhfələrini verən ulu öndər bu gün dünyanın diqqət mərkəzində olan “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsini qoydu. Azərbaycanı bu və digər strateji layihələrdən kənarda saxlamaq istəyənlərin niyyətini gözündə qoyan Heydər Əliyev ölkəmizi nəhəng iqtisadi mərkəzə çevirdi. Ümummilli lider tərəfindən bağlanan müqavilələr, həyata keçirilən layihələr, sürətlə artan iqtisadi qüdrətimiz xalqımızın ən ağrılı problemi olan işğala son qoymağa imkan verdi və gözəl Qarabağ azad olundu! Heydər Əliyev Vətənini sevən, onu qoruyan, xalq naminə həyatını belə təhlükəyə atmaqdan çəkinməyən lider kimi bəşəriyyətə nümunə oldu! Azərbaycanın bugünkü və gələcək inkişafı birbaşa ümummilli liderin strateji düşüncələri ilə bağlıdır.
Ümumiyyətlə, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dünya tarixində xüsusi mövqe qazanmış liderdir. Xalqın və dövlətin inkişaf yolunu məharətlə müəyyən edən ümumxalq lideri kimi ulu öndər tarixdə heç kimlə müqayisə oluna bilməyən bir zirvədədir. Məhz ruhumuzun zirvəsi Şuşadan Prezident İlham Əliyev bu həqiqətləri bildirməklə, həm Azərbaycanın dünəni haqda hesabat verib, həm də gələcək hədəfləri açıqlayıb.
Qarabağ və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyini bəyan edən ölkə başçısı Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla və orada üçrəngli bayrağımızı qaldırmaqla ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunduğunu bildirdi. Bununla yanaşı, mülki missiyamızı da şərəflə yerinə yetirəcəyimizi qeyd etdi.
Sonda deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanı şərəflə, inamla təmsil edən lider kimi vətəndaşlarımızın sevimlisinə çevrilməklə yanaşı, həm də digər ölkələrin və xalqların həsəd apardığı siyasətçi kimi diqqət mərkəzindədir.
Bu gün dünyanın siyasi prosesləri fonunda ölkəmizin diplomatik, hərbi və iqtisadi qüdrətini təmin edən dövlət rəhbəri kimi Azərbaycan Prezidenti əvəzolunmaz liderə çevrilib. Azərbaycan xalqı bu liderin fenomenal gücündən yaranan inkişafın xoşbəxtliyini yaşayır.