Son zamanlar süni intellekt texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrə inteqrasiya olunub. Bu gün süni intellekt texnologiyaları ilə şəkil çəkmək və ya mətnlər yazmaq xeyli asanlaşıb. Ancaq görünür ki, süni intellekt ilə bundan daha çoxunu etmək mümkün olacaq. Belə ki, “Microsoft”un həmtəsisçilərindən olan Bill Qeyts son dərəcə diqqətçəkən açıqlamalar verib. Məlumatı “cnbc.com” saytı yayıb.
Microsoft-un qurucusu San Dieqoda keçirilən sammitdə çıxış edərək deyib: “Süni intellektə əsaslanan çatbotların yaxın 18 ayda uşaqların təhsilində mühüm rol oynayacağı düşünülür. “ChatGPT” və “Google Bard” kimi xidmət çatbotları “inanılmaz axıcılığa” malikdir. Bu isə süni intellektin tezliklə müəllimlərlə eyni səviyyədə oxuma və yazma öyrədə biləcəyi deməkdir”.
Süni intellektin gücü bununla məhdudlaşmayacaq. Növbəti mərhələdə riyaziyyatın tədrisində də süni intellektdən istifadə olunacaq. Lakin riyazi hesablamalar hər zaman mürəkkəb olduğu üçün süni intellekt vasitələri xüsusi hazırlanmalı olacaq. Bu isə təxminən 2 illik bir müddət deməkdir.
Bill Qeyts süni intellektin üçüncü mərhələdə fərdi dərslər verə biləcəyini də qeyd edib. Üstəlik, bu dərs fərdi şəkildə deyil, bütün sinif şagirdləri üçün əlçatan olacaq. Lakin bunun üçün çox zaman lazım olduğu vurğulanıb. Növbəti illər süni intellektin öz bacarıqlarını nümayiş etdirməsi üçün həlledici olacaq.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”