Bakı Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır

post-img

Bu il oktyabrın 2–6-da Bakıda keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub.


Bakı konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.
Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.
Azərkosmosun sədri Saməddin Əsədov bildirib: “Ölkəmizdən bu il Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan elmi məqalələrin sayı rekord rəqəmə çatıb. Azərbaycanlı alim və gənclər tərəfindən konqresə 214 elmi məqalə təqdim olunub. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır”.
Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.


“Xalq qəzeti”

Son xəbərlər