Goranboyda mayın 10-da “100 ilin Qəhrəmanı” adlı konfrans keçirilib

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “100 ilin Qəhrəmanı” mövzusunda konfrans keçirildi.

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-2003-cü illər dövrünü əhatə edən siyasi fəaliyyəti barədə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Tədbir iştirakçıları konfransan əvvəl Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, sərgiyə tamaşa etmiş, sənədli filmə baxmışlar.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Goranboy















Son xəbərlər