Trampın təqsiri varmı?

post-img

Məlum olduğu kimi, aprelin 4-də ABŞ-ın sabiq prezidenti Donald Tramp məhkəmə qarşısına çıxıb. Birləşmiş Ştatlarda 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üzrə olan siyasətçi 17 illik romantik eşq macərası barədə susması müqabilində porno aktrisa Stormi Danielsə ödənişlərini gizlətmək üçün maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunub. 

Qeyd edək ki, cinayət işinin başlan­masına səbəb olan qalmaqaldan ictima­iyyət hələ 2018-ci ildə xəbər tutmuşdu. Keçmiş porno aktrisa, hazırda “paranor­mal araşdırmalar” haqqında televiziya şousunun aparıcısı Stormi Daniels (əsl adı - Stefani Klifford) jurnalistlərə 2006-cı ilin iyulunda Donald Trump ilə yatdığını söyləmişdi. 

İttiham öz yerində. Onun doğruluğu­na inanan çox az adam tapılar. Hətta, Trampın aktrisa ilə gizli eşq macarasının mövcudluğuna inananlar olsa belə, sa­biq prezidentin həbs təhlükəsinin başqa səbəblərə görə gündəmə gəldiyini vurğu­layanlar daha çoxdur. Yəni, Tramp dilinə dinclik vermirdi. Hazırkı ABŞ Administra­siyasını, o cümlədən Prezident Co Bay­deni sərt tənqid edirdi. 

Amma səbəb yalnız bu da olmaya bilər. Ümumən, Tramp xarakter baxımın­dan xeyli dərəcədə qeyri-ordinar adam­dır. İpə-sapa yatmayandır. Vaxtilə onun davranışlarına nəzərən avantüristin pre­zident kreslosunu zəbt etdiyini deyənlər var idi. Belə bir rəy heç də əbəs deyildi. Çünki sabiq prezident bütün qayda və etiketləri pozurdu. Onun Birləşmiş Ştatla­rın dərin dövlətinin konsepsiyasına zidd hərəkətlər etdiyini vurğulayanlar çoxdur. Bu mənada irəli sürülmüş ittiham o qədər də böyük sayılmamalıdır. Hərçənd əgər, sübuta yetirilsə, Trampa, nə az nə də çox, düz 136 il həbs cəzası düşür. 

Hazırda Tramp ABŞ tarixində cinayət işi açılan ilk keçmiş prezidentdir. Siyasət­çi israr edir ki, qanunsuz heç nə etməyib və siyasi təqibin qurbanıdır. Özünü “ABŞ tarixinin ən günahsız insanı” sayan sabiq dövlət başçısı yalnız qurbandırmı? Tam mümkündür ki, Tramp səs-küylü məh­kəmə prosesini öz xeyrinə çevirsin. Üstə­lik, keçmiş prezidentin cinayət təqibinin ABŞ üçün siyasi böhrana çevrilmə riski də aktualdır.

Məsələ burasındadır ki, Trampa qarşı məhkəmə prosesinin keçirildiyi binanın önünə yüzlərlə insan toplaşmışdı. On­ların sırasında həm keçmiş prezidentin tərəfdarları, həm də əleyhdarları var idi. Buradakı mitinq irimiqyaslı iğtişaşlara çevrilməsə də, hər kəsdə təəssürat var idi ki, siyasətçiyə qarşı həyata keçirilənlər absurddur. Yeri gəlmişkən, ABŞ mediası da bu absurdizmin müxtəlif tərəflərinə ki­fayət qədər geniş yer verməkdədir. 

İctimai rəy sorğularına əsasən, Do­nald Tramp ABŞ-ın Respublikaçılar Partiyası daxilindəki əsas rəqibi, Florida ştatının qubernatoru Ron DeSantisi xey­li geridə qoyur. Aprelin 1-də iki namizəd arasında fərq 26 faiz təşkil edirdi.

Görünür, hazırda Trampın gələ­cək uğuru, digər məsələlərlə yanaşı, onun cinayət işi ətrafında ajiotajı saxla­ya bilib-bilməməsindən də asılıdır. Bu baxımdan bəzi siyasi ekspertlər Donald Trampın vəkillərinin məhkəmə prosesini prezident seçkilərinə qədər uzatmağa çalışacaqlarını vurğulayırlar. Maraqlıdır ki, bununla bağlı ajiotaj onun yüksək və­zifəyə seçilməsinə maneə olmayacaq, əksinə, sabiq dövlət başçısına ciddi divi­dend qazandıracaq.

Trampın təmsil etdiyi Respublikaçılar Partiyasında isə qorxurlar ki, uzunmüd­dətli perspektivdə sabiq prezidentə qar­şı cinayət işi Amerikanın siyasi sistemi üçün ciddi nəticələr verə bilər. Bu, mənfi presedent yaradar və digər keçmiş dövlət başçıları və siyasətçilər də cinayət təqibi ilə üzləşərlər.

Ümumən, beynəlxalq siyasi dairələr­də D.Trampın söz azadlığının qurbanı ol­duğunu da bildirənlər yetərincədir. Yuxa­rıda vurğuladığımız kimi, sabiq prezident xaraktercə çılğındır və ilk baxışdan qoyu­lan bütün tabuları pozmağa meyilli kimi görünürdü. Çıxışları və səsləndirdiyi bə­yanatlar, ayrı-ayrı hadisə və proseslərə yanaşma tərzi də bundan xəbər vermək­dədir. 

R.AMİN

Son xəbərlər