Tbilisidə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Xarici İşlər, Mədəniyyət, İdman və Gənclər nazirliklərinin, Şahmat Federasiyasının və “SOCAR Energy Georgia” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan idmançılar iştirak ediblər.
Turnirin açılışında çıxış edən Azərbaycan səfiri Faiq Quliyev deyib ki, Gürcüstan və gürcü xalqı da tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Bu turnir də ulu öndərimizin xatirəsinə həsr olunub.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvilinin sözlərinə görə, bu cür tədbirlər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, fenomen şəxsiyyət Heydər Əliyevə olan sevgini özündə əks etdirir.
“Xalq qəzeti”