Müdafiə naziri təxribatların qarşısının alınması barədə göstərişlər verib

post-img

Aprelin 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, müşavirədə nazir müa­vinləri, qoşun növü komandanları, nazir­liyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin və torpaqları­mızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir hə­yata keçirilən son əməliyyatların planlaş­dırılmasına və icrasına cəlb olunan şəx­si heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymət­ləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların ordumu­zun yüksək döyüş əzminin növbəti göstə­ricisi olduğunu qeyd edib.

Azərbaycan Ordusunun uğurlu əmə­liyyatlarını həzm edə bilməyənlər tərə­findən səsləndirilən fikirləri şərh edən Müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğula­yaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbu­ledilməz və cəfəngiyyat olduğunu bildirib.

Azərbaycan–Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonun­da mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatla­rın qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər ve­rib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən, qeyri-qanuni ermə­ni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nə­zarətdə saxlanılmalı və Azərbaycan əra­zilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsul­larının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Müdafiə naziri təhlükəsizlik qaydaları­na, eləcə də yanğın əleyhinə zəruri təd­birlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb.

Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının möv­sümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya pro­sesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb.

Şəxsi heyətin xidməti-döyüş və sosi­al-məişət şəraitinin daim yaxşılaşdırılma­sının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mü­hüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstəriş­lər verib.

Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelə­rimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər