Bir qrup xarici media nümayəndəsi Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan dinc insanların xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş media nümayəndələri Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər.
Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən uzaq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, 26 mülki şəxs həlak olub, 175 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.