Formula 1 pilotları Bakı yarışının həyəcanına kökləniblər

post-img

Bakı Şəhər Halqasında dünyanın ən nüfuzlu avtomobil yarışı olan Formula 1-in başlanmasına cəmi iki gün qalır. Builki yarış “Gözlənilməzə hazır ol” şüarı ilə keçiriləcək. Çünki Azərbaycan Qran-Prisi ilin ən dramatik və gözlənilməz Formula 1 yarışlarından biri kimi tanınır. Bakı Səhər Halqasında indiyədək keçirilən 6 yarışın hamısında fərqli pilotlar fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Paytaxt trası 2016-cı ildən bu yana 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahidlik edib. Dramatik hadisələrlə yana­şı, trekdə baş vermiş qəzalar, partlayan təkərlər, eyni zamanda, bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlu­biyyətlər Bakı treki üçün xarakterikdir. 

Formula 1 Azərbaycan Qran-Prisi, həm də mövsümün ilk sprint yarışının təş­kili ilə əlamətdar olacaq. Builki sprint ya­rışı cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir. Sprint yarışları üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaratmaqla ya­naşı, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadacaq. Bu yarışlar ötmələ­rin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə təşkil edilməklə xüsusi dramatikliyi ilə yadda qalır, geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır. Sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tu­tur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü, aprelin 29-na təsadüf edəcək. 

Bütün tribuna biletlərinin satılması ölkəmizdə yeddinci dəfə keçiriləcək yarı­şa böyük maraqdan xəbər verir. Deməli builki yarışlar daha möhtəşəm və maraqlı olacaq. Bakı trasında keçirilən yarışın qlo­bal auditoriyasının xeyli genişlənməsini, bir çox ölkələrdə izləyici sayının ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artma­sını nəzərə alsaq, ölkəmizdə təşkil olunan “kral yarışlarına” marağın xeyli artdığını demək olar. Belə ki, ötən il Azərbaycan Qran-Prisini Formula 1-in rəsmi veb sə­hifəsi və mobil tətbiqi vasitəsilə 8 milyon­dan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9, 2019-cu illə müqayisədə isə 111 faiz artıb. Bakı yarı­şının sosial media (feysbuk, instaqram, tviter, yutub) izləyicilərinin sayının 116 faiz artması daha bir yüksək göstəricidir. Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran Prisinin da­vamlı keçirilməsini istəyib. Ümumilikdə sorğuya cəlb olunanların 62 faizi Bakı ya­rışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu bildirib. 

BŞH-nin baş direktoru Maqsud Fər­zullayev ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəflədiklərini deyib. Qeyd edib ki, For­mula 1 yarışının paytaxtımıza qayıtması­na son günlər qalmış əsas məqsəd hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır: “Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!”.

Artıq Formula 1 pilotları Bakı yarışının həyəcanına kökləniblər. “Aston Martin F1” komandasının rəhbəri Mayk Krak qarşıdakı Bakı uik-endinin proqramı­na şənbə sprintinin daxil olmasından bir qədər əsəbləşdiyini etiraf etsə də, onları yaxşı şounun gözlədiyini də bildirib. O qeyd edib ki, əgər Bakıda maşın ciddi zədə alarsa, onu təmir etməyə sadəcə vaxt olmayacaq. Biz sprintdən dərhal son­ra bolidlərin üstünü örtməliyik, bundan sonra əgər texnika zədələnibsə, səhər təmir işləri üçün bizim 3-4 saat vaxtımız olacaq. Yəni bütün bunlar yüksək risklərlə bir-birinə bağlıdır.

“Haas” komandasının rəhbəri Gün­ter Ştayner Formula 1 çempionatının sprint yürüşləri və yarış uik-endinin forma­tına edilən dəyişikliklər barədə fikrini bildi­rib: “Mən hər yürüş uik-endində sprintləri keçirib-keçirməyəcəyimizi bilmirəm. Ola bilər ki, bir neçə sprint də əlavə olunsun və ya uik-endlərin yarısı sprinterli olsun. Hazırda yürüşlərə tələbat bizim təsəvvür etdiyimizdən daha yüksəkdir. Biz 24-dən çox mərhələ keçirə bilmərik, lakin sprintlə­rin köməyi ilə daha çox yürüş və mübarizə əldə edə bilərik. Bəli, sadəcə olaraq, mər­hələləri ikiqat etmək mümkündür”.

“Ferrari” komandasının rəhbəri Fre­derik Vasser isə qarşıdakı Azərbaycan Qran Prisi zamanı komandasının əsas diqqəti hansı məsələlər üzərində cəmləş­dirməyi planlaşdırmasını izah edib. Bildirib ki, əsas diqqəti “Red Bull”, “Mercedes” və ya “Aston Martin” üzərində cəmləşdirmək səhv olardı: “Bakı çox mühüm mərhələ ola­caq, çünki bizi orada iki təsnifat və iki yürüş gözləyir. Komanda olaraq biz daha yaxşı fəaliyyət göstərməliyik. Bakıda trasın sxe­mi hər şeydən xeyli fərqlənir. Ən başlıcası, fikrimizi digərləri üzərində yox, öz üzərimiz­də cəmləşdirməli və ən maksimal nəticəyə nail olmalıyıq”.

Bakı yarışında qalibin kim olacağı barədə proqnozlar da maraqlıdır. Belə ki, “William Hill” bukmeker kontoru Formula 1 çempionatının Azərbaycan Qran-Prisində qələbəyə qoyulan mərclərin məzənnəsi­ni dərc edib. Bukmekerlər hazırkı dünya çempionu Maks Ferstappeni Bakıda favo­rit hesab edirlər. Onun qələbə şansı ortağı Serxio Peres ilə müqayisədə dörd dəfə­dən çox dəyərləndirilir. Cari mövsümün ilk yürüşlərində üç dəfə finiş xəttinə üçüncü çatmış Fernando Alonso reytinqdə üçün­cü yeri tutur.

Qələbəyə qoyulan mərcdə Maks Fers­tappen şəksiz favoritdir. Bukmekerlər praktik olaraq şübhə etmirlər ki, “Red Bull Racing” komandasının pilotu mövsümün yekunlarına görə üçqat dünya çempio­nu olacaq. Serxio Peresin Maksa rəqib olacağı ehtimalı bukmekerlərin fikrincə olduqca aşağıdır. Digər pilotların titul al­maq şansları demək olar ki, yalnız nəzəri cəhətdən mümkündür.

“Red Bull Racing” – Konstruktorlar kubokunda qələbəyə favoritdir. “Merce­des”in şansı “Aston Martin” və “Ferrari” komandalarından yüksək dəyərləndirilir.

Beləliklə, yarış həftəsonunda azar­keşləri Bakı trasında möhtəşəm mübarizə gözləyir. Bu mübarizəyə aprelin 28-də birinci məşqlə (13:30-14:30) start verilə­cək. Həmin günü 17:00-18:00-dək təsni­fat mərhələsi keçiriləcək. Növbəti günü ikinci məşq və ya sprint üçün təsnifat (13:30-14:30), 15:30-da isə sprint yarışla­rı olacaq. Bazar günü isə 15:00-da yürüş başlayacaq. 

Xalid KƏRİMLİ,
iqtisadçı ekspert

Dünyanın ən populyar idman növ­lərindən biri olan avtoidman, həm də ən bahalılardan sayılır. Avtoidman ya­rışlarının zirvəsi olan Formula 1 isə ən geniş auditoriyaya malik turnirlərdən­dir. Bu yarışlara, dünya əhalisinin orta və daha yüksək gəlirli təbəqəsi böyük maraq göstərir, onu canlı izləməyə üs­tünlük verir. Bu il Bakı trekində yarışı izləmək üçün paytaxtımıza əvvəlkilər­dən çox – rekord sayda xarici ölkədən azarkeş gələcək. Formula 1 zamanı əcnəbi yarış iştirakçıları və tamaşaçılar orta hesabla 1 000 -1 500 ABŞ dolla­rına qədər vəsait xərcləyirlər ki, bu da ölkə iqtisadiyyatına öz töhfəsini verir. Hesablamalara görə, Bakıda keçirilmiş ilk dörd yarış Azərbaycan iqtisadiyya­tına ümumilikdə, 500 milyon dollardan çox gəlir gətirib.

Yarışlara hazırlıqla bağlı ölkəmizin xərclərinin ildən-ilə azalmasını da xü­susi qeyd etməliyik. İlk yarışlarda inf­tastrukturun qurulması, eyni zamanda asfalt örtüyünün çəkilməsi böyük xərc tələb edirdi. Artıq yarışların yüksək sə­viyyədə təşkili üçün yalnız cari əməliy­yat xərcləri tələb olunur ki, bu da üs­tünlükdür. 

Bu kütləvi idman tədbirinin iştirak­çıları böyük avtomobil konsernləridir ki, bu da rəqabəti gərginləşdirir. Büdcələri 100 milyonlarla dollarla ölçülən “Fer­rari”, “Mersedes”, “Renault” və “Red Bull”, “Haas”, “Aston Martin” kimi avto­mobil şirkətlərinin yarışda iştirak etmə­si ona böyük maraq yaradır. 

Ölkəmizdə müasir infrastrukturun qurulması, yeni otellərin inşası, nəq­liyyat sektorundakı son yeniliklər, icti­mai-iaşə obyektlərinin miqyasının art­ması, turizm sektorunun genişlənməsi öz bəhrəsini verir. Budəfəki yarışları canlı izləyən xarici azarkeşlərin sayın­da böyük artımın olması da bu amillər­lə sıx bağlıdır. Digər tərəfdən ölkəmizə hədsiz marağın artması Formula 1 Azərbaycan Qran-Prisinin auditoriya­sına da təsirini göstərib. Ötənilki Bakı yarışının qlobal auditoriyası 60 milyona yaxın olub. 

Onu da qeyd edim ki, Formula 1-dən ölkəmizə gələn, həm birbaşa, həm də dolayı gəlirlər artır. Birbaşa gə­lirlər deyəndə, yarışlar zamanı bilet alıb gələn turistlərin biletlərə, nəqliyyat, o cümlədən təyyarəyə, eləcə də yarışlar zamanı iaşə xidmətlərindən istifadəyə və s. xərclədikləri gəlirlər nəzərdə tu­tulur. Bütün bunlardan sahibkarlarımız faydalanır. Eyni zamanda, dövlət iq­tisadi fəallığını artırır ki, bu aktivlik və xərcləmələr nəticəsində büdcəyə vergi daxil olur. 

Ümumiyyətlə, diqqət etsək görə­rik ki, Formula 1 yarışlarının təşkili ilə bağlı dünyanın ən qabaqcıl ölkələri arasında gərgin rəqabət gedir. Təbii ki, ölkələrin diqqətini cəlb edən, həm də yarışın təşkilindən əldə edilən böyük iqtisadi gəlirlərdir.

Leyla SABİRQIZI, “Xalq qəzeti”



İdman