Bu günlərdə Rusiyanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının növbəti 77-ci iclası keçirilib. İclası RF XİN başçısı Sergey Lavrov aparıb. O, “BMT Nizamnaməsinin prinsiplərini qorumaqla çoxtərəfli effektivlik” mövzusunda debatlarların açılışını edib. Nazir Baş katib Antonio Quterreşlə də görüşüb. Məlumatı AP verib.
Lavrov jurnalistlərin suallarına cavab verərkən BMT-nin hazırda yerləşdiyi Nyu-York şəhərindən köçürülməsinə müsbət münasibət bildirib: “Düşünürəm ki, bu yaxşı olardı”, – deyə nazir qeyd edib. Rusiyanın narazılığı həm də ABŞ-ın rusiyalı jurnalistlərə BMT TŞ-nin iclasını işıqlandırmaq üçün Nyu-Yorka gəlməyə viza verməməsi ilə əlaqədar olub. ABŞ-ın Moskvadakı səfirliyi əvvəlcə viza verməyə hazır olduğunu bildirsə də, sonradan Rusiya nümayəndə heyəti uçuşa başlayana qədər məsələnin həlli uzadılıb. Lavrov isə bildirib ki, “Moskva bunu unutmayacaq və bağışlamayacaq”.
RF XİN başçısı BMT baş katibi ilə görüşdən sonra bəyan edib ki, Quterreş taxıl sövdələşməsinin tam reallaşdırılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. Rusiyanın xarici işlər naziri BMT TŞ-nin iclasında çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyi genişləndirilməlidir. “Hazırda Qərb orada çox güclü şəkildə təmsil olunur. 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurası üzvlərinin sammitinin çağırılmasını təklif etdi, təəssüf ki, bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu mövzu birbaşa çoxtərəfliliklə bağlıdır və bu vəziyyətlə bağlı narahatlıqlar Cənub-Şərqi Asiya, ərəb və müsəlman dünyasından Afrika və Latın Amerikasına qədər çoxsaylı təşəbbüslərdə getdikcə daha çox eşidilir”, – Lavrov qeyd edib.
Rusiyalı diplomat ölkəsinin Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat məsələsinə də toxunub. Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyduğu vəzifələri bütün dünyaya aydın şəkildə izah edib. Məqsəd “insanları Kiyev rejimi tərəfindən məhv edilməkdən qorumaq, NATO-nun təhdidlərini aradan qaldırmaqdır”.
Nazir deyib: “Hazırkı Ukrayna hakimiyyəti 2014-cü il çevrilişinin nəticələrini qəbul etməkdən imtina edən Donbas sakinlərinin maraqlarını təmsil edə bilməz”.
Lavrov TŞ-nin 77-ci sessiyasının nümayəndələrinə müraciətində dünyadakı durumu dramatik adlandırıb: böhran vəziyyətləri artır, beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət ciddi şəkildə deqradasiyaya uğrayır, səmimi dialoq və kompromis əvəzinə təxribatlar və kobud riyakarlıqla müşayiət olunan dezinformasiya ilə qarşılaşırıq.
O deyib: “Yüksək gəlirləri yüz illərlə Asiyanın, Afrikanın və Latın Amerikasının ehtiyatları hesabına təmin olunan Qərbin – “qızıl milyard”ın maraqlarına xidmət edən birqütblü dünya modeli keçmişdə qalır. Bu gün milli maraqlarını qorumağa hazır olan suveren dövlətlərin yaranması bərabərhüquqlu, sosialyönümlü və dayanıqlı çoxqütblü arxitekturanın formalaşmasına aparır”.
Onun sözlərinə görə, Qərb birqütblü modeli dirçəltməyə çalışır, blok qarşıdurması, “bölücü xətlər” qurur, NATO-nun şərqə doğru genişləndirilməsi ilə bağlı ağılsız kurs həyata keçirir, blokun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə yaxınlaşdırır, Avroatlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin bölünməzliyini bəyan edərək, Asiya məkanını özünə tabe etmək vəzifəsini qarşıya qoyur.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken və Qərb ölkələrinin xarici işlər nazirləri Lavrovun sədrliyi ilə keçirilən iclasda iştirak etməyiblər. İclasda yalnız ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iştirak edib. Böyük Britaniya və Fransa da daimi nümayəndələr səviyyəsində iştirak edib.
Bununla belə, BƏƏ-nin dövlət naziri Xəlifə Şahin əl-Marar, Qabonun xarici işlər nazirinin müavini Erman İmmonqo, xarici işlər və regional inteqrasiya nazirinin müavini Tomas Mbomba, Kuba xarici işlər nazirinin birinci müavini Xerardo Penalver Portal iclasa qatılıblar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə özünün paylaşımında qeyd edib ki, Lavrovun Nyu-Yorka uçması dünyada ən çox izlənən video olub. Onun sözlərinə görə, Lavrovun səfərini eyni vaxtda 700 mindən çox insan izləyib. Ümumilikdə isə, uçuşa 3 milyon insan baxıb. Zaxarovanın fikrincə, bu, rekord hesab olunmalıdır.
BMT-nin Baş katibi Antonio Quterreş də böyük dövlətlər arasında gərginliyin bütün zamanlarda olduğundan yüksək həddə çatdığını bəyan edib: “Biz görünməmiş və bir-biri ilə əlaqəli böhranlarla üzləşirik. Çoxtərəfli sistem BMT-nin yaranmasından bəri ən böyük gərginlik altındadır. Böyük dövlətlər arasında gərginlik tarixi zirvəyə çatıb”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”