Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Ağstafada tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə Seymur Orucov, millət vəkili Nizami Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında müstəqil Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin muzey salonlarına baxıb, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-stendlərə tamaşa ediblər.
Mərkəzin böyük akt zalında davam edən tədbirdə dahi rəhbər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirilib.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən geniş bəhs edib. Qeyd edilib ki, ölkəmizin bütün sahələrində əldə olunan uğurların təməlini təşkil edən Ulu Öndər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirilir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirilib.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Ağstafa